10 Yanvar 14:01
2 293
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan şəhərində 1989-cu il təvəllüdlü Sənan ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Rəqsanəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il fevralın 5-də baş verib.

Sənan həmin gün saat 19.20-də yaşadıqları evdə arvadının sifət nahiyəsinə yumruq zərbəsi vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Sənanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

“Uşaqlarıma anam baxırdı”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sənan ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Rəqsanə ilə 2012-ci ildə ailə qurub: “Həmin evlilikdən 2 qız, 1 oğlan övladımız var. Həyat yoldaşım riyaziyyat-informatika müəllimidir. Şərurun kəndlərindən birində orta məktəbdə işləyir. 11 ildir evli olmağımıza baxmayaraq yola getmirik.

Arvadım uşaqlarımızı döyür, onlara baxmır. Uşaqlarıma həmişə anam baxıb. Gecə uşaq bir şey istəyəndə yoldaşım “gecdir, yat, səhər yeyərsən” deyib. Acıdildir, evə gələn qohum-qonşuya pis davranıb, onları yola verməyib. Şərbazdır, babam evə gələndə ona “mənə baxır” deyə şər atıb. Kişi evdə durmayıb, çıxaraq gedib”.

“Arvadım öz-özünə söyüş söyürdü”

Təqsirləndirilən şəxs deyib ki, Rəqsanənin psixoloji problemləri var: “Birdən qışqırırdı. Ona deyirdim ki, qışqırma, qıcıqlanıram, asta danış, bir-birimizi başa düşək. Ancaq məni eşitmirdi. Arvadımın belə xasiyyətləri vardı.

Arvadımla mübahisələrim çox vaxt uşaqların üstündə olurdu. Uşaqlara əl qaldırdığından “nə üçün uşağı vurursan” deyirdim. O da mənə cavab qaytaranda mübahisəmiz düşürdü. Araya anam girirdi.

Mübahisə edəndən sonra Rəqsanə mənimlə kin saxlayırdı. Özü-özünə söyüş söyürdü, mən də ona “səni dəlixanaya aparacam” deyirdim. Bu sözümə gülürdü”.

“Özümü Əlincə qalasından atacam”

Sənanın sözlərinə görə, Rəqsanənin çənəsinin sınması ilə bağlı hadisə 2023-cü ilin fevralında baş verib: “Rəqsanə ilə mübahisə etdik. Bir-birimizlə didişdik. Sonra anam gəlib “Rəqsanə evdən qaçdı” dedi. Mən də onun ardınca düşdüm. Nə qədər desəm də, məni gözləmədi, ucadan söyüş söydü. Ucadan söyüş söyməsin, dayansın deyə onu dilə tutdum. Ancaq dayanmadı, piyada Naxçıvan qəbirstanlığının yanına gəldik.

Orada Rəqsanəni sakitləşdirmək istədim. Dedim, evə gedək. “Evə getmirəm” dedi. Onunla birlikdə 6 nömrəli maşruta mindik. Aeroportun yanında maşrutdan düşdük. Yenə də ona evə getməyi təklif elədim. Rəqsanə isə “getmirəm, gedib özümü Əlincə qalasından atacam” dedi. Onu birtəhər evə gətirdim”.

“Bacısında 200 dollar götürüb...”

Təqsirləndirilən şəxs deyib ki, evdə Rəqsanəni sakitləşdirsə də, onun susmadığını, söyüş söydüyünü görüb: “Dedim ki, sus, söyüş söymə, qonşular eşidir. O isə biabırçı vəziyyətdə ucadan qonşuları söydü. Dayana bilmədim, ona bir şillə vurdum. Dedi, elə vurdun, çənəm qırıldı. Ona inanmadım. Çünki əvvəl mübahisə edəndə də Rəqsanə artislik edir, “oram arğıyır, buram ağrıyır” deyirdi.

Həmin gün yemək yemədik. Hər şey burnumuzdan gəldi. Buna görə ac yatdıq. Səhər ayılanda Rəqsanənin yemək yediyini gördüm. Soruşdum, bəs deyirdin çənəm qırılıb, necə yemək yeyirsən? “Sağ tərəf çənəm qırılıb, sol tərəfdə yeyirəm” deyə bildirdi.

Bundan sonra Rəqsanə xəstəxanaya getdi. Xəstəxanada polislər maraqlansa da, onlara yıxılaraq çənəsi qırıldığını deyib.

Sonradan Rəqsanə bacısından 200 dollar götürdü, özünə mobil telofon və bilet alaraq Bakıya getdi. Ondan icazəsiz hara getdiyini soruşdum. Səhər saat 09.00-da zəng etdi, Bakıya çatdığını, atası ilə olduğunu söyldi. Bir həftə sonra evə qayıtdı. Bir neçə gün sonra işə gedib-gəldi”.

“Əincə qalasının yanında tapıldı”

Təqsirləndirilən şəxs bildirib ki, martın 17-də işdən gələndə anası Rəqsanənin uşaqları həyətə ötürdüyünü, bir maşının uca səsli maqnitafonla buralarda dolandığını deyib: “Səhəri bazar günü məhləyə çıxdıqda bir maşının musiqi səsini verərək getdiyini gördüm. Yaxınlaşdıqda oğlanı tanıdım. Şirvan adlı bu oğlan bir gün qabaq zəng edərək, uşağının Rəqsanənin hazırlaşdırmasını istəmişdi.

Hadisələrin üst-üstə düşməsindən şübhələndim. Ondan məhləyə gəlməsinin səbəbini soruşdum. Vüqargilə gəldiyini dedi. Vüqargilə gedib soruşdum, həmin adamı tanımadığını dedi. Oğlanı orada döydüm. Rəqsanədən həmin oğlanı soruşanda tanımadığını dedi. Vüqardan soruşanda isə “sənin bilmədiyini çox şey var” dedi. Vüqar həmin oğlanın Rəqsanə ilə telofonda danışdığını dedi.

Təkrar Rəqsanədən Şirvanı soruşanda yenə də onu tanımadığını dedi. Polisə gedərək Rəqsanəni və Şirvanı çağıtdıracağımı, biri-birlərini tanıyıb-tanımadıqlarını sorğu-sual etdirəcəyimi dedim. Sonra evdən getdim.

Bir az sonra anam zəng elədi və Rəqsanənin evdən qaçdığını bildirdi. Məhləyə qayıtdım. Qaranlıq olduğundan Rəqsanəni tapa bilmədim. Zəng etdikdə Rəqsanə özünü öldürəcəyini söylədi. Atası zəng edib qızının tapıb verməsəm, məni tutduracağını söylədi. Mən də bölməyə şikayət etdim.

Rəqsanəni Əlincə qalasının yanından tutaraq gətirdilər. Bölmədə Rəqsanə evə gəlmək istədiyini bildirdi. Mən isə qoymadım. İntihar etmək istədiyi üçün onu qəbul etmədim, atasına təhvil verdim”.

“Dörd nömrə ilə danışıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Rəqsanənin xəyanətinə görə nikahlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edib:

“Boşanmaq üçün məhkəməyə müraciət edəndə məni mediasiyaya göndərdilər. Beləcə məhkəmə prosesi uzandı. Rəqsanə də məndən şikayət etdi.

Rəqsanənin 4 əlavə nömrə ilə kimlərləsə danışması ilə əlaqədar məhkəməyə sübutlar təqdim etmişəm. Buna görə Rəqsanə izahatını dəyişib, çənəsini qırmağımla əlaqədar məndən şikayət edib. Ona bir şillə vurmuşam. Vurduğuma görə peşman olmuşam. Kaş vurmazdım. Mənim şilləmdən Rəqsanənin çənəsinin sınmasını bilməmişəm. Rəqsanə həmin vaxt dişi ağrıdığını, sonra çənəsinin sındığını deyib.

Tik-tok səhifəsində bəyənmə etdiyim üçün Rəqsanə mənimlə mübahisə edib, məni xəyanətdə ittiham edib. Lakin həmin səhifədə qadın görsənməyib”.

“Şikayət etməmişəm”

İş üzrə zərərçəkmiş Rəqsanənin sözlərinə görə, evli olduqları müddətdə əri Sənanla münasibətləri bir gün yaxşı, beş gün pis olub: “Münasibətimizin pis olmasına onun spirtli içki içməsi, evə sərxoş gəlməsi, qaynanamla aramızda anlaşılmazlıqlar səbəb olub. Sənan mütəmadi olaraq başqa-başqa insanların söhbətini ortaya atıb, mənmim həmin şəxslərlə münasibətim varmış kimi danışıb.

Bu səbəblərdən aramızda mütəmadi mübahisə yaranırdı. Sənan məni döyürdü. Təxminən 2 il əvvəl Sənan burnumu yumruqla vuraraq sındırdı. Amma ondan şikayət etmədim”.

“Günortadan axşama qədər məni döydü”

Zərərçəkmiş qeyd edib ki, Sənan sonuncu dəfə onun çənəsini yumuruqla vuraraq sındırıb: “Fevralın 5-də Sənanın telefonda başqa bir qadınla yazışdığını gördüm. Bir çox sevgi mesajları və əxlaqsız təkliflər yazıldığının şahidi oldum. Sənan həmin qadına “qızımın 12 yaşının tamam olmasını gözləyirəm, ondan sonra bir bəhanə tapıb boşanacam, həmin vaxt sən mənim yanımda olarsan" yazdığını gördüm.

Bu mesajdan sonra Sənana dedim ki, boşanmaq istəyirsənsə bəhanə axtarmağa gərək yoxdur, məhkəmədə boşanaq, mən ata evimə gedərəm, sən də həmin qadınla yaşayarsan. Sənan həmin günü demək olar ki, günortadan axşama qədər məni bir neçə dəfə döydü. Nəhayət, atamın gəlib məni aparması üçün ona zəng etmək istədim. Sənan telefonumu qırdı. Məni otağa salaraq möhkəm döydü. Yumruqla sifətimə vurdu, çənəmi sındırdı.

Üç gün məni evdən bayıra buraxmadı. Kimsəylə əlaqə saxlamağıma icazə vermədi. Sonra qaynanam məni sakitləşdirdi, bir də döyülməyimə imkan verməyəcəyini söylədi, Sənandan şikayət etməməyimi istədi. Şikayət etməyəcəyini dedim, mənim xəstəxanaya getməyimə icazə verdilər”.

“Yenidən çirkin əməllər etməyə başladı”

Rəqsanənin ifadəsinə görə, fevralın 8-də xəstəxanaya gedib: “Müayinə olunduqdan sonra sağ çənə sümüyümün sındığını bildim. Polislər gələrək məndən nə baş verdiyini soruşanda onlara yıxıldığımı dedim. Bu məsələ bağlandı.

Fevralın 10-da Bakı şəhərinə əməliyyata getdim. Əməliyyatdan sonra fevralın 17-də evə qayıtdım. Müalicəm bir ay çəkdi. Bir müddət sonra Sənan yenə çirkin əməllərini davam etməyə başladı. Özünün etdiyi hərəkətləri, danışdığı sözləri mənim üzərimə yıxıb, mənə şər-böhtan atmağa başladı.

Sənanın bu hərəkətlərindən bezdiyimə görə ondan ayrılacağımı dedim. Martın 17-də yemək üstündə mübahisələrimiz oldu. Mənim çənəmi sındırdığına görə polisə müraciət edərək balaca qızımı da götürdüm və ata evinə getdim. Aprelin 5-də polisə dəvət edildim”.

Bu cinayət işinə Naxçıvan Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sənan 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə gün ərzində saat 23.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Naxçıvan Muxtar Respublikasının ərazi hüdudlarını tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmün icrası Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər