15 Mart 2018 13:08
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu Arif Rəhimovun cinayət işi məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Arif Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra zərərçəkmişlərin və təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Növbəti proses martın 16-da davam edəcək.

İttihama görə, ötən il sentyabrın 7-də Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub, daha sonra idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin “Opel” markalı avtomobinə çırpılıb.

Füzili Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, Arif Rəhimov və 1 sərnişin xəstəxanaya yerləşdirilib.

Arif Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xatırladaq ki, qəzanın səbəbkarı olan Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğludur. Hadisə Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər