Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nda direktor işləmiş İbrahim Zeynalovdan hədə-qorxu yolu ilə külli miqdarda rüşvət tələb etmələri məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən İbrahim Zeynalov bildirib ki, 2002-ci ildən 19 dekabr 2008-ci ilə kimi Prezident Administrasiyasının İşlər İdarəsinin nəzdində olan “Buzovna əkinçilik, heyvandarlıq və südçülük Savxozu”nda direktor işləyib:
“2007-ci ildə Bakı şəhərində sintetik xalça fabriki tikib, həmin xalçaların istehsalını təşkil etməyə qərar verdim. Bu məqsədlə Türkiyənin Qaziantep şəhərinə gedərək orada həmin xalçaları toxuyan dəzgahların Belçikanın “Vandavil” firması tərəfindən istehsal olunduğunu, “Vandavil” firması ilə əlaqə yaratdıqda həmin avadanlıqların dəyərinin 1.600.000 avro olduğunu öyrəndim. Firma ilə müqavilə bağladım, həmçinin firmadan mənə həmin dəzgahdan çıxan xalçaların kənarlarını toxuyan, xalçanı kəsən və digər işləri görən dəzgahları Türkiyənin “Anmak” firmasından daha ucuz ala biləcəyim bildirildiyi üçün həmin firma ilə də 550 min dollar müqabilində müqavilə bağladım.
Həmin dövrdə təxminən 3 milyon manata yaxın pulum vardı. Həmin vəsait yalnız dəzgahların alınmasına kifayət etdi, fabrikin tikilməsinə isə əlavə 3 milyon manat vəsait lazım oldu. Çatışmayan məbləği kreditlə götürməyə qərar verdim.
Təxminən 1993-1994-cü ildə tanış olub, dostluq etdiyim deputat Ziyad Səmədzadə ilə əlaqə saxladım. Ondan 3 milyon manat kredit götürməkdə mənə köməklik göstərməsini xahiş etdim. Təxminən bir aydan sonra Ziyad Səmədzadə zəng etdi və bildirdi ki, artıq 3 milyon manat kredit ayrılıb, hesabımın hansı bankda olduğunu soruşdu. Mən də “Ümid” MMC-nin hesabının “Nikoyl” bankda olduğunu bildirdim”.
İbrahim Zeynalov qeyd edib ki, 29 avqust 2007-ci ildə “Nikoyl” bankla onun arasında 3 milyon manatlıq kredit müqaviləsi bağlanıb: “Lakin bankdan həmin kreditin verilməsi üçün əmlakların girov qoyulması bildirildiyi üçün mülkiyyətimdə olan 0,26432 hektar torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən 1267 m2 olan əmlak kompleksini, Neftçala rayonunu Mirzəqurbanlı kəndində yerləşən 200 hektar torpaq sahəsini, mərhum oğlum İlkin Zeynalova məxsus Nəsimi rayonu, F.Qasımzadə küçəsində 1 mərtəbəli binada yerləşən 81,6 m2 olan qeyri-yaşayış sahəsini girov qoydum. Bundan sonra 3 milyon manat “Nikoyl” bank tərəfindən “Ümid” MMC-nin hesabına köçürüldü”.
İbrahim Zeynalov qeyd edib ki, 19 dekabr 2008-ci ildə səhər saat 10 radələrində işə getmək üçün yaşadığı mənzildən çıxmaq istəyərkən qapı döyülüb: “Qapını açanda 2-3 nəfər şəxs özlərini MTN əməkdaşları kimi təqdim etdi, məni nazirliyə apardılar. Onlardan birinin adı Nazim idi.
Həmin gün axşam saatlarında Nazim əlində kağız və pul mən olan otağa girdi. Bildirdi ki, sənin işçin Solmazı gətirmişik, buradadır, deyir, sənə 1650 manat verib, həmin pul əlimdədir. Nazim dedi ki, bu pulu sənin üzərindən aşkar etdiyimizi, sənədə pulun sənə Solmaz tərəfindən verildiyini yazmışıq, bu sənədi imzala, hər şey yaxşı olacaq.
Mən də bütün bunların Ziyad Səmədzadənin Eldar Mahmudovla birlikdə mənim başıma açdıqları oyun olduğunu, artıq tutulacağımı başa düşdüyümə görə sənədi imzaladım. Nazim məni öz iş otağının yanındakı başqa otağa apardı, səhərə kimi həmin otaqda qaldım”.
İbrahim Zeynalovun ifadəsinə görə, dekabrın 20-də axşam saatlarında barəsində toplanmış material MTN-in Baş İstintaq İdarəsinə göndərilib: "Orada barəmdə cinayət işi başlandı, dələduzluq cinayətini törətməkdə şübhəli bilindim. Növbəti gün məni MTN-in Baş İstintaq İdarəsinin şöbə rəisi Yasin Məmmədov dindirdikdən sonra Səbail rayon Məhkəməsinə apardılar. Orada barəmdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçildi”.
İbrahim Zeynalovun ifadəsinə görə, ertəsi gün Mövlam Şıxəliyev onu xidməti otağında qəbul edib:
“Mövlam Şıxəliyevin otağına məni ilk dəfə Yasin Məmmədov apardı. Görüş zamanı Mövlam Şıxəliyev məni qanunsuz işlər görməklə hədələdi və Yasin Məmmədova işimi ciddi istintaq etməyi tapşırdı. Bundan bir neçə gün sonra Yasin Məmmədov məni xidməti otağına gətizdirdi. O, sağ əlinin şəhadət barmağını göstərək “sən burada qalmalı adam deyilsən, bunu ver, çıx get evə” – deyə bildirdi.
Yasin Məmmədovun məndən 1 milyon dollar istədiyini fikirləşdim. Dedim ki, məni burax, axşama kimi pulu gətirib, sənə verim. Yasin bildirdi ki, sən, deyəsən, məni başa düşmədin, nə 1 milyon dollar? 10 milyon dollar gətir, pulu verməsən, sənə kömək edilməyəcək. Bu qədər pulu düzəltmək mümkün olmadığını, hələlik 2 milyon manat verməyimi, qalanını da azadlığa çıxandan sonra hissə-hissə verməyi təklif etsəm də, Yasin Məmmədov razılaşmadı.
Sonrakı günlərdə Yasin Məmmədov məni tez-tez otağına gətizdirdi, 10 milyon dolları verməyimi tələb etdi. Sonda vəkilim vasitəsi ilə oğlum İlqara “məndən 10 milyon dollar istəyirlər, əmlaklarımızı sat, pulu ver, burada qala bilmirəm” məzmunlu məktub yazdım. İlqar mənə “artıq evin birini satmışıq, bütün əmlakları satışa çıxarmışıq, darıxma, pul düzəldirik” deyə cavab yazdı”.
İbrahim Zeynalov deyib ki, təxminən 15 gün sonra Mövlam Şıxəliyevin otağına aparılıb: “Mövlam Şıxəliyev Yasin Məmmədovun yanında məndən mühasibim Qüdrət barədə maraqlandı. Yasin Məmmədov otaqdan çıxan kimi Mövlam Şıxəliyev Qüdrətin buraxılmasına görə Yasin Məmmədova nə qədər pul verdiyini soruşdu. Mən də Qüdrətə görə 50 min manat verildiyini bildirdim.
Bundan sonra Mövlam Şıxəliyev Qüdrəti tutmayacaqlarını və onun işinin də həllinə görə kömək edəcəyini bildirdi. Bu görüşdən təxminən 15-20 gün sonra Yasin Məmmədov məni yenə Mövlam Şıxəliyevin kabinetinə apardı. Mövlam Şıxəliyev mənimlə bir az mülayim, səmimi danışdı, Ziyad Səmədzadə ilə aramızdakı münasibəti dəqiqləşdirdi”.
İbrahim Zeynalovun sözlərinə görə, 2009-cu ilin martında Novruz bayramına 3-4 gün qalmış qardaşı Məzahim Zeynalovla MTN-in binasında görüşüb: “Məzahim də mənə “darıxma, nəyimiz var, satırıq, pulu düzəldəcəyik” dedi. Bir neçə aydan sonra məni Penitensiar Xidmətinin müalicə müəssisəsinə etap elədilər. Bir qədər orada qaldıqdan sonra 2009-cu ilin iyulunda MTN-in istintaq təcridxanasına qaytardılar. Elə həmin gün Yasin Məmmədov məni öz xidməti otağına gətizdirdi. Bildirdi ki, İlqar 8 milyon dollar verib, səni buraxıram, amma çağıranda gələrsən.
Yasin Məmmədov məni Mövlam Şıxəliyevin otağına da apardı. Mövlam Şıxəliyev səhhətimlə maraqlandı. Oğlum İlqar Zeynalovun hər şeyi həll etdiyini, lakin yaxın günlərdə Eldar Mahmudovun qəbuluna düşən kimi məruzə edib, məni buraxacağını bildirdi”.
İbrahim Zeynalovun sözlərinə görə, növbəti dəfə Mövlam Şıxəliyevlə ev dustaqlığına çıxan gün görüşüb: “Həmin gün Mövlam Şıxəliyev Yasin Məmmədovun otağına gələrək sənədlərimi tez hazırlayıb, mənim buraxılmağımı tapşırdı. Buraxılan gün Solmaz da mənimlə istintaq təcrixanasında otaqda görüşdü, mənə həmin gün buraxılacağımı deyərək təbrik etdi.
Həmin dövrdə heç bir xəstəlikdən əziyyət çəkməsəm də, Yasin Məmmədov “səni ağır xəstəliyinlə əlaqədar olaraq həbsdən azad edirəm” dedi.
Buraxıldıqdan sonra qardaşım Məzahim və oğlum İlqar Yasin Məmmədova 8 milyon dollar verdiklərini, daha dəqiqliklə həbsdən buraxılmazdan 3 gün əvvələ kimi İlqarın həmin pulu Yasin Məmmədovun tapşırığına əsasən televizor qutularında qurşadılmış vəziyyətdə MTN-in girişində onun göndərdiyi şəxslərə təhvil verdiklərini bildirdilər”.
İbrahim Zeynalov qeyd edib ki, barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib, ona məhkəmənin qərarı ilə şərti cəza verilib.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Bu cinayət işi üzrə oktyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.