25 Oktyabr 2016 12:26
1 328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nobel komitəsi bənzərsiz vəziyyətlə üz-üzə qalıb. Səbəb Ədəbiyyat üzrə sonuncu laureat Bob Dilanın müəmmalı davranışıdır.

Laureatın adı oktyabrın 13-də açıqlansa da, 75 yaşlı musiqiçi inadla susmaqda davam edir. Əvvəlcə onun rəsmi saytında laureat olması barədə qısa xəbər yerləşdirildi, sonra çıxarıldı. Nobel komitəsi katibliyinin Dilanla əlaqə qurmaq cəhdləri nəticəsiz qalıb. Onun mükafatı qəbul edib-etməyəcəyi, dekabrın 10-da təqdimata gəlib-gəlməyəcəyi böyük bir sual altındadır.

Dilanın bu susqunluğuna şərhlər çeşidliliyi ilə fərqlənir. Kimsə Ədəbiyyat laureatı olan musiqiçinin utandığını (yəni, layiq deyil) söyləyirsə, başqaları onun bu hərəkətsizliyini şıltaqlıq adlandırır. Öz konsertlərində də Bob Dilan mükafat almağına heç bir şərh vermir. Sanki bununla üstüörtülü şəkildə mükafatdan imtinasını ortaya qoyur.

Nobel komitəsinin təşvişini də anlamaq olar. Stokholmda baş verənləri “bənzərsiz insident” adlandırırlar.

Beləliklə, Bob Dilan əgər sadəcə şıltaqlıq etmirsə və davranışının əsasında ciddi səbəblər durursa, onda o, Nobel mükafatından imtina edən növbəti laureat ola bilər. Belələri isə elə də çox deyil.

***

Nobeldən imtina edənlər arasında yalnız yazıçılar yox, başqa sahənin adamları da var. Məsələn, 3 alman alimi - 1938-ci ildə Rixard Kun, 1939-cu ildə isə Adolf Butenandt və Herxard Domaqk tibb sahəsində Nobel mükafatından imtina etdilər. Onların hər üçü öz sahəsinin nüfuzlu nümayəndələri idi: Domaqk protontozil preparatının kəşfinə, Kun vitaminlərin tədqiqinə, Butenandt isə cinsi hormonların öyrənilməsinə görə mükafata layiq görülmüşdülər. Ancaq 1937-ci ilin yanvarında nasist lider Adolf Hitler almanlara Nobel mükafatını götürməyi qadağan edən fərman imzalamışdı (Səbəb - 1936-cı ildə mükafatın antifaşist şair Karl fon Osetskiyə verilməsi. Həmin vaxt fon Osetski artıq həbs düşərgəsindəydi və elə orada da vəfat edəsiydi). Qəribə odur ki, 1939-cu ildə Hitlerin da namizədliyi bir İsveç parlamentarisi tərəfindən Nobel Sülh mükafatına irəli sürülmüşdü.

Nobel mükafatından imtina edən daha bir şəxs - Vyetnam generalı Li Dık Txo idi. 1973-cü ildə o, mükafatı ABŞ Dövlət katibi Henri Kissincerlə yarı bölməliydi. Onların xidməti kimi Vyetnam müharibəsinə son qoyan danışıqlar göstərilirdi. Li Dık Txo öz imtinasını danışıqlara baxmayaraq müharibənin hələ də davam etməsi ilə izah edirdi (Doğrudan da, müharibə 1975-ci ilə qədər davam etdi və yalnız kommunist ordunun Sayqonu azad etməsi ilə bitdi).

O ki qaldı Ədəbiyyat sahəsinə, mükafatdan imtina edənlər siyahısında Lev Tolstoy, Boris Pasternak və Jan-Pol Sartrın adları var. Pasternakın 1957-ci ildə mükafatdan imtinası Sovet rəsmi dairələrinin təzyiqi ilə bağlıydı. Tolstoy isə mükafatdan birbaşa yox, dolayısı yolla imtina etmişdi. Belə ki, 1906-cı ildə adının növbəti dəfə namizədlər cərgəsində olduğunu öyrənən 78 yaşlı yazıçı oktyabrın 8-də fin yazıçısı Arivid Yarnefeldə məktub yazaraq isveçli həmkarlarına müraciət etməsini xahiş edir. Bu yolla o, İsveç Akademiyasının üzvlərini mükafatı ona verməkdən vaz keçməsini istəyirdi. Nəticədə həmin il mükafatı italyan şairi Cozue Karduççi aldı.

Tolstoyun imtinası sırf pulla bağlıydı. Onun sözlərinə görə, alacağı pulu düzgün bölüşdürmək problemli işdir, belə ki, “Bütün pullar kimi onlar da şərə səbəb ola bilər”.

***

Öz imtinasını ən müfəssəl əsaslandıran isə Jan-Pol Sartr olur. Mükafat ona 1964-cü ildə verilir. Və oktyabrın 23-də Sartr Parisdə İsveç jurnalistləri üçün açıqlama verərək mükafatı niyə götürməyəcəyini açıqlayır. Həmin açıqlama sonralar “Mən niyə mükafatdan imtina etdim” adı altında çap olunur.

Sartr öz açıqlamasına bu cümlə ilə başlayır: “Təəssüf edirəm ki, bu iş qalmaqal formasını aldı: mükafat təqdim olunub, ancaq ondan imtina edirlər”. Oktyabrın 15-də Sartr qəzetlərdən birində İsveç Akademiysının üstünlüyü onun namizədliyinə verməyə meyilli olduğu, ancaq yekun nəticənin hələlik məlum olmadığı xəbərini oxuyanda məktub yollayaraq onları bu addımdan çəkindirmək istədiyini söyləyir. Sartr fikirləşir ki, o özü razı deyilsə, mükafat da ona verilməyəcək, yəni laureatın rəyinin nəzərə alınmayacağından xəbərsiz olur. Həmin məktubunda o, mükafatı almaq istəməməyinin iki əsas səbəbini də açıqlayır. Səbəblərin biri şəxsi, digəri isə obyektivdir.

Şəxsi səbəblərdən danışarkən Sartr deyir: “Mən həmişə rəsmi fərqləndirmə işarələrindən uzaq qaçmışam. 1945-ci ildə mənə Fəxri legion ordenini təklif edəndə imtina etmişəm, baxmayaraq ki, hökumətin tərkibində dostlarım vardı”.

Sartr deyir: “Həmin mövqeyimin əsasında mənim yazıçının əməyinə dair təsəvvürlərim dayanır. Siyasi, sosial, yaxud mədəni sahədə müəyyən mövqeyə sahib olan yazıçı yalnız özünə məxsus olan vasitələrlə, yəni, Sözlə hərəkət etməlidir. Fərqləndirici işarələri isə mən arzuolunmaz sayıram. “Jan-Pol Sartr” imzası ilə “Nobel mükafatı laureatı Jan-Pol Sartr” imzası arasında fərq var”.

Sartr misala müraciət edir. Məsələn, Venesuela partizanlarını müdafiə etməyi onun şəxsi işidir və əgər partizanlara simpatiyanı “Nobel mükafatı laureatı Sartr” ortaya qoyursa, bununla o, Nobel mükafatı institutunu da öz mövqeyinə şərik etmiş olur. “Yazıçı özünü instituta çevirməyə imkan verməməlidir”, - yazıçı deyir.

O ki qaldı obyektiv səbəblərə, Sartr mədəni cəbhədə yeganə mümkün mübarizə forması kimi şərq və qərb mədəniyyətlərinin birgə dinc yaşamasını göstərir və əlavə edir: “Bu iki mədəniyyətlər arasındakı ziddiyyəti mən dərindən hiss edirəm: özüm də o ziddiyyətlərin məhsuluyam. Mənim simpatiyam sosializmə və şərq blokuna doğru yönəlib, halbuki burjua ailəsində tərbiyə almışam. Bu, mənə iki mədəniyyətin yaxınlaşmasını istəyən hamı ilə əməkdaşlıq imkanı verir. Ancaq, inanıram ki, yaxşı, yəni sosializm qalib gələcək”.

Yazıçı buradan öz nəticəsini çıxarır: “Ona görə də istər şərq, istərsə də qərb ali mədəniyyət instansiyasından hər hansı mükafat qəbul etməyi istəmirəm. Simpatiyamın sosializm tərəfdə olmasına baxmayaraq, əgər kimsə təqdim etsə mən Lenin mükafatından da imtina edərəm”.

Sartra görə, Nobel mükafatı ya Qərb yazıçıları, ya da Şərq “qiyamçı”ları üçün nəzərdə tutulub. Bir sözlə, o, Qiyamın əhlilləşdirilməsi üsullarından biridir. Sartr adlar çəkir. Məsələn, kommunist Nerudaya mükafat verilməyib (Neruda Nobel mükafatını 1971-ci ildə alacaqdı - Red.), yaxud Lui Araqonun namizədliyi ciddi müzakirə olunmur. Sartr mükafatın Pasternaka verilməsini də “təəssüfedici fakt” adlandırır. Çünki Nobel mükafatı alan yeganə Sovet əsəri kimi məhz xaricdə çap olunan əsər seçilib (Onun fikrincə, mükafata Pasternak yox, Şoloxov layiq idi).

Bu səbəbləri sadaladıqdan sonra Sartr çıxışının mətndə “Azadlıq və pul” adlanan hissəsinə keçir.

“İsveç Akademiyasının motivləri sırasında Azadlıqdan da danışılır: bu sözün çoxlu yozumları var. Qərbdə onu ümumiyyətlə azadlıq kimi başa düşürlər. O ki qaldı mənə, Azadlığı daha konkret planda anlayıram: bir cütdən daha çox çəkməyə malik olmaq və öz iştahana uyğun qidalanmaq hüququ. Mükafatdan imtina etmək mənim üçün onu qəbul etməkdən daha az təhlükəlidir. Onu qəbul etsəydim, “itkilərin obyektiv ödənişi”nə getmiş olardım. “Fiqaro litterer” qəzetində oxudum ki, “mübahisəli siyasi keçmişim günah sayılmayacaq”... Halbuki o keçmiş mənim üçün yenə qüvvədədir”.

Sartr pul mükafatına da münasibət bildirir. O, 250 min kronu aparteid əleyhinə London komitəsinə vermək, ya da puldan imtina edərək ehtiyacı olan həmin təşkilatı yardımsız qoymaq kimi alternativdən danışır, ancaq sonunda bildirir: ”Bu, aldadıcı alternativdir. Puldan imtina edirəm, çünki rəsmən istər şərq, istərsə də qərb blokuna təhkim olunmağımı istəmirəm. 250 min krona görə təkcə özümün yox, həm də yoldaşlarımın inandığı prinsiplərdən imtina etməyimi məndən tələb etmək olmaz”.

Beləliklə, Sartr yetərincə müfəssəl formada öz imtinasını əsaslandırır və mükafatı götürmür. Bu il Bob Dilan da Sartrın jestini təkrarlayacaqmı? O, iki həftədir susur. Susmaq isə heç də imtina yox, vur-tut şou elementi ola bilər...


Müəllif: Məmməd Süleymanov