1 Fevral 2023 10:47
5 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Mübariz Zeynalov dövlət əmlakını talamaqda ittiham olunub.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, o, pandemiya dövründə həkim və başqa tibb işçilərinə artıq maaş yazıb, əlavə vəsaiti özü mənimsəməkdə təqsirləndirilib.

İttihama görə, COVİD-li xəstələrlə işləyən tibb işçilərinin aylıq vəzifə maaşının 3 misli miqdarında əlavə nəzərdə tutulsa da, Mübariz Zeynalov cədvəldə bu rəqəmi 5 misli göstərib. Arada olan fərqi isə özü mənimsəyib.

Cinayət işinin materiallarında göstərilib ki, 13 nəfərin maaş kartına köçən 12 min 800 manatdan artıq vəsait son nəticədə Mübariz Zeynalova çatıb.

Zeynalov həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi əməllərdə ittiham olunur.

İttihama əsasən, xəstəxanada ödənişli tibbi xidmətlərin göstərilməsi nəticəsində 3444 ədəd qəbzlə kassada toplanmış ümumilikdə 53 min 800 manatı Mübariz Zeynalov götürüb. Bu vəsaitin cəmi 70 manatını xəstəxananın bank hesabına köçürüb, qalanını isə özünə saxlayıb.

Rüşvət məsələsinə gəlincə, sabiq baş həkim xəstəxananın həkim-stomotoloqundan artıq köhnəlib yararsız hala düşmüş 5 çıxışlı stomatoloji kreslonun əvəzinə yenisini almaqdan ötrü 2 min manat rüşvət almaqda ittiham olunub. Mübariz Zeynalovdan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də elə həmin stomatoloq şikayət edib.

Onun üzərinə kiçik kamera yerləşdirilib və bunun vasitəsilə sonradan Mübariz Zeynalovun iş otağında aralarında olan söhbəti gizli şəkildə lentə alıb.

Bundan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Mübariz Zeynalov həbs edilib.

İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 311.1-ci (rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2012-2019-cu illərdə Səhiyyə Nazirliyinin tabeliyində Qusar rayon mərkəzi xəstəxanasının baş həkimi, 2019-cu ilin sentyabrından həmin ilin sonunadək Səhiyyə Nazirliyinin tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru, 2020-ci ilin yanvarından şübəhli şəxs qismində tutulduğu vaxtadək TƏBİB-in tabeliyində “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.

“Məcbur etməmişəm”

Mübariz Zeynalov bildirib ki, “Qusar rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin poliklinika şöbəsinin stomatoloji kabinetinin həkim-stomatoloqu Samir 4 oktyabr 2021-ci ildə xidməti otağında ona müraciət edib və tibbi avadanlıq kimi istifadə etdiyi 5 çıxışlı stomatoloji kreslonun köhnələrək yararsız hala düşdüyünü bildirib:

“Avadanlığın yenisi ilə əvəz edilməsini xahiş etdi. Mən də etiraz etmədim. 2021-ci il üzrə maşın və avadanlıqların alınması üçün kotirovka sorğusu keçiriləcəyini, stomatoloji kabinetə tələb olunan qurğunun xəstəxana tərəfindən kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına salınmalı olduğunu bildirdim. Bunun müqabilində Samir öz istəyilə mənə əvvəlcə 3.000 manat məbləğində pul verəcəyini dedi. Mən etiraz etməsəm də, pul olmasa belə, tələb olunan qurğunu kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına yazdıra biləcəyimi qeyd etdim.

Samirdən həmin iş üçün hər hansı məbləğdə pul vəsaiti tələb etmədim. Çünki işlədiyim dövrdə xəstəxananın fəaliyyəti üçün lazım olan maşın və avadanlıqlar satınalma müsabiqəsi keçirilməklə kotirovka sorğusu və ya açıq tender vasitəsilə büdcə vəsaiti hesabına satın alınıb. Mən isə tibb müəssisəsinin rəhbəri kimi xidməti vəzifəmə uyğun olaraq zəruri maşın və avadanlıqların alınmasını təşkil etmək səlahiyyətinə malik olmuşam.

Heç vaxt xəstəxanaya malların (işlərin və xidmətlərin) satın alınması müqabilində işçilərdən pul, başqa nemət istəməmişəm. Samir mənə əvvəlcə 3.000 manat verəcəyini bildirsə də, sonradan maddi durumuna görə həmin məbləği verə bilməyəcəyini, könüllü olaraq 2.000 manat məbləğində pul verəcəyini dedi. Biz razılaşdıq. Samir qısa müddət ərzində pulu gətirəcəyini bildirdi. Lakin Samirin pulu verəcəyinə inanmamaqla yanaşı, onu buna məcbur etməmişəm”.

“Məbləği endirməyi təklif etsə də, razılıq vermədim”

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 11-də saat 14 radələrində Samir yenidən onun xidməti otağına gəlib:

“Salamlaşıb hal-əhval tutduqdan sonra istifadəsində olan stomatoloji kreslonun köhnəldiyini, praktiki cəhətdən istifadəsinin mümkün olmadığını, həmçinin pandemiya dövründə işləyə bilmədiyi üçün maddi imkanının zəif olması ilə əlaqədar vəd etdiyi məbləği azaltmaq istədiyini bildirdi. Mən isə Samirə pandemiya dövründə də işlərinin yaxşı olduğunu dedim. Daxili stasionar telefonla 133 nömrəsini yığdım, satınalma şöbəsinin müdirinə zəng edərək alınması nəzərdə tutulmuş tibbi avadanlıqların siyahısına 5 çıxışlı stomatoloji kreslonu da yazmağını tapşırdım. Samir tibbi avadanlığın sifarişi üçün özünün könüllü olaraq vəd etdiyi pulun yarısını hazırladığını, qalanını isə 2-3 gün, ən geci 1 həftə ərzində hazırlayacağını dedi.

Cibindən çıxardığı 10 ədəd 100 manatlıq kağız pul əskinasını sayaraq 1000 manatı mənə verdi. Mən isə pulu götürərək masanın üzərindəki kitablardan birinin altına qoydum. Samir avadanlığın alınmasını tezləşdirməyimi xahiş etsə də, həmin qurğunu hansı şirkətdən alacağımı qabaqcadan bilmədiyimi, ən geci 1 aya məsələnin öz həllini tapacağını bildirdim. Samir vəd etdiyi ümumi məbləği 1500 manata endirməyi təklif etsə də, razılıq vermədim. Samir sağollaşaraq otaqdan çıxdı”.

“Sövdələşməm olmayıb”

Mübarizin ifadəsinə görə, oktyabrın 19-da, saat 11-12 radələrində Samir yenidən onun xidməti otağına gəlib: "Hal-əhval tutduqdan sonra ordan-burdan söhbət etdik. Samir vəd etdiyi pulun qalanını da düzəltdiyini dedi və 1000 manatı mənə verdi. Mən isə öz növbəmdə pulu götürərək masanın üzərinə qoydum. Samir sifariş olunan stomatoloji kreslonun dişin plomblanması üçün istifadə edilən lazer, yəni şüa aparatı ilə təchiz olunub-olunmadığını soruşdu.

Mən isə bu barədə məlumatlı olmadığımı, lakin kabinetə müasir avadanlıq veriləcəyini, yəqin ki, həmin avadanlığın şüa aparatının da olacağını bildirdim. Samir sağollaşaraq otaqdan çıxdıqdan sonra aldığım 1000 manatı əynimdəki pencəyin sol döş cibinə qoydum.

İstintaq materiallarına əlavə edilmiş əməliyyat çəkilişinin video görüntülərindəki şəxslərdən biri mən, digəri, yəni üzərinə yerləşdirilmiş video qeydiyyat cihazı vasitəsilə çəkiliş aparan şəxs isə Samirdir. Çəkiliş zamanı xidməti otağımda ikimizdən başqa şəxs olmayıb. Samirdən aldığım 2000 manat məbləğində puldan xəstəxananın satınalma şöbəsinin müdirinə və ya digər şəxsə hər hansı məbləğdə pul verməmişəm. Habelə digər şəxslərlə əvvəlcədən cari məsələ ilə bağlı sövdələşməm olmayıb”.

“Bütün xərclər dövlət büdcəsindən ödənilir”

Mübarizin sözlərinə görə, xəstəxananın bölmə və şöbələrinin tibbi qurğu, avadanlıqlarla təchiz edilməsi ilə bağlı bütöv proses kotirovka sorğusu adlanır:

“Əvvəlcə bölmə və şöbələrin hansı qurğu, avadanlıqlara ehtiyacı olduğu müəyyənləşdirilir. Bundan sonra hazırlanan siyahı xəstəxananın satınalma şöbəsi tərəfindən “e-tender.gov.az” internet saytına yerləşdirilir. Sonra həmin siyahı ilə tanış olan satıcı şirkətlərin təklifləri ümumiləşdirilib və xəstəxananın tender komissiyasına təqdim olunur, komissiyanın sərfəlilik və keyfiyyətlilik prinsipləri əsasında hazırladığı təklifləri protokollaşdırılmaqla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə göndərilir.

Agentlikdə protokol təhlil olunduqdan sonra düzgün tərtib edildiyi halda qeydiyyata alınır. Bundan sonra xəstəxananın adından satıcı şirkətlə müqavilə bağlanaraq lazımi avadanlıqlar alınır, satış pulu isə dövlət büdcəsindən xəstəxananın balansına ayrılmış vəsait hesabına satıcının bank hesabına köçürülür.

Tibbi qurğu və avadanlıqların alınması ilə bağlı bütün xərclər dövlət büdcəsindən xəstəxanaya ayrılmış vəsait hesabına ödənilir. Şöbə, bölmə, digər struktur qurumların rəhbər və işçilərindən bunun müqabilində hər hansı məbləğdə rüsum tutulmur. Mən şübhəli şəxs qismində tutulanadək Samir fəaliyyət göstərdiyi stomatoloji kabinetə tibbi avadanlığın verilməsi ilə bağlı prosedurlar həyata keçirilməyib. Çünki 2021-ci il üzrə analoji proses oktyabrın 22-23-də başlanmalı olub.

Lakin Samirdən ilk dəfə 1000 manatı alan kimi dərhal satınalma şöbəsinin müdirinə stomatoloji kabinetə tələb olunan qurğunun xəstəxana tərəfindən kotirovka sorğusu əsasında alınacaq avadanlıqların siyahısına daxil edilməsini tapşırdım. Yəni real olaraq stomatoloji kabineti həmin avadanlıqla təchiz etdirmək niyyətində olmuşam”.

“Vəzifə maaşının 3 misli əvəzinə 4 və 5 misli ödənilib”

Təqsirləndirilən şəxs deyib ki, “Direktorun nümunəvi vəzifə Təlimatı”na əsasən, onun tibb müəssisəsinin işini, inzibati-təsərrüfat fəaliyyətini təşkil etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini, o cümlədən, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqini təmin etmək səlahiyyətləri olub:

“Həmin səlahiyyətlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün tibb müəssisəsinin rəhbəri kimi şöbə, bölmə və digər struktur qurumların işçilərinin əmək funksiyalarının vaxtında, tam həcmdə və keyfiyyətlə icra edilməsi üçün kotirovka sorğusu ilə yeni qurğu, avadanlıqlarla təchiz edilməsini, habelə istismar müddəti bitmiş, istifadəyə yararsız hesab edilən qurğu, avadanlıqların yenisi ilə əvəz edilməsini təşkil etmək, bu istiqamətdə görülən işlərə nəzarət etmək öhdəliyi daşımışam. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilmiş işçilərin əmək haqlarına müddətli əlavələrin ödənilməsi barədə qərar olub.

İnfeksiya ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan tibbi profilaktik tədbirləri həyata keçirən işçilər, o cümlədən qeyri-tibb işçiləri 2020-ci ilin mart-iyul ayları ərzində virusa yoluxma riski yüksək olan şəraitdə işlədiklərinə görə onlara vəzifə maaşının 3 misli əvəzinə 4 və 5 misli miqdarında müddətli əlavələr hesablanaraq ödənilib. 13 dekabr 2019-cu il tarixli müqavilə şərtlərinə əsasən, bankın Quba filialı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin tərkibində müştəri üçün hesablaşma-kassa xidmətləri göstərməyə başlayıb.

2020-ci ilin yanvarından etibarən xəstəxanada göstərilən pullu tibbi xidmətlərə görə kassa əməliyyatlarının aparılması məqsədi ilə bankın əməkdaşı xəstəxananın kassasında əyləşib. “COVID-19” infeksiyası ilə bağlı Azərbaycan Respublikası ərazisində sərt karantin rejimi tətbiq edildiyindən “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin bağlanması səbəbindən 18 iyun 2020-ci ildən bank tərəfindən xəstəxananın kassasında xidmətlərin göstərilməsi dayandırıldı.

2020-ci ilin dekabrından isə faktiki olaraq həmin xidmətlərin göstərilməsi yenidən bərpa edildi. Bankın əməkdaşı “Qusar rayon mərkəzi xəstəxanası” PHŞ-nin kassasında bank xidmətləri göstərdiyi müddətdə kassada onunla yanaşı xəstəxananın xəzinədarı da əyləşib. Bankın əməkdaşı bankın sistemində, xəstəxananın xəzinədarı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sistemində işləyib”.

“Pulu banka təhvil verib”

Baş həkim qeyd edib ki, hər hansı bir pasiyent pullu tibbi xidmətin göstərilməsi ilə əlaqədar müraciət etdikdə, əvvəlcə xəstəxananın xəzinədarı tərəfindən xəstəxananın sistemində xəstənin adına olan ödəniş təsdiq edilib: “Daha sonra bankın əməkdaşı vətəndaşdan ödənişi qəbul edib və bankın sistemində həmin məbləği xəstəxananın hesabına mədaxil edib. Aldığım pulu günün sonunadək kassadakı seyfdə saxlamışam, ödənişə uyğun olaraq vətəndaşa üzərində bankın möhürü olan qəbz verilib.

Qəbzin digər nüsxələri isə xəstəxanada və bankda qalıb. Hər günün sonunda bankın əməkdaşı işlədiyi bankın Quba filialının avtomobili, sürücüsü ilə pulu həmin banka apararaq təhvil verib. Bankın əməkdaşı hər həftə içi beş gün saat 09.00-dan saat 16.00-dək xəstəxananın kassasında xidmət göstərib. Bir müddət iş rejiminə həftənin şənbə günü günorta saatlarınadək xidmət göstərmək də daxil olub. Bankın əməkdaşı xəstəxananın kassasında xidmət göstərmədiyi günlərdə və saatlarda isə vətəndaşlar tərəfindən edilən ödənişlər xəstəxananın xəzinədarı tərəfindən qəbul edilib.

Növbəti iş günü bankın əməkdaşı işə getdikdə həmin xəzinədar tərəfindən pul vəsaiti və qəbzin bir nüsxəsi ona təhvil verilib. Bankın əməkdaşı isə həmin məbləği bankın sistemində xəstəxananın hesabına mədaxil edib, toplanan vəsaitləri banka təhvil verib”.

“Pulu otağımda mənə veriblər”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ilin iyun ayının ortalarından dekabr ayının ortalarınadək “COVID-19” pandemiyası ilə əlaqədar bank xəstəxananın kassasında xidmət göstərmədiyi müddətdə bank tərəfindən vətəndaşlardan heç bir ödəniş qəbul edilməyib:

“Pullu tibbi xidmətlərə görə toplanan məbləğlər qismən bank hesabına mədaxil edilib. Bank tərəfindən hesablaşma-kassa xidmətlərinin göstərildiyi dövrdə bankın əməkdaşının sərəncamında banka məxsus seyf olduğundan həmin əməkdaş qəbul etdiyi pulları seyfə yığıb, iş gününün sonunda özü ilə apararaq hesaba mədaxil edib. Bank tərəfindən həmin xidmətlərin göstərilməsinin müvəqqəti dayandırıldığı müddət ərzində isə kassada xəzinədar Cəlal və qeydiyyatçı Oksana əyləşərək pulları qəbul edib. Onların həmin pulları bank hesabına mədaxil edənədək təhlükəsiz şəraitdə saxlamaq üçün seyfləri, həmçinin hər iş gününün sonunda pulların etibarlı şəraitdə Quba şəhərinə aparılaraq bank hesabına mədaxil olunmasını təmin etmək üçün xəstəxananın inkassator sistemi mövcud olmayıb.

Ona görə də müəssisənin əmlakının qorunub-saxlanılmasına cavabdeh şəxs kimi kassada pulları qəbul edən şəxslərə hər iş gününün sonunda topladıqları vəsaitləri özümə təhvil vermələrini tapşırmışam. Həmin pulları otağımdakı seyfdə saxlayacağımı və mütəmadi olaraq Quba şəhərinə apararaq bank hesabına mədaxil edəcəyimi bildirmişəm. Xəzinədar və qeydiyyatçı isə tapşırıq əsasında tibbi xidmətlərin göstərilməsinə görə pasiyentlərdən qəbul etdikləri pul vəsaitlərini heç bir rəsmiləşdirmə olmadan müntəzəm surətdə xidməti otağımda mənə təhvil veriblər”.

“Diqqətsizliyə yol verdiyimi etiraf edirəm”

Mübariz qeyd edib ki, iyundan dekabradək olan müddət ərzində bu qaydada ümumilikdə 53.756 manat məbləğində pul vəsaitini hesaba mədaxil etmədən otağındakı seyfdə saxlayıb: “Lakin şəxsi ehtiyaclarıma sərf etməmişəm və yoxlamadan sonra hesaba köçürmüşəm. Pulları müntəzəm surətdə mənə təhvil vermiş Cəlal və Oksanaya həmin vəsaitləri hesaba köçürüb-köçürməməsi barədə açıqlama verməmişəm. Onlar pulların mütəmadi olaraq hesaba köçürüldüyünü zənn ediblər.

Ödənişin gecikməsinin səbəblərindən biri vaxt məhdudiyyəti baxımından Qubaya banka gedə bilməməyim olub. Pulu banka aparmaq üçün isə başqa şəxsə etibar etməmişəm. Bu məbləğin hamısını Maliyyə Nazirliyinin müvafiq yoxlamasından sonra xəstəxananın bankda olan hesabına ödəyərək, pulu uzun müddət saxlamadan tez bir zamanda hesaba ödəməli olduğumu, bununla bağlı diqqətsizliyə yol verdiyimi etiraf edirəm. “COVID-19” pandemiyası ilə əlaqədar tədbirlərdə fəal iştirak etmişəm”.

Mübariz bildirib ki, təqsiri olmasa da, dəymiş ziyanı ödəyib: “Ailə üzvlərim tərəfindən dəymiş ziyanın əlli faizi məbləğində pul dövlət büdcəsinə ödənilib”.

Zərərçəkmiş qismində tanınan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) nümayəndəsi ziyanın ödənildiyini əsas gətirərək, Mübariz Zeynalova qarşı şikayət və tələblərinin olmadığını bildirib.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mübariz 7 il müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin o, 2 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.

Qeyd edək ki, sabiq baş həkimin həbsindən sonra onun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Lakin məhkəmə hökm çıxararkən həmin əmlaklarla bağlı məsələyə toxunmayıb.

İstintaqın gedişində xəstəxanada təxminən yarım milyonluq tenderdə pozuntular aşkarlanıb. Mübariz Zeynalovun işi məhkəməyə göndəriləndə bununla əlaqədar cinayət işi ayrılıb. Həmin iş üzrə istintaq gedir. O cinayət işinin nəticəsindən asılı olaraq, əmlaklarla bağlı sonra qərar veriləcək. Hələlik isə əmlaklar üzərində həbs qalır.

Mübariz Zeynalovun adı bir neçə il öncə başqa bir cinayət işində də hallanıb. Həmin işdə o, zərərçəkmiş kimi tanınıb. İddia olunurdu ki, Mübariz Zeynalovu şəxsi həyatına aid görüntü və məlumatları yaymaqla hədələyib, ondan pul alıblar.

Həmin iş üzrə təqsirləndirilən şəxslər isə bildirirdilər ki, Mübariz Zeynalov yalan danışır, 130 min manatı şantaj müqabilində yox, Qusardan Sumqayıt Mərkəzi Xəstəxanasına baş həkim gəlmək üçün verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər