“Radikalların” erməni lobbisi ilə həmrəylik aksiyaları
“Radikal” müxalifət düşərgəsində qarşıdurma var. Özünü “Demokratik qüvvələrin Milli Şurası” elan etmiş qurumla “Real” Partiyası arasında əsl duel yaşanır. Səbəb, Azərbaycanın Avropa İttifaqı ilə imzalamalı olduğu “Strateji saziş”ə yönəlik münasibətdir. Onlarasında “Strateji saziş”in imzalanmasına dəstək verib-verməməklə bağlı fikir ayrılığı var.
Avropa Parlamenti keçən il qəbul etdiyi qətnamədə tövsiyyə edib ki, Azərbaycan “Strateji saziş”in izalanması üçün ölkədə “Avropa dəyərləri”nin tətbiq edilməsi yolunda addımlarını sürətləndirməlidir. Əks təqdirdə, Aİ bi sazişi imzalamaqdan imtina edə bilər. Azərbaycan tərəfi isə “Avropa dəyərlərinin tətbiqi yolunda addımları” xalqın rifah halının yüksəldilməsi kontekstində fasiləsiz olaraq atdığını, bunun üçün məcburiyyət motivli şərtlər qoyulmasına zərurət olmadığını bəyan edib. İsbatı olaraq 2019-cu ilin ilk üç ayı ərzində icra edilən islahatlar paketini, humanitar aksiyaları nümunə göstərib. Göstərilən arqument əsaslı olduğundan, qarşı tərəfdən qəbul edilib, “Strateji saziş”in imzalanması tarixi, prinsipial olaraq razılaşdırılıb, 2019-cu ilin ilk yarısına, təqribən may ayına təyin edilib.
Aİ rəhbərliyi Azərbaycan tərəfindən irəli sürülən arqumentləri təsadüfən qəbul etməyib, bunun üçün ictimai rəy öyrənilib. Müxtəlif icmalarla keçirilən sorğularda Azərbaycan ictimai mühitinin təmsilçiləri “Strateji saziş”in imzalanmasının hər iki tərəf üçün faydalı olduğunu qeyd ediblər, Azərbaycandakı durumun bu sazişin imzalanması üçün adekvat olduğunu əsaslandırıblar. Rəyi soruşulanlar sırasında, təbii ki, müxalifət təmsilçiləri, o cümlədən, “radikal düşərgə” nümayəndələri də var. “Real” Partiyasının sədri İlqar Məmmədovun ölkədəki son islahatlar dalğasını əsas tutaraq, sazişin imzalanmasının tərəfdar olduğunu bildirməsi isə onu və partiyasını əqidədaşlarının hədəfinə çevrib. İlqar Məmmədovun mövqeyi belədir ki, özündə Avropa dəyərlərini ehtiva edən indiki islahatlar paketi əsas tutularaq, Strateji saziş birinci mərhələdə imzalanmalıdır. İkinci mərhələdə isə Avropa Parlamenti onu təsdiqləməlidir. Əgər Azərbaycan hakimiyyəti ikinci mərhələdə təsdiqlənməyə qədər islahatlar prosesini davam etdirməsə, yəni Aİ-nin şərtlərini tam yerinə yetirməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Milli Şura isə hətta “Real” tərəfdən səslənən güzəştlə də razılaşmır, “təkid edir ki, öncə islahatlar paketi tam gerçəkləşdirilməli, bundan sonra sazişin imzalanmasına razılıq ifadə edilməlidir.
Baş verənləri sadə fikir ayrılığı, yaxud, müxalifətin “Strateji saziş” faktından yararlanıb əlavə güzəştlər qoparmaq istəyi kimi də şərh etmək olardı. Necə ki, 2000 və 2001-ci illərdə, Azərbaycanın Avropa Şurasına üzvlüyü ərəfəsində analoji addımları olmuşdu. Amma, indi durum fərqlidir. Müxtəlif maraq mərkəzləri ilə sinxronlaşdırılmış hərəkətləri deməyə əsas verir ki, “radikal düşərgənin” indiki davranışları xırda maraqların təmin edilməsi üçün sərgilənən kapriz deyil, Azərbaycanla Aİ arasında “Strateji saziş”i gerçəkdən pozmağa qalxmış böyük bir şəbəkə ilə həmrəylik aksiyasıdır. Sazişin imzalanmasının qarşısını almaq üçün hərəkətə keçən şəbəkənin tərkibi isə çox genişdir…
“Strateji saziş” imzalanarsa…
Aprelin 11-də Strasburqda AŞPA-nın Yaz Sessiyasında “Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya” adlı qətnamə qəbul edilib. Qətnamədə müxtəlif dövlətlərin qüsurları simvolik şəkildə göstərilsə də, əsas vurğu Azərbaycanın üzərində qoyulub, bu mənada, anti-Azərbaycan qətnamə kimi dəyərləndirilib. Qətnamə mətninin müəlliflərindən biri, Hollandiyalı deputat Mart van de Vendir sənədin zəruriliyini əsaslandırmaq üçün deyib ki, “Avropa Şurası “Azərbaycan landromatı” məruzəsində əks olunmuş faktlardan narahat olub, bu qətnaməni qəbul edib”. Hansı ki, “Azərbaycan landromatı” oyunu aylar öncə ortaya atılmış, onun əsassızlığı da tutarlı faktlarla isbat edilmişdi.
Qısa xatırlatma verək ki, “Transparency İnternational” (Tİ) təşkilatı yanvarın 29-da dərc etdiyi 2018-ci il üzrə Korrupsiya İndeksində Azərbaycanı gözlənilmədən ötən illərlə müqayisədə birdən-birə 32 pillə geri atmışdı. Təşkilat bu “gözlənilməz qərarını” “Azərbaycan landromatı” hesabatı ilə əlaqələndirmişdi. Tİ 2018-ci il üzrə Korrupsiya İndeksini hazırlayarkən, “bəzi rəqəmlərdə” “Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi”-nə (OCCRP) istinad etdiyini göstəmişdi. Amma sənədin müqayisəli təhlili nəticəsində ortaya çıxmışdı ki, Tİ OCCRP hesabatına “bəzi məqamlarda istinad” etməmiş,öz hesabatını çox simvolik dəyişikliklərlə, demək olar ki, OCCRP-dən köçürmüşdü. Həmin dövrdə aparılan araşdırmalar isbat etmişdi ki, OCCRP-in yaradıcısı və birbaşa maliyyəçisi, “Transparency İnternational” (Tİ) –ın isə əsas maliyyəçisi Corc Soros və onun Fondudur, “Azərbaycan landromatı” hesabatı da birbaşa Corc Soros Fondunun sifarişi ilə, qondarma əsaslarla hazırlanıb, mərhələlərlə müxtəlif təşkilatların gündəminə çıxarılıb. Əvvəlcə OCCRP, sonra “Transparency İnternational”, indi isə AŞPA səviyyəsinə qaldırılıb. “Azərbaycan landromatı” hesabatının qondarma olduğunun isbatlandığı bir vaxtda AŞPA-nın həmən hesabata istinad edib, aprelin 11-də qətnamə qəbul etməsi isə, bu qurumun da şər şəbəkələri əlində alətə çevrildiyinin göstəricisidir. Çox aydın şəkildə görünür ki, anti-Azərbaycan şəbəkə bu yolla azərbaycan hakimiyyətini qıcıqlandırmaq, ölkədə anti-Avropa ritorikasını gücləndirmək, nəticədə Aİ ilə Strateji sazişin imzalanmasını təxirə saldırmaq istəyirlər.
Anti-Azərbaycan qətnamənin qəbul edilməsi üçün zaman da təsadüfən seçilməyib. Aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib ki, Azərbaycanla imzalanması gözlənilən “Strateji saziş” çox yaxın zamanda reallaşdırılacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Brüsseldə, Azərbaycan-Avropa ittifaqı Əməkdaşlıq Şurasının iclasının yekunu üzrə mətbuat konfransında deyib ki, sazişin 90 faizi artıq razılaşdırılıb, sənəd tezliklə imzalanacaq. Eyni fikirləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han da təsdiqləyib. O, aprelin 4-də bəyan edib ki, Azərbaycan-Avropa İttifaqı arasında saziş üzrə danışıqlar mayın ortalarınadək başa çata bilər.
Sazişin imzalanacağı günün yaxınlaşması isə, bu sazişin imzalanmasına qarşı olan şəbəkələri hərəkətə gətirib. Şəbəkənin tərkibində Corc Sorosdan başlamış erməni lobbisinə, Cənubi Qafqaz üzərində planlar quran güc mərkəzlərinə, böyük dövlətlərə, həmçinin, onların ölkə içində bəslədikləri “5-ci kolona” qədər hər kəs var. Ölkə içində “5-ci kolon” missiyasını yerinə yetirən “radikal düşərgə”nin aktivləşməsi, təşkil edə bilməsə də, hər gün mitinqlər elan olunması, sabitliyin pozulmasına cəhd göstərilməsi, daxili qarşıdurmaların intensivləşməsi də bununla bağlıdır. Hər şey sazişin imzalanmasını əngəlləmək üçün qurulub.
Cənab Federika Moqerini elan edib ki, imzalanacaq saziş həm Azərbaycan vətəndaşları, həm də Azərbaycan dövləti üçün çox faydalı olacaq. Aİ və Azərbaycan rəsmiləri həmən “faydanın” detalları barədə bilgi verməsələr də, siyasi çevrələrdən gələn bilgilər təqribi təsəvvür formalaşdıra bilir. Qeyd edilir ki, sazişin imzalanması ilə Aİ-Azərbaycan arasında sosial-iqtisadi, ticari, mədəni əməkdaşlığın güclənməsi yalnız işin bir tərəfidir. Əsas gözlənti, Azərbaycanın geopolitik oriyentasiyası mövzusunda beynəlxalq güc mərkəzləri arasında gedən mübahisələrin səngiməsi, bu mübahisələr fonunda ölkəmizə qarşı yönəlik təzyiqlərə son verilməsidir. Bundan ən çox narahat olanlar isə, beynəlxalq erməni lobbisi və onların havadarlarıdırlar. “Strateji saziş”in imzalanması erməni lobbisinin son iki ildə icr etdiyi layihəni, Nikol Paşinyanın üzərində qurulmuş şousunu iflasa uğradır. Erməni təbliğatı son iki ildə öz avantajı kimi elan edir ki, “Ermənistan inqilab yolu keçib, demokratikləşib və nəhayət, Avropa ilə saziş imzalayıb”. Azərbaycan isə Aİ ilə Strateji sazişi heç bir təlatüm, rəngli inqilab yaşamadan imzalaya bilir və Ermənistanı küncə sıxa bilir. Bunun qarşısını almaq üçün “düymə basılıb”, şəbəkə hərəkətə keçib.
Tarixi təcrübə
Təcrübə göstərir ki, Azərbaycan taleyüklü hadisələr dönəmində, ölkəyə, millətə fayda gətirəcək istənilən fəaliyyət ərəfəsində bu cür hallarla rastlaşır. Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik dönəmində, BMT-nin Təhlükəsizlik Şurasına rəhbərlik etmək ərəfəsində, 2012-ci ilin Avroviziya müsuqi yarışması zamanında, I Bakı Avropa Oyunları dönəmində analoji hadisələr yaşanıb: “radikal” müxalifət canlanıb, Avropaya şikayətlərin sayı artıb, peyk QHT-lər onlara dəstək verib, Corc Sorosdan başlamış erməni lobbisinə qədər hər kəs hərəkətə keçib, Avropa Parlamentinin, AŞPA-nın qətnamələri ortaya çıxıb. İndi də Azərbaycan Aİ ilə Strateji saziş imzalamaq ərəfəsindədir. Şəbəkə də iş başındadır.