27 Fevral 2015 15:14
564

Ötən gün Akademik Milli Dram Teatrında Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində H.Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış "Xəcalət" tamaşası nümayiş olunub. 2002-ci ildə "Xocalı" faciəsinin 10-cu ildönümü münasibətilə qələmə alınan pyes 2006-cı ildə Akademik Milli Dram Teatrında rejissor Bəhram Osmanov tərəfindən tamaşaya hazırlanıb.

Tamaşada xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar Artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Xədicə Novruzlu çıxış edirlər.

Akademik Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərovdan aldığımız məlumata görə, teatr xaricdə daha çox məhz "Xəcalət"lə təmsil olunub. "Milli teatrımız sənətkarlıq ənənələrinin təbliği ilə yanaşı, Qarabağ müharibəsi, müasir dünyanın ən ağrılı mövzusu olan qaçqınlıq problemi barədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına çalışır. Və bu tamaşa ilə yaradıcı kollektivimiz Ukrayna Teatr Xadimləri İttifaqının diplomuna, Krım şəhəri başçısının təşəkkür diplomuna, ayrıca Nika mükafatına layiq görülüb. Xalqımızın taleyüklü məsələlərinin beynəlxalq aləmə, çatdırılması istiqamətində atılan mühüm addım kimi dəyərləndirilən "Xəcalət" tamaşasında Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının əzəli yurd yerlərimizi işğal etməsi, soydaşlarımızı qırğınlara məruz qoyması bədii obrazlar vasitəsilə, yüksək bədii-estetik keyfiyyətlə canlandırılıb. Bunun nəticəsidir ki, uzun müddət repertuarda qalan "Xəcalət" tamaşası həm teatr ictimaiyyəti, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır və səhnə həyatını uğurla davam etdirir".

Nərmin


Müəllif: