23 May 2014 10:41
1 479
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbilər və bizimkilər

Artıq bir neçə ildir ki, Azərbaycan teatr məkanında əcnəbi rejissorların “əl işlərini”n şahidi oluruq. Bu sistem Bakıda fəaliyyət göstərən teatrlarla yanaşı bölgə teatrlarına da sirayət edib. Bu hal teatr xadimləri tərəfindən yaxşı qarşılansa da, bəzi məqamlarda etirazlara səbəb olur. Məsələn, qonorar məsələsində.

“Əcnəbilər burda çox qazanır”

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov qəzetimizə açıqlamasında əcnəbi rejissorlarla bağlı ölkəmizdə formalaşan tendensiyadan danışıb: “İndi elə abu-hava yaranıb:xaricdən çoxlu rejissorlar dəvət edək, gəlsinlər teatrlarımızın səviyyəsini qaldırsınlar. Bizim teatrımızın səviyyəsi aşağı deyil, orta səviyyədədir. Böyük rejissor doğrudan da böyük rejissordursa onun bura gəlməyə vaxtı olmamalıdır. Deməli, ortabab rejissorlar gəlib, burada tamaşa hazırlayır. Bundan kim qazanır?” Onun sözlərinə görə, həmin rejissorlara bizim rejissorlardan beş-on dəfə çox qonorar verilir. Onun fikrincə, qonorar məsələsi tənzimlənməli və bu cür fərqlər ortaya çıxmamalıdır.

Duz-çörək məsələsi

İrəvan Teatrının baş rejissoru Oruc Qurbanov əcnəbi rejissorlara yüksək qonorarın verilməsini normal hesab edir. Amma o da öz rejissorlarımıza az məbləğdə qonorarın verilməsinin əleyhinədir:

"Əcnəbilər burada tamaşa hazırlayırlar və bildiyimə görə 15 min avro qonorar alırlar. Biz isə üç-dörd tamaşa hazırlamağa məcburuq ki, hərəsi 300-400 manatdan gəlir gətirsin, bununla da ailəmizi dolandıra bilək. Qonorarlar da müxtəlifdir və teatrdan teatra fərq var. “Azdrama” da iki tamaşa hazırlamışam. İsrafil müəllim məni teatra dəvət etdi, müqavilə bağladıq, ştata salındım. Ştat maaşı 370 manatdır. Nə çoxdur, nə az. Amma hər halda İsrafil müəllimlə uşaqlıq dostu olmuşuq, bir yerdə böyümüşük. Üstəlik, baş rollarda oynayan Nurəddin Mehdixanlıya böyük hörmətim var, bunları nəzərə alıb, maliyyə məsələsində çox dərinə getmədim".

Nərmin


Müəllif: