Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının konfrans zalında Böyük Vətən müharibəsinin veteranları ilə görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Böyük Vətən müharibəsi veteranları 9 May Qələbə Günü münasibəti ilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrimizin şəxsi heyəti adından təbrik edilib. Sonra Qələbənin 71-ci ildönümü ilə əlaqədar veteranların mükafatlandırılması haqqında müdafiə nazirinin əmri oxunub və onlara hədiyyələr təqdim olunub.
Təşkilatın sədri, istefada olan general-mayor Dadaş Rzayev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.