9 İyul 2019 11:40
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə sərxoş vəziyyətdə avtomobil qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 8-də Balakən rayon polis şöbəsinin əməkdaşları rayonun Qabaqçöl qəsəbəsi ərazisində divara çırpılmış və ön hissəsi əzilmiş vəziyyətdə “Mercedes” markalı avtomobil aşkar ediblər.

Aparılan araşdırmalarla həmin avtomobilin rayonun Qullar kənd sakini Nurlan Osmanova məxsus olduğu müəyyən edilsə də, ancaq onun Balakən şəhər sakini Abdulla Qarayev tərəfindən qaçırıldığı aşkar olunub.

İlkin dindirilmə zamanı A.Qarayev hadisə zamanı sərxoş vəziyyətdə olduğunu, N.Osmanovla aralarında yaranmış mübahisə zəminində onun avtomobilini qaçırdığını bildirib.

Faktla bağlı Balakən rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

İstintaq aparılır.


Müəllif: Hacı Zeynalov