12 Yanvar 2023 17:29
4 279
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Əkbərovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Müdafiə Nazirliyinin sifarişi əsasında rayonlardan birində silah-sursat anbarının tikintisi, o cümlədən, ərazinin abadlaşdırılması, mebel avadanlıqlarının quraşdırılması üçün büdcədən ayrılmış 7 milyon manatdan vəsaitin mənimsəyib.

O, həm də Tarix Muzeyində mənimsəmələrə görə ittiham edilir. Şirkət rəhbəri 2011-2017-ci illərdə silah-sursat anbarının tikintisi, orada kommunikasiya xətlərinin, mebellərin quraşdırılması zamanı öhdəliklərini tam şəkildə yerinə yetirməməkdə, qiymətləri sənədlərdə şişirtməkdə suçlanır. Həmin iş üzrə 7 milyon 353 milyon manat büdcə vəsaitinin mənimsənildiyi iddia olunur. Muzey məsələsinə gəlincə, ittihamda göstərilib ki, Üzeyir Həsənov 2018-2019-cu illərdə Əmlak Məsələləri Dövlət Xidmətinin sifarişi əsasında Tarix Muzeyinin ekspozisiyasının təkmilləşdirilməsi, işıqlandırma və yanğın siqnalizasiya sistemlərinin yenidən qurulması, təmir-bərpa işlərin aparılmasını üzərinə götürüb. Lakin öhdəliyə əməl olunmayıb. O, bu epizod üzrə 1.8 milyon manatlıq yeyintidə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.4-cü (külli miqdarda mənimsəmə və ya israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib. Məhkəmədə ifadə verən Üzeyir Həsənov özünü təqsirli bilmşyib. Onun özü də, vəkilləri də deyib ki, hərtərəfli araşdırma aparılmadan, mötəbər sübutlar olmadan həbs edilib.

Üzeyir Həsənov qeyd edib ki, niyə həbs olunduğunu bilməyib: "Maliyyə Nazirliyinin bir sənədi ilə tutublar. İstintaqda vəkillərim vəsatət verdi ki, şahidlər dindirilsin, təmin olunmadı. Mən özümü təqsirli bilmirəm. Amma çatışmayan nəsə varsa, ödəyərəm. Əmlakım varsa, həbs qoyulubsa, daha mən niyə həbs olunuram?".

Təqsirləndirilən şəxsin vəkili deyib ki, Maliyyə Nazirliyinin əməkdaşları yoxlama aparıb, bir akt tərtib edib, onun əsasında ekspertiza rəy verib və Həsənov həbs olunub.

Vəkil bildirib ki, Üzeyir Həsənov özünü təqsirli bilmir, mənimsəmə ittihamıyla razılaşmır: "Bununla belə, ödəniş eləməyə razıdır. Hesab edirik ki, bundan ötrü onu ev dustaqlığına buraxmaq lazımdır, bu məsələləri yoluna qoysun. Bu adamı kökü olmayan sübutlar əsasında həbs ediblər. Üzeyir Həsənov nüfuzlu adamdır. O, müharibə dövründə orduya öz hesabına nə qədər yardım edib, döyüş bölgəsinə avtomobillər göndərib. Yaşayış yeri məlumdur, istintaqdan yayınmaq niyyəti yoxdur".

Məhkəmə təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasını məqsədəuyğun hesab etməyib. Onun vəkillərinin daha bir istəyi isə təkrar mühasibatlıq ekspertizasının keçirilməsi olub. Bu məsələni isə hakimlər hələlik baxılmamış saxlayıb. Şirkət rəhbərinin vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsini istəyib. Deyiblər ki, jurnalistlər iştirak edir, bu məsələ ictimailəşir. Halbuki, bu işdə kommersiya sirri hesab olunan məsələlər ortaya çıxa bilər. Həmçinin dindirmələr zamanı hərbi obyektin tikintisi haqda söhbət açılar.

Hakimlər məhkəmə prosesini bütövlükdə qapalı keçirməkdən imtina edib. Vəkillərə bildirilib ki, əgər prosesin gedişində sirr hesab olunan məqamlar ortaya çıxarsa, müəyyən məhkəmə iclasları qapalı keçirilə bilər. Amma məhkəmə prosesi bütövlükdə qapalı keçirilə bilməz. Bu iş üzrə məhkəmə prosesi gələn həftə davam edəcək.


Müəllif: Hacı Zeynalov