17 Aprel 2016 01:12
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi beynəlxalq vasitəçilərin təşəbbüsünü rədd edərək Azərbaycan hərbi qulluqçusunun meyitini geri qaytarmaqdan imtina edib.



Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildiriblər.

“Aprelin 16-na keçən gecə qoşunların təmas xəttində Azərbaycan hərbi qulluqçusunun meyitinin tapılması barədə erməni tərəfinin rəsmi məlumatından sonra, meyitin geri qaytarılması prosesinin həyata keçirilməsi məqsədilə tərəfimizdən müvafiq prosedurların icrasına başlanılıb”. Komissiyadan agentliyə verilən açıqlamada belə deyilib.


Məlumatın dəqiqliyinin təsdiq edilməsi məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə qarşı tərəflə əlaqə saxlanılması üçün müraciət edilib.

Hər iki beynəlxalq qurum qarşı tərəfdəki əlaqələndiriciləri vasitəsilə məsələni tam aydınlaşdıraraq, həqiqətən də meyitin erməni tərəfinin əlində olması faktın təsdiqləyiblər.

Komissiyadan onu da qeyd ediblər ki, aparılan danışıqlardan sonra tərəflər aprelin 17-də saat 10.30-da Ağdam rayonu ərazisindəki qoşunların təmas xəttində hərbi qulluqçunun meyitinin təhvil alınması prosedurunun həyata keçirilməsinə razılaşıblar.

Bu məqsədlə, aprelin 16-da gündüz saatlarında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələri əvvəlcədən razılaşdırılaraq müəyyən edilmiş məntəqəyə gəliblər. Lakin aprelin 16-da saat 22.30 radələrində erməni tərəfi vasitəçilərlə əlaqə saxlayaraq özlərinin səhv etdiyini, meyitin Azərbaycan hərbi qulluqçusuna aid olmadığını və təhvil prosesinin keçirilməyəcəyini bildiriblər.


“Beynəlxalq humanitar hüquq normalarını riyakarcasına pozan Ermənistan tərəfi növbəti dəfə nüfuzlu beynəlxalq təşkilatları da aldatdığını, onlara qarşı saymazyanalıq nümayiş etdirdiyini, döyüş meydanında həlak olmuş hərbi qulluqçuların nəşinə belə hörmətsizliklə yanaşaraq qeyri-insani münasibət göstərdiyini və çirkin niyyətlərinin alətinə çevirdiyini bir daha nümayiş etdirdi” deyə Dövlət Komissiyasından bildirilib.


Müəllif:

Oxşar xəbərlər