Bacısına xəsarət yetirməkdə, anasını döyməkdə təqsirli bilinən Şəki rayon sakini, 1958-ci il təvəllüdlü Bağban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Bağban Məmmədov 29 iyul 2014-cü il tarixdə, saat 11.00-da sərxoş vəziyyətdə bacısı Zöhrə Məmmədovanın evinə gəlib.
O, həmin ərazidə olan insanların yanında bacısına nalayiq söyüşlər söyüb və bıçaqla boğaz nahiyəsinə vurub.
Hadisə nəticəsində Zöhrə Məmmədova xəsarət alıb. Bağban onun hərəkətlərinin qarşısını alan anası Əntiqə Salamovaya qarşı da fiziki zor işlədib. Anasını yumruqla vuraraq sağlamlığa yüngül xəsarət yetirib. Bu zaman araya girən Elmira Əliyevanı da vurub.
İstintaq orqanı Bağban Məmmədovu Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham edib. Cinayət işi baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilib.
Hakim Kamran Süleymanovun sədrliyi ilə keçirilən prosesdə Bağban Məmmədovun ittiham olunduğu maddə dəyişdirilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib. Məhkəmənin hökmü ilə Bağban Məmmədov 4 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib.
Təyin edilmiş cəzanın istintaq və məhkəmə zamanı həbsdə olarkən çəkildiyi nəzərə alınıb. Buna görə də məhkəmə Bağban Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib və o, məhkəmə zalından azadlığa buraxılıb.
"Atam evi bacımın adına keçirib"
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək Bağban Məmmədovun həbsini tələb edib. Prokurorluğun protesti baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Bağban Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun sözlərinə görə, 1974-cü ildə yaşadığı Şəki rayonu Baş Göynük kəndindən çıxıb və həmin ildə Şəki şəhərində, sonra bir müddət Rusiya Federasiyasında yaşayıb: "Rusiyada olanda ali təhsil almışam və ixtisasım üzrə işləmişəm. 2004-ci ildə Bakı şəhərinə köçmüşəm, Hövsan qəsəbəsində yerləşən yataqxanaya pasport qeydiyyatına düşərək orada yaşamışam. 2009-cü ildə Şəki şəhərinə qayıtmışam, təxminən 2 ay işləyəndən sonra işdən çıxmışam. Həmin vaxtdan heç yerdə işləmirəm.
Mərhum atam Mustafa sağlığında Şəki rayonu Baş Göynük kəndində yerləşən evi özəlləşdirib və razılığım olmadan bacım Zöhrənin adına keçirib".
"Bacım mənə irad tutdu"
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin iyul ayında qonşular su çəkən zaman həyətindən su borusu aparmaq üçün icazə istəyiblər: "Mən də anam Əntiqə və bacım Zöhrə ilə məsləhətləşəndən sonra su borusunun çəkilməsinə razılıq verdim. Buna görə də qonşular həmin həyətdən su çəkdilər. İyulun 28-də Zöhrə ailə üzvləri ilə gələrək həyətə baxdı və nə üçün qonşulara həyətdən su borusu aparmalarına icazə verdiyimi irad tutdu. Bu səbəbdən bacıma acıqlandım, evdən getdim".
Bağban Məmmədov qeyd edib ki, iyulun 29-da səhər evdə yemək yeyən zaman 100 qram araq içib və saat 10-11 radələrində Şəki şəhərində yaşayan Zöhrənin evinə gedib: "Zöhrənin evinin həyətində anam Əntiqə ilə söhbət edirdim. Bu zaman bacım evin birinci mərtəbəsindəki otaqdan çıxaraq bildirdi ki, sən yenə gəlmisən? Bıçaqla üstümə gəldi və bıçağı böyrümdən 2 dəfə fırlatdı. Həmin vaxt bıçaq böyrümü 2 yerdən səthi kəsdi. Bundan sonra Zöhrəni vuraraq geri itələdim, bıçaq əynimdəki köynəyi 2 yerdən paralel kəsdi. Qorxduğum üçün kənarda bir müddət dayandım. Həmin vaxt əlimdə bıçaq olmayıb".
"Babam evi bizə verib"
Bağban Məmmədov, Zöhrənin dediyi kimi onu öldürməyə çalışmadığını deyib: "Nəinki Zöhrəni öldürmək, heç ona zərər yetirmək fikrim də olmayıb. Anam Əntiqə və Elmira isə yaşlı və zəif olduqlarından Zöhrə ilə aramızda baş verdiyi iddia edilən dava-dalaş zamanı bizi ayıra bilmələri real deyil. Uzun müddət idmanın əlbəyaxa döyüş növü ilə məşğul olmuşam. Zöhrədən fiziki cəhətdən güclü olmuşam. Zöhrəni öldürmək fikrim olsaydı, bunu edə bilərdim.
Öz hayımda olduğum üçün Zöhrənin hara getdiyini bilməmişəm. Bir neçə dəqiqədən sonra Zöhrənin oğlu Mübariz gəldi. Nə istədiyimi soruşdu, kənddəki evin onlara məxsus olduğunu, evi babasının, yəni mənim atamın onlara verdiyini dedi. Mübariz əlində bıçaq tutsa da, mənə heç bir zor tətbiq etməyib və heç bir zərər yetirməyib. Mənim fikrim ancaq bıçaqda və Mübarizdə olub. Bu vaxt polis əməkdaşları gəldi və məni şöbəyə apardılar".
"Bacımı ölümlə hədələməmişəm"
Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin bıçağı polis əməkdaşları haradan və necə götürdüklərini görməyib: "Məni polis şöbəsinə gətirəndən sonra həmin bıçağın üstündə əl-barmaq izimin olub-olmamasını yoxlamaq üçün ekspertə verildi. Bıçaqda əl-barmaq izimin olmadığı aydınlaşdı. Bundan sonra əynimdə olan köynəyə baxış keçirdilər.
Polis şöbəsinə gətiriləndən sonra bacımın tutulmaması üçün ondan şikayət etmədim. Lakin sonradan həqiqəti bildirməyə məcbur oldum. Zöhrənin məni vurduğu bıçağın cinayət işində yalnız şəkilini görmüşəm. Zöhrə mənə xəsarət yetirən zaman həyətdə təkcə anam Əntiqə Salamova olub, həmin vaxt Zöhrəni heç kim ayırmayıb. Məni vurandan sonra bacım kənara çəkilib. Həmin vaxt onunla tutaşmamışam və onu bıçaqla vurmamışam. Bacımı ölümlə də hədələməmişəm".
"Bacım anamla danışmağıma belə razı deyildi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəl Zöhrənin ev telefonuna zəng edib, oğlu Mübariz və əri Məsimlə Baş Göynük kəndində yerləşən ata evi ilə bağlı söhbətləri olub: "Hadisədən əvvəl Zöhrə ilə heç bir danışığım olmayıb. Zəng edəndə dəstəyi Zöhrə götürüb və səsimi tanıyanda dəstəyi yerinə qoyub. Hətta anamla danışmağıma da imkan verməyib.
Bütün bunlara baxmayaraq, həmin gün yaranmış hadisələrə səbəb kimi Zöhrənin evinə getməyimə peşmanam. Mənim səhhətim yaxşı deyil, daimi müalicə alıram. Himayəmdə 12 yaşında bir uşağım var. Bunların nəzərə alınmasını xahiş edirəm".
"Bacım ata yurduma sahib çıxıb"
Bağban Məmmədov qeyd edib ki, bacısının şər-böhtanı nəticəsində barəsində cinayət işi başlanıb: "Zöhrə qanunsuz olaraq ata yurduma sahib çıxıb, indi də "yolundan götürmək" üçün azadlıqdan məhrum edilməyimə nail olmaq istəyir.
Sözügedən hadisə zamanı bacımgilə anama baş çəkmək üçün getmişəm, orada bacımla aramızda, sadəcə, mübahisə olub. Zöhrəni vurmamışam, heç bir nalayiq hərəkət etməmişəm, Zöhrəyə bıçaqla xəsarət yetirməyim barədə ittiham yalan və əsassızdır. Verilmiş apelyasiya protestinin təmin edilməməsini xahiş edirəm".
"Qardaşıma dedim ki, ailə də qurarsan, həmin evdə də yaşayarsan"
Zərərçəkmiş Zöhrə Məmmədovanın sözlərinə görə, qardaşı Bağban Məmmədov ailə qurandan sonra uzun müddət Bakı şəhərində yaşayıb: "Bağban ailəsindən ayrılandan sonra Bakı şəhərində və Şəki şəhərində olan evlərini satıb və pulunu xərcləyib. Mərhum atam Mustafa sağlığında uzun müddət xəstə olub, gözləri tutulduğu üçün atam Mustafanı və anam Əntiqəni yaşadığım evə gətirmişəm. Öz evimdə valideyinlərimə baxmışam.
Atam vəfatından əvvəl Bağbanın ata evini də sataraq pulunu xərcləyəcəyini bildirdi, Baş Göynük kəndindəki evi adıma keçirdi, həmin evin satılmasına imkan verməməsini məndən xahiş etdi. Bağban bunan sonra Baş Göynük kəndində olan ata evində yaşadı.
Son vaxtlar Bağban Şəki şəhərində evimin olduğunu, özünün isə evsiz qaldığını, kənddəki ata evini onun adına sənədləşdirməsini, evi sataraq Şəki şəhərində özünə ev almaq və ailə qurmaq istədiyini deyirdi. Mərhum atamın vəsiyyətini yerinə yetirərək Bağbana ata evinin satılmayacağını bildirdim. Qardaşıma dedim ki, ailə qurarsan, həmin evdə də yaşayarsan".
Zərərçəkmiş qeyd edib ki, qəbir üstə Quran oxutmaq üçün əri Məsimlə Baş Göynük kəndinə gedib: "Həmin gün Bağban zəng etdi, kənddəki evin həyətinə su çəkmək üçün 120 manat pul lazım olduğunu dedi. Mən də qəbir üstündən qayıdan zaman ata evinə getdim və Bağbana 150 manat verdim. Həmin vaxt qonşular su çəkən zaman atamın evinin həyətini qazıb-tökdüklərini gördüm. Oraya gəlmiş qonşulara həyətdə bir iş görəndə mənə məlumat vermək lazım olduğunu irad tutdum".
Zöhrə Məmmədova bildirib ki, bundan sonra ata evindən çıxaraq öz evinə gəlib.
O, qeyd edib ki, iyulun 29-da Bakıdan gəlmiş qonağı Elmira Əliyeva ilə birlikdə paytaxtda getmək istəyib. Bu zaman qardaşı onun evinə gəlib və dava-dalaş salıb. Dava zamanı qardaşı bıçaqla onun boğaz nahiyəsindən xəsarət yetirib: "Bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Prokurorluğun protesti ilə razıyam, qardaşımın cəzasının ağırlaşdırılmasını istəyirəm".
Tərəfləri dinləyən hakim heyəti sonda prokurorluğun protestini təmin ediblər və Şəki Rayon Məhkəməsinin hökmünü ləğv ediblər.
Yeni hökmə əsasən, Bağban Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və 2 il 7 ay 11 gün müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə Bağban Məmmədov məhkəmə zalındaca həbs olunub.
Hacı Zeynalov