Bildiyimiz kimi, 8 Mart Dünya Qadınlar Günüdür. Bu gün biz qadınlardan danışır, yazırıq. Mənim bu gün yazdığım yazı bir nənə ilə bağlıdır. Hər bir qadının qısqanacağı, həsəd aparacağı qədər zərif, ağıllı, dörd nəvəyə sahib, xoşbəxt bir qadının uğur hekayəsini sizinlə bölüşmək səbəbim - vicdanımın səsini dinləyərək, həmcinsim olan bir xanımın əzminə bəslədiyim hörmət və onun Şərq dünyasında bir ilkə imza ataraq, tarixə keçməsindən duyduğum məmnunluqdur.
Üç uşaqlı bir ana olduğum üçün övlad böyütməyin necə məsuliyyətli iş olduğunu bilərək yazıram. 20 yaşlarımda valideynlərimdən, ailəmdən uzaqda karyeraya başladığım üçün qürbətdə mənimlə eyni yolu gələnlərin yaşadıqlarını çox yaxşı bilirəm.
Diqqət mərkəzində olmaq, vicdansızcasına tənqidlərə məruz qalmaq nədir, uğurlu qadınlara qadın olduqları üçün böhtan atanların istifadə etdikləri vicdansız üsullar hansılardır - bunları çox yaxşı bilirəm.
Bütün bunlara şərəflə sinə gərməyi bacarmaq necə böyük iradə tələb edir, bunu da bilirəm.
Özünü dost kimi göstərənlərin tikanlarını, başqasının uğurlarından narahat olanların qurduqları tələləri yaxşı bilirəm.
Bütün bunları yaşayan biri kimi, uğurlu qadın olmasına görə xoşbəxt olduğum, sizin də yaxşı tanıdığınız bir xanım əfəndidən yazacağam...
Əvvəlcədən bildirim ki, 30 ilə yaxındır Türkiyədə yaşayıram və istər elmi ictimaiyyətdə, istər normal həyatda həmişə qadınları müvəffəqiyyətə təşviq edən, uğurlu qadınların varlığından daim xoşbəxt olan biriyəm. Bu yazını qələmə almağım qadınlara olan pozitiv ayrı-seçkiliyimdən qaynaqlanır.
20 yaşında ilk körpəsini qucağına götürəndə gənc ana olmaqla yanaşı, birinciliklə bitirdiyi liseydən sonra universitet təhsilini tibb fakültəsində davam etdirən şagird idi Mehriban.
O, şərqşünaslıq üzrə professor olan anası, fizika professoru atası, Azərbaycanın məşhur yazıçısı olan babası Mir Cəlal Paşayev, Bakı Dövlət Universitetinin professoru olan digər babası Nəsir İmanquliyev tərəfindən çox sevilən, amma heç vaxt qürrələnməyən intizamlı bir övlad idi.
Əmisi uzun illər Azərbaycanın Amerikadakı səfiri olmuş Prof.Dr. Hafiz Paşayev şəxsən mənə hələ o vaxtlar qardaşı qızının çox ağıllı olduğundan qürurla danışardı.
Bəli, anladınız, 8 Mart Dünya Qadınlar Günü yazısının qəhrəmanı Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevadır.
Biz onun ilmə-ilmə hördüyü uğur hekayəsini yaxından öyrənməyə davam edək.
Tibb Universitetini Moskvada birinciliklə bitirəndə iki qız anası idi və ixtisas olaraq eynilə rəhmətlik qayınanası Zərifə xanım kimi göz xəstəlikləri bölümünü seçdi. Həmin illərdə onunla birlikdə çalışan rus həkimlər Mehriban xanımın həkimliyi ilə yanaşı, insani xüsusiyyətlərindən də hörmətlə söz açırlar. Görmə məhdudiyyətli xəstələrin hər birini üçüncü mərtəbədən aşağı mərtəbəyə öz əlləri ilə düşürməsindən duyğulanaraq danışırlar.
Rəhmətlik Heydər Əliyevin yeganə gəlinini çox sevməsi ailə albomundakı fotoşəkillərdən aydın görünür.
Onlar evlənəndə İlham Əliyevin 21, Mehriban Paşayevanın 19 yaşı var idi və 1996-cı ildə ailəyə iki qızdan sonra üçüncü uşaq gəldi, balaca Heydər...
Rusiyanın ən nüfuzlu universitetlərindən olan Beynəlxalq Əlaqələr universitetini bitirən İlham Əliyevin siyasi tarix üzrə doktorluq dərəcəsi aldığını çoxumuz bilmirik. Eynilə Mehriban Əliyevanın göz həkimi olmasından əlavə, fəlsəfə doktoru olmasını bilmədiyimiz kimi.
Rəhmətlik Heydər Əliyevin ömrü, eləcə də onunla birlikdə yaşamaq bir siyasət məktəbi idi və gənc Əliyevlər də bu məktəbi müvəffəqiyyətlə öyrəndilər.
İlham Əliyev Azərbaycan siyasətinə qədəm qoyduğu gündən etibarən yoldaşı Mehriban xanım da onunla birlikdə bu səhnədə yer aldı, xalqın dərdinə dərman olmaq üçün çalışdı. Dövlət başçısı olan yoldaşına xarici səfərlərdə yoldaşlıq etməklə kifayətlənmədi, beynəlxalq arenada Azərbaycan mədəniyyətinin tanıdılması, Qarabağ həqiqətlərinin təbliği üçün bezmədən, yorulmadan fəaliyyət göstərdi.
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri olaraq çox fəal çalışan Mehriban Əliyeva 10 ildən çox millət vəkili vəzifəsini yerinə yetirib. Bundan başqa, BMT, Fransa, Rusiya, Macarıstan, Polşa, Pakistan, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla, 20-dən çox ölkə və təşkilatlardan dövlət mükafatı alan Mehriban Əliyevanın ən əhəmiyyətli xidmətlərindən biri milli mədəniyyət və milli tariximizlə bağlı işləri ilə beynəlxalq arenada Azərbaycanı uğurla tanıtması olub.
Torpaqlarının 20 faizi erməni işğalı altında olan bir ölkədə birinci xanım olmaq dərdləri, ağrıları birinci dərəcədən boynuna götürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, qadın, ana olaraq onların dərdlərini bölüşmək deməkdir.
İllərdir Heydər Əliyevin adını daşıyan fonda başçılıq edən Mehriban xanım onlar üçün dayanmadan çalışır. O, ağrılı analarla göz yaşı tökür, xəstə insanlara humanist münasibəti ilə dərman olmağa cəhd edir, amma gücünü ən çox köməyə möhtac olan uşaqlara və gənclərə ayırır.
2007-ci ildə Dünya Səhiyyə Təşkilatı uşaq sağlamlığı və analarla bağlı beynəlxalq miqyasda gördüyü xeyriyyə işlərinə görə Mehriban Əliyevaya "Qızıl Ürək" mükafatı verib.
Evsizlərə ev, işsizlərə iş tapmaq üçün işinə ara vermədən çalışan zərif, amma polad kimi iradəyə sahib qızıl ürəkli qadındır Mehriban xanım.
Üç övladı, biri uşaq evindən götürülən dörd nəvəsi olan nənədir Mehriban xanım.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin həyat yoldaşı və ən yaxın iş ortağıdır.
Milli mənəvi dəyərlərimizlə müasir mədəniyyəti özündə ən gözəl şəkildə cəmləşdirən bir obrazdır bütün Qərb və Şərq dünyası üçün...
Rus, ingilis, fransız dillərində mükəmməl danışan, on ildən çoxdur uğurla icra etdiyi siyasi partiyanın sədr müavini vəzifəsi və millət vəkilliyi ilə yanaşı, dünyada həm ağlı, həm müvəffəqiyyətləri, həm də qadın kimi öz tərzi ilə önə çıxan siyasi fiqur olan Mehriban Əliyevanın gördüyü işlərin rəsmiləşməsidir onun bu yaxınlarda Azərbaycanın I vitse-presidenti təyin olunması. Bu qərar olduqca mühümdür.
33 ildir buraxmadığı o əli, əziz həyat yoldaşının əlini möhkəm sıxan zərif barmaqların sahibi eyni zamanda bacarıqlı ev xanımıdır, bişirib-düşürməyi sevən, xəmir yoğuran, dolma bükən anadır, nənədir.
Fəaliyyətləri ilə könüllərdə taxt quran o gözəl, zərif qadının yeni vəzifəyə təyin olunmasından dərhal sonra xalqına etdiyi təşəkkür çıxışında əminliklə sərf etdiyi bir ifadə vardı: “Bacaracağam”.
Bütün Şərq dünyasında, islam coğrafiyasında ilk Demokratik Respublikanı quran, ilk operaya, ilk teatra sahib olan, 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququ verən Can Azərbaycan daha bir ilkdə imza atdı qadın vitse-prezident seçməklə. Buna görə xoşbəxt və qürurluyuq.
Bacaracaq, əminəm, Mehriban Əliyeva həmişə bacarıb, ona verilən bu mövqe hədiyyə deyil, öz biləyinin haqqıdır. Ona bu haqqını verən və dedi-qodu mahiyyətində olan müzakirələrə əsl kişi kimi, dik dayanaraq sinə gərən Azərbaycan Prezidenti Hörmətli Əliyevə bütün qadınlar adından təşəkkür edirik.
Mehriban xanımın vitse-prezident təyin olunması biz qadınlara ən böyük Dünya Qadınlar Günü hədiyyəsi oldu.
Dünyada daha çox qadın rəhbər görmək arzusu ilə günümüz mübarək!
Vacib qeyd:
Mən həyatımda Mehriban Əliyevanı bircə dəfə yaxından görmüşəm, o da Azərbaycan Türkiyə prezidentlərinin şərəfinə Türkiyədə təşkil olunmuş mərasimdə. Amma Yenidənqurmadan sonra xarici təhsil üçün daxil olduğum imtahanda (təəssüf ki, dünyasını erkən dəyişən) rəhmətlik anası Prof.Dr. Aida İmanquliyeva Şərq Ölkələri tarixi imtahanında münsif üzvü kimi mənə ən yüksək balı yazaraq, "bacaracaqsan" demiş və müəllimim olaraq xeyir-dua vermişdi.
Bacardım, Türkiyə tarixində ilk dəfə burada doğulmayan biri olaraq, rektorluğa qədər yüksəldim.
Aida müəlliməmi rəhmətlə xatırlayıram və inanıram ki, onun da ruhu "bacaracağam" deyən övladına görə şaddır.
Allah bizim idealımız olan bütün mərhum qadınlarımıza rəhmət etsin, analarımız başda olmaqla.
Qadının uğurundan xoşbəxt olan gözəl və ağıllı bir qadın - super nənə üçün yazılmış və səmimiyyət dolu qadın duyğularımı özündə cəmləşdirən yazıma bütün xanımlara xoşbəxt sonluq diləyərək son verirəm.