31 May 2016 13:06
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt sakinlərinin istirahət üçün üz tutmaq istədiyi yerlərdən biri də Dənizkənarı Milli Parkdır. Yayda bu istəyə düşənlərin sayı daha da çox olur. Dəniz mənzərəsi, attraksionlar, yaşıllıq, dostlarla çay kefi... Burada hamının istəyi oxşardır, amma hamı əslində çox sadə olan arzusunu yerinə yetirə bilmir. Səbəb barəsində illərdir haqqında yazılan, amma tədbir görülməyən bahalıqdır.

Ölkədə ard-arda baş verən iki devalvasiya prosesindən sonra isə Milli Parkdakı ictimai-iaşə obyektlərində xidmət haqqı ötən illərdəkindən daha betər olub. İqtisadi çətinlik dönəmində ölkəyə turist cəlb etməyin vacib olduğu bir vaxtda ekspertlər Dənizkənarı Milli Park kimi əlverişli turizm məkanlarında qiymət siyasətinə yenidən baxmağı məsləhət görürlər.

Məlum olduğu kimi, iyunda Bakıda “Formula-1” yarışı da keçiriləcək. Görəsən, Milli Park rəhbərliyi ölkəyə gələcək turist axını üçün hansı tədbirlər hazırlayır? Qiymət siyasətində hansısa dəyişiklik gözlənilirmi?

Bu və digər suallarla Dənizkənarı Milli Park İdarəsinin rəis müavini Nazim Məcidova müraciət etdik.
Söhbətə “Formula-1” yarışı ilə bağlı görülən işlərdən başlayan müsahibimiz hazırlıq mərhələsinin artıq yekunlaşdığını dedi:

“Bildiyiniz kimi, yarışla əlaqədar bulvarda böyük mədəni-kütləvi tədbirlər keçiriləcək. “Formula-1” bolidləri bulvara girməsələr də, yarışla əlaqədar şou-proqram, kiçik ölçülü avtomobillərin nümayişi, onların attraksion şəklində insanlar üçün istifadəyə verilməsi planlaşdırılır.

Bulvarda yarışlara baxmaq üçün xüsusi səhnələr quraşdırılıb. Vətəndaşlar fikirləşməsinlər ki, onlar bilet almadan bulvara gəlib uzaqdan yarışları izləyə biləcəklər. Çünki yarış treki xüsusi örtüklə bağlanacaq, bileti olmayanlar yarışı izləyə bilməyəcəklər”.

Nazim Məcdiov deyir ki, bulvarda hazırlıq prosesini “Formula-1” yarışının təşkilat komitəsi aparır: “Ərazi bizim idarəyə məxsus olduğu üçün bu işdə onlara yardım edirik. Yarış başalayan müddətdə bulvarın köhnə hissəsi – Dəniz vağzalından “Azneft” meydanınadək olan hissəsi bağlanacaq. Yarış günü bulvarın köhnə hissəsi yalnız yarışlara bileti olan insanlar üçün açıq olacaq. Bu qayda həm turistlər, həm də yerli əhali üçün dəyişmir. Kimin bileti yoxdursa, bulvarın təzə hissəsində gəzə bilər. Yəni Ağ şəhər, Bayraq meydanı, Yeni bulvar ərazisində”.

Dəniz vağzalından İdman sarayına qədər 3 kilometrdən bir qədər artıq ərazi “Köhnə bulvar” adlanır. O bulvarın təxminən 106 yaşı var.

İlk bulvar ərazisi 500 metr məsafədə olub. Sovet dövründə ayrı-ayrı vaxtlarda bulvar genişləndirilərək təxminən 3 kilometrə çatdırılıb.

2012-ci ildə İdman sarayından Bayraq meydanına qədər daha iki kilometr ərazi bulvara daxil edilib ki, bu da “Yeni bulvar” adlanır. Bayraq meydanından sonra daha iki kilometrə qədər dənizkənarı hissə bulvar kimi istifadəyə verilib, həmin ərazi “Bayıl bulvarı” adlanır və Dövlət bayrağı meydanı idarəsinin ərazisi hesab olunur.

Milli Park İdarəsinin rəis müavini “Formula-1”in yüksək səviyyədə baş tutacağına əmindir: “Bulvar idarəsi indiyədək Bakıda keçirilən böyük tədbirlərdə kifayət qədər təcrübə toplayıb. İstər “Formula-1” yarışlarına, istərsə də 2017-ci ildə baş tutacaq İslam Oyunlarının keçirilməsinə tam hazırıq”.

Bir müddət əvvəl bulvara daha bir müasir attraksionun gətirilməsi planlaşdırılsa da, yarışa görə təxirə salınıb. Attraksionun iki ay əvvəl sökülən “Şeytan çarxı” attraksionunun yerində quraşdırılması nəzərdə tutulub.
Nazim Məcidov deyir ki, bulvarda istismar müddəti bitmiş, artıq səs-küylü olan, müəyyən təhlükə törədən attraksionlara vaxtaşırı müəyyən komissiya tərəfindən baxılır. Həmin attraksionlar ərazidən çıxarılır, yerinə müasir tələblərə cavab verən, yüksək texnologiya əsasında hazırlanmış attraksionlar gətirilir. Bu proses mütəmadi davam edir.

Müsahibimiz Milli Parkdakı “vandalism”dən şikayətçidir. Deyir ki, xoşagəlməz hallar bulvar ərazisində hər zaman olub və bu gün də var: “Düşünürəm ki, hələ bir müddət belə davam edəcək. Məncə, təkcə Bulvar idarəsinin əməkdaşlarının səyi və Daxili İşlər Nazirliyinin təhlükəsiz şəhər kamerası vasitəsilə belə məsələlərin qarşısını almaq mümkün deyil. Belə məsələlər zamanı ictimai qınaq olmalıdır. Mühafizəçi hər ağacı, hər kolu güdə bilməz. Məsələn, bizdə hazırda nadir bitkilərdən olan enliyarpaqlı kaktuslar var, onun yarpaqları üzərində müxtəlif yazılar, müraciətlər yazaraq bitkini zədələyirlər.

Rahat oturacaqlar quraşdırılıb. Onların üzərində bıçaqla, müxtəlif alətlərlə adlar, müxtəlif mesajlar və saytların adını yazıb oturacağı korlayırlar. Kafe və restoranlarda olan yumşaq oturacaqları kəsirlər. Bulvar ərazisində zibil qabları olmasına baxmayaraq, insanlar saqqız və siqaret kötüklərini yerə atırlar. Bunlar olmasa, daha gözəl olar, amma hələ ki belə faktlar çoxdur.

Xaricdən gələn qonaqlar çox zaman bulvara üz tutur. Belə halların şahidi olanda bu, onların ölkəmizə münasibətini dəyişə bilər. Çünki onlar nə görürlərsə o təəssüratla da ölkəmizdən gedirlər”.

Bu yerdə bulvardakı baha qiymətlərin də turistlərin son gəlişinə səbəb ola biləcəyini müsahibimizin yadına salırıq: “Fikrimcə, bulvarda qiymətlər elə də baha deyil. Qiymət baha olsaydı, bu bulvara üz tutanların sayına təsir edərdi. Hələ yay gəlməyib, indidən boş yer tapmaq olmur. Biz iqtisadi böhranın təsirlərini hiss etmirik. Gələnlərin sayı nəinki azalıb, hətta onların sayı artıb. Çayxanalarda axşam saatlarında yer olmur. Qiymət dəyişikliyi yoxdur, istər attraksionların qiymətində, istərsə də menyularda. Mürəbbələr 3-5 manat arasında, çay dəstgahı da 5-10 manatadır. Yəni müştərinin istəyindən asılı olaraq qiymətlər dəyişir”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər