Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror Əlifağa Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra son sözlə çıxış edən Əlifağa Məmmədov törətdiyi əməldən peşman olduğunu deyib.
O, məhkəmədən bağışlanmasını istəyib. Təqsirləndirilən şəxs son sözünü bitirəndən sonra hakimlər müşavirəyə çıxıblar.
Müşavirədən qayıdan hakimlər Əlifağa Məmmədovun 7 il il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini barədə hökmü elan ediblər.
İttihama görə, bu il iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 1962-ci ildə Masallı rayonunda anadan olmuş Əlifağa Məmmədov idarə etdiyi BMV markalı, "90 XU 928" dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.