4 İyul 2015 22:50

VI Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalının hər günü yeni sürprizlərlə və sevindirici kəşflərlə yadda qalır. Bu mənada festivalın üçüncü gününü ən yüksək məqamı hesab etmək olar, belə ki, məhz dünən şəkililərə və festivalın qonaqlarına Azərbaycanda yaşayan müxtəlif azsaylı xalqların musiqi incəsənətinin nümunələri təqdim olundu.

Azərbaycan Bəstəkarlar İttifaqından Trend-ə verilən məlumata görə, “Yuxarı Karvansara”da keçirilən gündüz konsertində 6 ansambl çıxış edib: kürdlərin “Şero”, ləzgilərin “Suvar”, tatarların “Tuqan Tel”, məhsəti türklərinin rəqs ansamblı, rusların “Kadril” rəqs ansamblı.

Burada bütün yaş qruplarından olan insanlar - məhsul yığımı mərasiminin ən kiçik iştirakçılarından tatar rəqs ansamblının 80 yaşlı üzvünə qədər - təmsil olunmuşdu. Parlaq rəngarəng milli geyimlər, oynaq ritmli rəqslər, gözəl lirik melodiyalar dostluq və qardaşlıq bayramının vahid xorunda qovuşmuşdu.


Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə layihəsi olan bu konsert Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı anlaşma əhvali-ruhiyyəsinin bariz təsdiqidir. Buna görə də təsadüfi deyil ki, bu rəngarəng tədbirin sonunda konsertin bütün iştirakçılarının ifasında “Azərbaycan” mahnısı çox möhtəşəm səsləndi.


Həmin gün axşam Yay Teatrında şəkililər öz yerlilərini, çox sevdikləri “Zirvə” ansamblını alqışlarla qarşıladılar. Bu ansambla istedadlı musiqiçi, ud ifaçısı, gözəl aranjimançı Eldar Rəcəbov rəhbərlik edir. Ansamblın ifasında bu gözəl diyarın yetirmələri olan görkəmli şair və bəstəkarların – Şəfiqə Axundovanın, Emin Sabitoğlunun, Bəxtiyar Vahabzadənin dillər əzbərinə çevrilmiş mahnıları səsləndirildi. Dinləyicilər ansamblın solistlərini – Anar Həsənlini, Azər İsgəndərovu, Elvin Əhmədovu, Seymur Qasımzadəni, Məlahət Mahmudovanı və b. hərarətlə qarşıladılar.

Şəkinin “Zirvə” ansamblı öz çıxışını “Heyratı” zərbi muğamının qəhrəmanlıq sədaları ilə başa vurdu və musiqinin son möhtəşəm səslənməsi gurultulu alqışlara qarışdı.


Musiqi bayramı davam edir və daha artıq vüsət alır.


Müəllif:
Загрузка...