14 İyul 2016 14:29

“Nabat” bədii filmi Yaponiyanın Xirosima şəhərində nümayiş olunacaq.

Teleqraf.com xəbər verir ki, film Xirosima faciəsinin 71-ci ildönümü ilə əlaqədar 6-12 avqust tarixlərində Yaponiyada keçirilən festivalda nümayiş olunacaq.

“Müharibə və sülh” adlı xüsusi beynəlxalq film proqramına müxtəlif illərdə ayrı-ayrı ölkələrdə istehsal olunmuş altı film dəvət alıb. Bu şərəfə layiq görülən filmlər arasında Elçin Musaoğlunun “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi Qarabağ müharibəsi mövzusunu əks etdirən “Nabat” da var.

Film ingilis və yapon altyazıları ilə təqdim olunacaq.

Ekran işində baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırır.

Beynəlxalq premyerası Venesiya beynəlxalq kinofestivalında baş tutan “Nabat” bugünə kimi 30-dək xarici festivalda iştirak edib, on iki mükafata layiq görülüb.

Nərmin


Müəllif: