Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılov, Əmək Əhalinin Sosial Müdafisi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fəhmin Hümbətovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası noyabrın 20-nə təyin edilib.
Qeyd edək ki, bu ilin avqustun 16-da Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıb.
DGK-nın Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun qeyd edilən qanunsuz əməllərin törədilməsi üçün ona vasitəçilik edən ƏƏSMN-in tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayev və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevlə əlbir olub vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik hallarına yol verməsi, daha sonra səthi baxış keçirməklə malların gömrük nəzarətindən sürətli şəkildə buraxılmasına görə həmin şəxsdən 8 min manat məbləğində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Göstərilən faktlar üzrə başlanmış cinayət işi üzrə Məzahir İsmayılov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), Elşan Abdullayev və Ədalət Quliyev isə 32.5, 308.2, 32.5, 311.3.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda köməkçilik) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə zərərçəkmiş qismində Bakı Baş Gömrük İdarəsi tanınıb.