20 May 23:05
1 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya parlamentinin sədri Dayqa Mierinyanın Azərbaycana səfərinə Füzuli və Şuşadan başlaması təqdir olunmalıdır. Azərbaycana təşrif buyuran qonaqlar adətən Bakı görüşlərini yekunlaşdırdıqdan sonra Qarabağa gedirlər. Latviyalı qonaq fərqli yol seçib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Latviyalı spiker bildirib ki, Qarabağda quruculuq işləri ilə tanış olub və bu kimi səfərlərin təşkili Azərbaycan həqiqətlərinin daha çox tanınmasına şərait yaradır. Dayqa Mierinya iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq kimi qiymətləndirib.

Məqalədə qeyd olunur ki, Qarabağa səfərində latviyalı spikeri müşayiət edən Milli Məclisin sədr müavini Adil Əliyev qonaqlara bölgə haqda kifayət qədər məlumat verib:

“Latviya parlamentinin sədri Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra latviyalı iş adamlarının Şuşada quruculuq işlərinə cəlb olunması mövzusunda danışıqlar aparıldığını açıqlayıb. Bu proses genişlənib. Qarabağda quruculuq işlərində iştirak etmək istəyən dövlətlərin sayı artıb. Qarabağda əlini daşın altına qoymaq istəyən dövlətlər bu yolla Azərbaycanla tərəfdaşlıq əlaqələrini gücləndirmiş olurlar.

Latviya Baltik ölkələri içərisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən əsas ölkədir. Doğrudur, işğal dövründə Latviya parlamentinin ayrı-ayrı deputatları qanunsuz olaraq Qarabağda olublar, üstəgəl, Latviya parlamentinin 2021-ci ildə “erməni soyqırımı”nı tanıması Türkiyə ilə yanaşı Azərbaycanda da mənfi qarşılanıb, amma buna baxmayaraq, Latviya Litva və Estoniyadan fərqli olaraq, Ermənistanın işğalçılıq siyasətinə dəstək verməyib. Məsələn, iki il əvvəl Litva və Estoniya Xarici İşlər Nazirlikləri Qarabağ separatçılarına dəstək verən açıqlama vermişdilər. Latviya qonşularına qoşulmamışdı.

Latviyanın Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək istəyi Litva və Estoniyanı anti-Azərbaycan mövqeyindən çəkindirməlidir. Latviya parlamentinin sədri Azərbaycanı ərazi bütövlüyü və suverenliyini bərpa etməsini dəstəkləyibsə, Estoniya və Litvanın fərqli siyasət yürütməsinin mənası yoxdur. Bu siyasət Litva və Estoniyanın Cənubi Qafqazdakı maraqlarına ziddir. Fransanın getdiyi yol digərlərinə də dərs olmalıdır.

Fransa Ermənistan üzərindən anti-Azərbaycan siyasəti ilə Cənubi Qafqazda möhkəmlənmək istədi, alınmadı. İtirən Fransa oldu. Bu mənada, Litva və Estoniya iki seçimdən birinə üstünlük verməldir. Fransa yolu onları Cənubi Qafqazdan uzaqlaşdıracaq, Latviya yolu isə Azərbaycanla tərəfdaşlıq üzərindən bölgənin geosiyasi imkanlarından faydalanmalarına imkan verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər