14 Mart 2016 19:16
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur”

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin “İnkişaf Proqramı”nın Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Ercan Muratı qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Baş nazirin müavini Əli Həsənov Ercan Muratın ölkəmizdəki uğurlu diplomatik fəaliyyətini yüksək qiymətləndirib, ölkəmiz ilə BMT arasındakı əməkdaşlığımızın səviyyəsindən və müxtəlif əhəmiyyətli layihələrin praktiki surətdə həyata keçirilməsindən məmnunluğunu ifadə edib və diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Azərbaycan hökuməti ilə BMT agentlikləri arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin tam hüquqlu üzvü seçildiyi vurğulanıb və bir daha bildirilib ki, Azərbaycan dövləti ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüb. Bütün bunlar da istər BMT QAK-ın ali komissar, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirilib və oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirilib.

Baş nazirin müavini münaqişə nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımızla bağlı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən ümumilikdə indiyədək qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün 1 milyard manat vəsait sərf olunub. BMT-nin agentlikləri tərəfindən indiyədək Azərbaycanda humanitar və inkişaf layihələrinə 300 milyon dollar həcmində vəsait ayrılıb, ondan 110 milyon dollar BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin xətti ilə, 100 milyon dollar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin xətti ilə və qalan vəsait isə digər BMT agentlikləri tərəfindən müxtəlif humanitar və inkişaf layihələrinə sərf edilib.

Görüşdə Əli Həsənov bildirib: “Bu gün Azərbaycan Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Bu gün Azərbaycanı qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm tədbirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, “Eurovision” mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını və bu günlərdə dünyanı narahat edən çox önəmli məsələlərin müzakirə edildiyi Dördüncü Qlobal Bakı Forumunu və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar”.

Baş nazirin müavini Əli Həsənov BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiriciləri ilə görüşlərini minnətdarlıqla xatırlayıb və qeyd edib ki, BMT agentlikləri 20 il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatlar arasında ən nüfuzlu qurumlar olub.

Görüşdə həmçinin vurğulanıb ki, artıq Azərbaycan bir çox ölkələrdə müxtəlif layihələrə donorluq edir. BMT-nin İnkişaf Proqramı ilə də bu məsələ nəzərdən keçiriləcək. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.

BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər