Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloqçu Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, prosesdə Mehman Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şəhla Hümbətova vəsatətlər çıxış ediblər.
Onlar prosesin audio-video görüntüləri ilə keçirilməsini, müdafiə etdikləri şəxsin vəkillərinin yanında oturmasını, həbs qətimkam tədbirinin dəyişdirilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, xüsusi ittihamçı olan Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayevin məhkəmədə dindirilməsini, Mehman Hüseynovun saxlanan zaman Nəsimi rayon Polis İdarəsində olan müşahidə kameralarının məhkəməyə təqdim edilməsini, cinayət işinə xitam verilməsini, həmçinim bu təmin olunmayacağı təqdirdə işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyiblər.
Vəsatətlər təmin edilməyib. Məhkəmə baxışı aprelin 10-a təyin edilib.
Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.
O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyir.
Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.
Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.
DİN onun bu açıqlamasını təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.
Hacı Zeynalov