14 Aprel 2014 22:03
689

“Media forum” saytı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun müsahibəsinin sonuncu bölümünü təqdim edir.

- Laçının spesifik iyi varmı? Varsa, o iyi başqa yerlərdə tapa bilirsinizmi?

- Laçına üç tərəfdən giriş var. İstər poçtun yanından, istər də Kəlbəcərdən gələndə - Şamkənd və Qorçu kəndləri tərəfdən Laçına daxil olan kimi o özünəməxsus, gözəl iyi duyurdun. Bu, təmiz hava, bənövşə, yarpız və kəkotu qarışıq xəfif iydir... Qışda da çox gözəl, təmiz, özünəməxsus havası, iyi olur Laçının. Laçına girəndə bu qoxunu köksünə çəkirdin, adamın ruhu dincəlirdi. Hava o qədər təmiz olur ki, udduqca azlıq edir.

Mən müxtəlif bölgələrdə işləmişəm, çox yer gəzmişəm, amma Laçının o gözəl iyini heç bir yerdə duymamışam. Heç bir yerdə yoxdur... Haradasa elə gözəl iy olduğuna da inanmıram.

Bizim yerlərdə insanın ağız dadı da fərqli olur. Laçında becərilən məhsulların, xüsusən də yağ-pendirin, ətin dadı, ətri başqa olurdu. Kiçik Qafqaz dağlarının ətəklərində, Daşkəsəndən tutmuş Araza qədər olan hissədə becərilən məhsullar qismən Laçının məhsullarına oxşayır, dadanda bir anlıq da olsa Laçındakı ağız dadını verir, Laçınlı günləri xatırladır...

- Vaxtilə Laçında olmuş, oranın təbiətini görmüş, məhsullarını dadmış insanlar adətən nəyi xatırlayırlar, arzulayırlar?

- Bütövlükdə Laçının özündən ürək yanğısı ilə danışır insanlar. İnsanlarının saf, təmiz, mərd olduğunu, təbiətinin gözəlliyini vurğulayırlar. Eyni zamanda Laçın balının, yağ-pendirinin xüsusi dadı olduğunu deyirlər, arzulayırlar. O vaxt Laçından Bakıya, başqa şəhərlərə ət gətirmək bir qədər çətin idi. Texnika az idi deyə çox az adam Laçından Bakıya ət gətirə bilirdi. Görürdün ki, kimsə hörmətli bir dostuna, qonağına ət payı vermək istəyir, onda da diri heyvan gətirirdi, pay apardığı yerdə kəsirdi. Laçını tanıyan hər kəs Laçın balının və pendirin dadını hər zaman xatırlayır. Laçın çaylarındakı qızıl balığın, bığlının, göy balığın adını çəkənlər olur. Laçını daha dərindən tanıyanlar, tez-tez gedib gələnlər, el şənliklərində olanlar tut arağından da danışırlar.

- Laçın tam da olmasa qismən Kəlbəcərlə Şuşanın arasında yerləşir. Sovet dövründə hər iki rayona - Şuşaya və Kəlbəcərə çoxlu turist gedib. Amma Laçına turist axını zəif idi. Bunun səbəbi nə olub?

- Laçında da istisu var və Kəlbəcərin istisuyundan əskik deyil. Bir sıra göstəricilərinə görə Laçının təbiəti Kəlbəcərdən güclüdür. Kəlbəcərin istirahət, turist zonası kimi məşhurlaşması, dəbə düşməsi, geniş tanınması Səməd Vurğunun ora getməsindən, Aşıq Şəmşirlə deyişməsindən sonra başlayıb. Ondan sonra Kəlbəcərin İstisu məkanı istirahət yeri kimi işə düşüb, populyarlaşıb. Şuşa isə başqa... Şuşa qədimdən yeri, təbiəti, havası, tarixi baxımdan məşhur olub. Həm də yaxın idi, Xankəndindən dərhal Şuşaya qalxırdın. Şuşanın havası nə Laçından, nə Kəlbəcərdən əskik deyil. Bulaqları, havası, təbiət mənzərələri, gözəlliyi ilə dünyada analoqu olmayan bir yerdir.

- Laçının ən gözəl fəsli hansıdır?

- Dörd fəslin dördü də gözəldir. Yazı, yayı, ya payızı yaxşıdır demək, fərqləndirmək insafsızlıq olar. Əslində Laçının qışı elə hamısından gözəldir. Aran rayonlarında yazağzı bir az göy ot, çiçək olur, hamı deyir yaz nə yaxşıdır. Belə deyənlər Şuşa, Laçın, Kəlbəcər kimi yerləri, qışda hər tərəfin dümağ olmasını, yaz gələndə o qarın necə əriyib getməsini, yazın çaylarda suyu necə artırmağını, dağların, dərələrin novruzgülü, bənövşə, nərgizə bürünməsini, dizə çıxan kəkotu, zirəni görməyiblər. Ona görə Laçında hansı fəslin daha gözəl olmasını, hansı fəslin tez gəlməsini səbirsizliklə gözlədiyimizi demək, fərqləndirmək olmaz. Orada ilin hər gününün öz gözəlliyi vardı.

- Akif müəllim, insanlar internetə daxil olub xüsusi proqramlar vasitəsilə işğal altındakı kəndinə, evinə baxır. Laçına, kəndinizə baxmısınızmı?

- Mən baxmıram... Baxa bilmirəm. Baxmayacam da...

- Laçının, kəndinizin indiki vəziyyətini görməmək üçün baxmırsınız?

- Vəziyyətin necə olduğunu bilirəm. Kənddə, Laçında yaşadığım evimizi 1992-ci ildə işğal zamanı yandırıblar. Mən bunu o zaman görmüşəm. 1992-ci ildə Laçının kəndlərində döyüşəndə binoklla Laçındakı evə baxmışdım, yandırmışdılar. Mən heç elə baxmağın tərəfdarı da deyiləm. İndiki Laçına sakit baxa bilmərəm. Ona görə də baxmıram.

- Laçının indiki vəziyyəti haqqında nə məlumat var? Mətbuat tez-tez Suriyadan, başqa ölkələrdən ermənilərin Laçına köçürüldüyü, orada yerləşdirildiyi haqda məlumat yayır. Təxmini də olsa Laçında neçə min erməninin məskunlaşdırıldığı haqda məlumat varmı? Rayonun əsasən hansı bölgələrində məskunlaşıblar?

- Müxtəlif mənbələrdən aldığımız məlumatlara görə, hazırda Laçın şəhərində on-on beş erməni var. Onlar da əsasən Laçının mərkəzində məskunlaşıblar, çünki bura “Laçın dəhlizi”nin ortasıdır. Amma ayrı-ayrı kəndlərdə də üç-dörd ailə yerləşdirmək, məskunlaşma görüntüsü yaratmaq istəyirlər. Bununla guya Laçının erməni məskəni olduğu, orada ermənilərin yaşadığını göstərmək istəyirlər. Bu, ermənilərin çoxdankı hiyləsidir. Ona görə də bizim müxtəlif mənbələrdən aldığımız məlumata görə, hazırda Laçının bütün kəndlərində yaşayan var. Amma o adamlar yazıqdırlar. Gec-tez o yerlərdən qaçmağa məcbur olacaqlar. Axı o torpaq onların deyil.

- Ermənilərin Laçında ordusu çoxdurmu?

- Xeyr. Laçında çoxlu ordu yoxdur. Əsasən Dağlıq Qarabağda, Qubadlı-Zəngilan səmtində ordu saxlayırlar. Laçında köməkçi ordu hissələri ola bilər.

- Siz Laçında döyüşmüsünüz. Laçının işğal olunmasının qarşısını almaq olardımı?

- Bir misal çəkim. Dediklərimin bütün cavabları orada olacaq. Rusiya ilə Ukrayna arasındakı münaqişə, Krım məsələsi uzaq keçmişin hadisəsi deyil. Ukraynada bizim AXC-yə bənzər bir qüvvə silah gücü ilə hakimiyyətə gəldi. Prezident Viktor Yanukoviç də qaçdı. Dar gündə məlum oldu ki, Ukraynada cəmi 6 min əsgər döyüşə bilər. Prezident qaçıb, xalq müharibəyə hazır deyil, ordu da yoxdur. Gördünüz, ruslar Krımı çox asanlıqla Rusiyaya birləşdirdi. Bizdə də elə idi. Ölkədə lider olmadı, hərc-mərclik vardı, ordu da yox idi, amma düşmən bu işə hazırlaşmışdı. Hakimiyyətdə olanlar da səriştəsiz adamlar idi.

Mütləq mənada şərtlər hansıdır: güclü, qüvvətli prezident olmalıdır, idarə edə bilən lider olmalıdır, xalq müharibəyə hazır olmalıdır, ordu olmalıdır. Ordu yoxdursa, prezident müharibə haqqında düşünmürsə, necə döyüşmək olardı? Ukraynalılar böyük və döyüşkən xalqdır. Qəflətən belə bir təhlükə onları haqlayanda 300-400 minlik orduya malik olmalı idilər, amma ortaya 6 minlik ordu çıxdı. Bu sayla rusa qarşı vuruşmaq olardımı? Necə döyüşəcəkdilər? Döyüşkən Ukrayna xalqı Krımı uduzdu. Bizdə də eyni vəziyyət oldu.

- Laçını necə tərk etmisiniz? Həmin günü necə xatırlayırsınız?

- Mayın 8-də Şuşa işğal olunandan sonra, təbii ki, Laçında böyük hərc-mərclik, xaos vardı. O zamankı daxili işlər naziri Tahir Əliyev və başqa vəzifəlilər, hərbi rəhbərlik mayın 11-də Laçında iclas keçirdi. Orada dedilər ki, Şuşa ilə Laçının arasını Bakıdan gələn milli ordu qüvvələri, Gorus istiqamətindən Laçın alayı, Qubadlı istiqamətindən Laçının Hadrutla yaxın sərhədlərini isə Laçın polisi qoruyacaq. Orada Laçının Fərəcan, Suarası kəndləri yerləşir. Laçın polisinin bütün qüvvələrini başqa postlardan çıxarıb həmin mövqeyə göndərdilər. Bunun üçün əmr imzaladılar və mən də rəis kimi əmrə tabe oldum. Ermənilər Laçın dəhlizini işğal edəndə biz 50 kilometr cənubda, Qubadlı istiqamətində idik. Heç orada ermənilərlə döyüşmədik. Hadrutla sərhəddə beş-altı dəfə lokal döyüşlər oldu. Ermənilər Laçını başqa istiqamətdən işğal edirdi, bizi isə başqa istiqamətdə saxlamışdılar...

İşğaldan sonra hamı pərən-pərən düşdü, Laçın polisində xidmət edənlərin başı ailələrinin dərd-sərinə, problemlərinə qarışdı. Qısa müddətdən sonra o zamankı daxili işlər nazirinin əmri ilə Laçın polisini yenidən toparladıq, Murov vasitəsi ilə Kəlbəcərdən keçib Laçına - döyüş bölgəsinə qayıtdıq. İlk günlər Qorçu kəndində yerləşdik və döyüşə atıldıq. Çox qısa müddətdə Pircahan, Alqulu və onlarla kəndi işğaldan azad etdik. Çox böyük əhval-ruhiyyə ilə döyüşürdük. Amma yenə də rəhbərlik sonadək döyüşməyimizə, Laçını tam olaraq işğaldan azad etməyimizə imkan vermədi.

- 1992-ci ilin mayında Laçın polisini planlı şəkildə əsas mövqelərdən uzaqlaşdırmışdılar?

- Bir qədər müəmmalı işdir. Bu gün prosesləri xatırlasaq, baş verənləri incələsək, görərik ki, Laçın polisinin Laçında qalması kimlərəsə sərf etmirdi.

- Yəni əsas döyüş mövqelərindən müdafiə mövqeyinə çəkilmişdiniz?

- Bəli, bizi əsas döyüş postlarından müdafiə mövqeyinə göndərdilər. Düzdür, ermənilərin hücum edib həmin istiqamətdən yolu tutması, Laçını mühasirəyə alması ehtimalı da vardı. Amma hər halda döyüş orada getmirdi.

1992-ci ilin yayında Kəlbəcər vasitəsilə Laçının şimalına keçib getmişdik. Oktyabr ayında Laçın dəhlizini ermənilərdən geri aldıq, post qurduq, dəhlizi bağladıq, üç gün orada dayandıq. Laçında olan ermənilərin yarısı Xankəndinə, yarısı Gorusa tərəf qaçırdı. Orada da məkrli əllər işə düşdü, bildirdilər ki, Laçın dəhlizini bağlamaq olmaz. Prezident Əbülfəz Elçibəyin razılığı ilə müdafiə naziri Rəhim Qazıyev xüsusi əmr göndərdi ki, Laçın dəhlizini bağlamaz olmaz, qayıdın əvvəlki mövqelərə. Bizi geri çəkdilər. Niyə? Guya beynəlxalq aləm bizi qınayacaq ki, humanitar dəhlizi bağlayırıq. Laçını almışdıq. Amma imkan vermədilər.

- Və 1993-cü ilin mart ayının sonu Laçının azad olunan kəndlərinin ikinci dəfə işğalı baş verdi…

- Həmin vaxt döyüş postlarında dayanmışdıq, oranı ən sonda tərk edənlərdən biriyəm. Həmin vaxt Laçında döyüşən briqadanın komandiri polkovnik Əzizağa Qənizadə idi. Bu yaxınlarda saytların birində onun xatirələrini oxudum. Əzizağa Qənizadə hələ dörd-beş ay təbil çalırmış ki, ermənilər Laçın və Kəlbəcər istiqamətində olan mövqelərə qoşun yığırlar, qüvvələr nisbəti kəskin şəkildə dəyişib, vəziyyət ağırdır, əgər hücum başlasa, ermənilərin hücumunun qarşısını almağa canlı qüvvəmiz və texnikamız çatmayacaq, Kəlbəcər işğal oluna, əhali və briqada tam olaraq mühasirəyə düşə bilər, ona görə də Laçın və Kəlbəcərə əlavə qüvvələr göndərilsin. Qənizadə bununla bağlı dəfələrlə müdafiə nazirinə, nazirin müavinlərinə və rəhbərlikdə olan başqa şəxslərə raportla müraciət edib. Amma onu heç kim eşitməyib. Belə olanda briqadanın Laçından Kəlbəcərə çıxarılmasını, oranı müdafiə etməsi üçün əmr verilməsini istəyib, bunun üçün müdafiə nazirinə yalvarış dolu raportlar göndərib. Amma əslində Laçının içində olan hərbi qüvvələr yetərli idi ki, bir neçə günə Laçının mərkəzini işğaldan azad edək, dəhlizi bağlayaq. Bunu eləmədilər.

Sonra briqadanın Kəlbəcərə çəkilməsi haqda əmr verildi. Çünki ermənilər Kəlbəcərlə həmsərhəd olan Basarkeçərdə (Vardenis - red.) çoxlu qoşun yığmışdı. Bundan başqa Xankəndi tərəfdən Laçın istiqamətində olan kəndlərə, orada yerləşən postlara buldozerlərlə yol çəkmişdilər. Ağdərədə də Kəlbəcər istiqamətində xeyli qoşun yığmışdılar. Laçın istiqamətində olan ordumuzun mühasirəyə düşmək təhlükəsi hiss olunanda bizi Kəlbəcərə çəkmək istədilər. O da artıq gec idi. Kəlbəcər istiqamətində geri çəkilən ordu ermənilərin atəşinin altına düşdü. Sizin valideynləriniz də orada idi, bunları bilirsiniz. Laçın polisi postlarda idi. Hətta geri çəkiləndə bizə xəbər verməmişdilər. Bizim uşaqlar postları tərk etmirdilər. Baş Qərargahda işləyən polkovnik Əmirovla əlaqə saxlayıblar. O da deyib ki, Laçın polisi nə özbaşınalıq edir, niyə əmrə tabe olmur, mövqelərdən çıxmırlar, mövqeləri tərk etmək əmri verilib. O zaman briqada komandirinin müavini Qorxmaz Qarayev vardı, indi generaldır, bizə yazılı əmr verdi ki, filan-filan mövqeləri tərk edin, çəkilin Kəlbəcər istiqamətinə. Laçın polisi Laçından əmrlə çəkilib. Rus dilində yazılan həmin əmr indi də məndə qalır.

- Piyada çıxdınız?

- Bəli, piyada.

- Siz çıxanda Kəlbəcərin Tuneli bağlanmışdı, yoxsa hələ açıq idi?

- Bağlı idi. Bizim qüvvələrin hamısı Nadirxanlı kəndində toplanıb mühasirəni oradan yarmışdı, onlardan qabaqda idik. Kəlbəcərə gəldik, ermənilərin hücumu artanda bizim camaatın çıxarılmasını təşkil etdik. Bununla bir neçə nəfər məşğul oldu. Biz camaatımızın böyük əksəriyyətini Murovun ayağında qarşılayırdıq. Əlimizdə olan texnikanın, maşınların köməyi ilə Murovdan keçirib Göygölün Toğana kəndinə gətirirdik.

- Dağlıq Qarabağ münaqişəsində, aparılan danışıqlarda Laçın bir növ kilid rolu oynayır. Danışıqların hansısa mərhələsində, böyük sülhün əldə olunması naminə və hansısa güzəştlər qarşılığında Azərbaycanın Laçını ermənilərə güzəştə getməsi mümkündürmü? Əgər dövlət belə bir qərar versə, laçınlılar bunu necə qarşılayar və razı olarlarmı?

- Azərbaycan prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi, ərazi bütövlüyümüz, işğal olunmuş torpaqlarımızla bağlı qətiyyətli, sarsılmaz mövqeyi bütün dünyaya, o cümlədən laçınlılara da yaxşı məlumdur. Cənab prezident hər zaman vurğulayıb ki, Azərbaycan bir qarış da olsa torpağını güzəştə getməyəcək, işğal olunmuş torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycanın bu mövqeyi dünyanın bütün beynəlxalq təşkilatlarının tribunalarından səsləndirilib. Ermənilər də yaxşı bilirlər ki, o torpaqlar heç zaman onların olmayıb və gələcəkdə də olmayacaq. Bu işğal müvəqqətidir. Laçınlılar da indi üzləşdikləri müsibətləri, çətinlikləri, torpaq itkisini müvəqqəti hal kimi qəbul edirlər.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, cənab prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edib, bölgənin liderinə, dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Ölkənin inkişafı ordu quruculuğunu sürətləndirib. Hazırda Azərbaycanın çox güclü, hər cür döyüşə, torpaqlarımızı qısa müddətdə işğaldan azad etməyə, ermənilərə layiqli cavab verməyə hazır olan ordusu var. Cənab prezident ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərir. Bütün bunlar gec-tez torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək. Ona görə də Azərbaycan heç vaxt Laçını ermənilərə güzəştə getməz. Cənab prezident İlham Əliyev buna razı olmaz. Laçınlılar öz torpaqlarına qayıdacaqlarına əmindirlər. Laçınlılar da Laçının güzəştə gedilməsini istəməzlər və bununla heç vaxt barışmazlar.

- Ermənilərin Laçını işğal etdikləri ilk illərdə də bunun müvəqqəti çətinlik olması, laçınlıların tezliklə öz yurdlarına qayıdacağı haqda bəyanatlar verilirdi, fikirlər səsləndirilirdi. 22 ildir bu baş vermir. Sizdə qayıdacağınıza əminlik yaradan nədir?

- Cənab prezident İlham Əliyevin apardığı siyasət və Laçının qədim türk yurdu olması. Biz ora mütləq qayıdacağıq. Buna heç kimin şübhəsi olmasın. Bunu hər görüşəndə bütün laçınlılara da deyirəm. Doxsan yaşı olana da deyirəm bir az özünü möhkəm tut, buralarda ölmə, qayıdacağıq. Ölüm haqdır, bizim arzumuzla olan iş deyil. Amma yüz faiz qayıdacağıq.

Dünyasını dəyişən laçınlıların xeyli hissəsi buralarda əmanət basdırılıb. Allahın köməyi ilə Laçın işğaldan azad olunandan sonra o qəbirləri hərə öz kəndinə köçürəcək. Adamlar məzarının Laçına aparılmasını vəsiyyət edib dünyadan köçürlər. Laçına qayıtmaq vəfat edənlərin vəsiyyəti, sağ qalanların arzusudur...

Doğma yurdu itirmək, didərginlik çox ağır dərddir. Heç kim də deyə bilməz biz döyüşməmişik. Təkcə Horadiz ermənidən geri alınanda Laçın polisi 27 şəhid verdi.

Ümidimiz böyükdür. Cənab prezidentə, onun apardığı siyasətə güvənirik. Biz mütləq qayıdacağıq.


Müəllif: