24 Aprel 2014 18:25

Bütün dünyada səbirsizliklə gözlənilən “Yeni Hörümçək-adam: Yüksək gərginlik” 3D filmi Bakı kinoteatrlarında nümayiş olunacaq.

“28 Cinema” və Nizami Kino Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, film geniş ekranlara aprel ayının 24-dən etibarən çıxacaq.

Məlumat üçün bildirək ki, film ABŞ istehsalıdır. Hörümçək Adam cildinə girmiş Piter Parker yenə dünyanı pis adamlardan xilas etməkdədir. Bununla yanaşı boş vaxtını sevdiyi qız Qven ilə keçirir. Amma məktəb həyatı sona çatmaqdadır və onlar müstəqil həyatın astanasındadır. Piter Qvenin atasına verdiyi sözü də unutmayıb. Qvenin həyatının təhlükəyə atmamaq üçün onu həmişəlik tərk etməlidir, amma bu sözü tutmaq o qədər də asan deyil. Taleh Piterə yeni sürprizlər hazırlamaqdadır: onun yoluna yeni düşmən-Elektro çıxır, və qarşısına çıxan köhnə tanışı Qarri Ozborndan ailəsinin keçmişi haqqında maraqlı şeylər öyrənir.

Rejissor Mark Uebbin ekşn, fantezi, məcəra janrında ekranlaşdırdığı filmdə baş qəhrəmanın obrazını Endrü Qarfild canlandırıb. Bundan başqa rejissor filmin musiqisi üçün “Oskar” mükafatı qazanmış bəstəkar Hans Zimmerə yeni bir qrupun yaratmasını xahiş edib.

Qeyd edək ki, film Nizami Kino Mərkəzində türk və rus dillərində nümayiş olunacaq.

Nərmin


Müəllif: