15 Avqust 2015 21:59
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yazıçılarının, siyasətçilərinin, tanınmışlarının əksəriyyətinin memuarlarını oxumuşam. Bu sıraya Ömər Faiq Nemanzadədən Əliağa Şıxlınskiyə, Əhməd Ağaoğlundan Leyla Bədirbəyliyə qədər müxtəlif şəxslər daxildir.

Həm Sovet dönəmində yazılan, həm də mühacirətdəki həmyerlilərimizin yazdıqları tarixi və həyat hekayələrini öyrənmək baxımından xüsusi marağımı cəlb edib. Bu marağımı daha da irəlilədərək ötən il "Hədəf" nəşriyyatı ilə birlikdə "Xatirə ədəbiyyatı" seriyasına start verdik və çap olunan ilk 7 memuarın redaktoru və ön söz müəllifi oldum. Hazırda bu layihə çərçivəsində 15 kitab çap olunub.

Azərbaycan yazıçılarının bəzilərinin xatirələri Sovet dönəmində yazıldığı üçün, siyasi proseslərin ya üzərindən keçilib, ya da ki təbliğata uyğun olaraq verilib. Məsələn, Abdulla Şaiqin, Əliağa Şıxlınskinin Müsavat hökuməti ilə bağlı yazdıqları (və ya üçüncü bir əlin əlavə etdikləri) bu gün bəzi oxuculara qəribə gəlsə də, dönəmin ictimai-siyasi mühitini bilənlər üçün hər hansı bir təəccüblü şey yoxdur.

Mənim üçün daha önəmli, daim axtarışda olduğum xatirələr mühacirlərimizlə bağlı olanlardır. Hazırda paralel olaraq Əziz Alpoudun "Həyatımın hekayətləri" və Mehmet Altunbayın "Azadlığa uçan ilk türk" xatirə kitablarını oxuyuram. Xüsusilə, Əziz bəyin kitabı 1900-cü illərin əvvəllərindən tutmuş 60-cı illərə qədər geniş bir dövrü əhatə edir, Cümhuriyyət, mühacirətlə bağlı maraqlı məqamlar var. Mehmet Altunbay isə SSRİ zülmündən təyyarəsi ilə birlikdə sərhədi keçən ilk azərbaycanlı olduğu üçün onun həm bu hadisə ilə bağlı, həmçinin Gəncə üsyanı ilə bağlı yazdıqları maraq doğurur.

Təəssüf ki, Sovet dönəmindən sonra memuar yazmaq ənənəsi bir qədər zəiflədi. Halbuki, müstəqillik illərində xatirələri yazmaq daha asandır. Hələlik ömrünün müəyyən hissəsi Sovet dönəmində keçən yazıçılardan Əlisa Nicatın, İsa Muğannanın xatirələrini oxumuşam.

Siyasilər arasında isə yalnız Ayaz Mütəllibovun bir neçə kitabına rast gəlmişəm.

Əlbəttə, siyasətçilərin memuar yazması bir qədər çətindir. Çünki məxfi görüşlər, edilən səhvlər o kitablarda yer almır. Daha çox özlərini müsbət yönümdən göstərməyə çalışılır. Lakin buna rəğmən, siyasətçilərin yazacaqları çox şeylər vardır. Məsələn, gələn il ABŞ-da prezidentliyə namizəd olacaq Hillari Klintonun keçən il çap olunan memuarı geniş maraq doğurmuşdu. Eləcə də, dünyanın ən məşhur Qərb siyasətçilərinin, demək olar ki, əksəriyyəti memuarını yazıb. Çünki bunlar tarix üçün vacibdir.

Memuar yazıb çap etməyənlər arasında ən çox təəssüfləndiyim şəxs isə bu yaxınlarda aramızdan ayrılan diplomat, politoloq Vəfa Quluzadədir..


Müəllif: Dilqəm Əhməd