Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.
Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham ediliblər.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hacı Zeynalov