12 Sentyabr 2020 11:39
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həbs edilən Ramin Hacılı və onun tanışı Fəxrəddin Qasımovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Kamranovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 15-nə təyin olunub.

İstintaq orqanı tərəfindən Ramin Hacılı və Fəxrəddin Qasımovun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq), 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham edilib.

Qeyd edək ki, ötən il iyunun 4-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhddinin pozulmasının qarşısı alınıb.

Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

Cinayət işi üzrə 35 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Ramin Hacılı və onun tanışı Fəxrəddin Qasımovun barəsində olan cinayət işi üzrə ibtidai istintaqı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən aparılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər