15 İyul 00:05

- Əvvəlcə başlayaq ki, Cümhuriyyətimizin tarixinə maraq hardan, nə zaman başladı. O maraq ki, sizi bu kitabları yazmağa gətirib çıxardı?

- Mən millətin formalaşmasında tarix şüurunun önəmli rol oynadığına inanıram. Yüz illiyini qeyd edəcəyimizə baxmayaraq, bu gün Cümhuriyyətimizin tarixindən, onu quranlardan öyrənməli, fərdi yaşantımıza qədər tətbiq etməli olduğumuz çox məsələlər var. Türk və müsəlman dünyasında ilk parlamentli respublika qurmuşuq deyəndə, indi təbii gəlir bizə. Amma 1918-ci ildə Qafqaz kimi qarışıq bir regionda bu cür idarəçilik sistemi ağlasığmaz idi. Atalarımız bunu bacardılar, bizə Azərbaycan adlı bir dövlət miras qoydular. Bu baxımdan onların mücadiləsini öyrənmək hər şeydən öncə mənəvi borcdur. Mən bu borcla yola çıxdım, ölənədək ödəyəcəyimi sanmıram.

- Bu işlərə başlamağınızın maraqlı bir hekayəti varmı?

- Var. Arxivimə daxil olan ilk foto Əhməd bəy Ağaoğluna aiddi. O fotonu dostum, kolleksioner Ruslan Rəhimov Türkiyədə bir auksionda qazanmışdı. Mənim də Ağaoğlular ailəsinə böyük sevgim vardı. Ruslan bəyi yola gətirib fotonu aldım. Daha sonra müxtəlif auksionları tanıdım, izləməyə başladım. Araşdırdıqca, axtardıqca, qarşıma xeyli materiallar çıxdı. Bir dəfə auksion saytlarının birində mühacir şair Almas İldırıma aid bir foto gördüm. Onu aldıqdan sonra satıcı ilə əlaqə yaratdım, başqa nələrin olduğunu soruşdum, beləliklə, "Fərqlilər" və "Mühacirlərin dönüşü" kitabımda gördüyünüz bütün sənədləri tədricən əldə etdim.

- Bəs məlumatları necə araşdırdınız? Çünki onlar olmadan fotolar susacaqdılar.

- Ən yaxşı auksion yerlərini izləyib Azərbaycanla bağlı nə olurdusa, almağa çalışırdım. Eləcə də, Türkiyədə "sahaf" adlanan köhnə kitab satan dükanları dolaşırdım. Azərbaycan mühacirətinə aid onlarla nadir kitab, jurnal kolleksiyaları əldə etdim. Arxivimdə bir mühacirə aid 4 imzalı kitab, həmçinin Məhəmməd Əmin Rəsulzadənin, Əhməd bəy Ağaoğlunun, Almas İldırımın, Məhəmməd Sadıq Aranın, Cabbar Ərtürkün və başqa mühacirlərin imzalı kitabları var. Bu işlə məşğul olandan sonra sanki qapılar üzünə açılır. İllər keçdikcə təcrübə toplayır, inam qazanırsan. Xüsusən, azərbaycanlı olduğumu bilən satıcılar Azərbaycana aid materialları başqasına satmır, mənə saxlayırlar. Araşdırmalarda mənə professor Ədalət Tahirzadə, Türkiyədən mühacirətşünas Ömər Özcan bəy yardım ediblər, fotolardakı şəxslərin kimliyi haqqında çox qiymətli faktları mənimlə bölüşüblər. Eləcə də, əski əlifbada olan materialların transliterasiyasında Ədalət Tahirzadə və Ruslan Rəhimov yaxından kömək edib.

- Axtarışlarda maraqlı adamlarla, hadisələrlə qarşılaşmamış deyilsiniz...

- Təhsil aldığım bir il ərzində İstanbulda kitabçılarla, tədqiqatçılarla, kolleksionerlərlə əlaqə yaratmışdım. Hərəsindən bir detal öyrənirsən. Üstəlik, insanlar bu işlə məşğul olduğunu bildikdə nəsə hədiyyə etmək üçün özləri səni axtarırlar. Ötən il bir xanım zəng eləmişdi, onda çox köhnə videokasetlər olduğunu, mənə vermək istədiyini dedi. Kasetləri aldım, məlum oldu ki, 1992-ci ildə Rəsulzadənin 108 illiyi ilə bağlı 3 saatlıq videomaterial hazırlanıbmış. Rəsulzadənin oğlu Azər bəyin də çıxışı var idi. Bu video nə yutubda, nə də başqa yerdə vardı.

- Necə hisslər keçirirdiniz belə detallar əlinizə keçəndə?

- Təsəvvür edin, Məhəmməd Əmin Rəsulzadə Polşada bir şəhərdədir, ordan İstanbuldakı dostuna məktub yazır. İndi həmin məktub sizin arxivinizdədir, ona toxuna bilirsiniz. Və ya Topçubaşov fotoqrafın qarşısında dayanıb, fotoşəkil çəkdirir, indi həmin şəkilə toxuna bilirsiniz. Yaxud da Rəsulzadə kiməsə kitab imzalayıb hədiyyə edir, indi o kitab sizin kitabxananızdadır. Və ya Əli bəy Hüseynzadənin 1906-cı ildə yazdığı, İstanbula göndərdiyi bir məktub naməlum əllərdən keçərək bir gün auksiona çıxır, siz onu alıb Vətənə qaytarırsınız. Bunlar möhtəşəm hisslərdir

- Necə oldu bütün bunları yazmağa başladınız?

- Əvvəl əlimdəki materiallardan istifadə edib məqalələr yazırdım. Sonra bunun kifayət etmədiyini hiss etdim. Kitab fikri yarandı. Mühacirət mövzusu çox genişdir, üstəlik bu sahədə çalışan da azdır. Həm də tarixə yeni materiallar qazandırmaq insana xüsusi zövq verirdi. Əvvəl "Fərqlilər" ərsəyə gəldi. "Fərqlilər" sırf mühacirətlə bağlı deyil, orada Azərbaycan tarixində önəmli rol oynamış 25 şəxs haqqında məqalə var. "Mühacirlərin dönüşü" isə ümumi bir addır, bu seriyadan çıxan ilk kitabdır. Yəni bu birinci cilddir, gələn il ikinci cildi çap olunacaq.

- Yəni, davam edəcək?

- Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, deyim ki, faktiki bu kitabın 5 cilddə çap olunması üçün materialım var.

- Qarşıda gərgin işlər var. Lakin mənə elə gəlir, siz indən belə bu "gərginliksiz" yaşaya bilməzsiniz...

- Bəli, bu artıq bir həyat tərzinə çevrilib. Yay ayıdır, insanlar istirahət edir, mən isə İstanbuldan gətirdiyim bir çamadan dolu nadir jurnal və kitablar üzərində araşdırma aparıram. Qarşıdan Cümhuriyyətin yüz illiyi gəlir. Cənab Prezidentin bununla bağlı sərəncamı var, biz isə yubileyə iki kitab düşünmüşük, onu yetişdirməliyəm.

- Maraqlıdır, Cümhuriyyətin qurucularının övladları, nəvələri, nəticələri, qohumları, eyni hissləri qoruyub saxlayırlarmı? Axı dövləti quranların içindəki güclü sevgi və inam onlar dünyadan köçüncə, on illərlə heç öləziməmişdi. Necə danışırlar Azərbaycan haqqında?

- Bir çoxu qoruyub saxlayıb. Məsələn, Bakıda Cümhuriyyətin 100 tələbəsindən olan İsmayıl Saryalın "Bakı rüzgarı" kitabının təqdimatı oldu, nəvəsi Nilgün xanım da gəlmişdi. Gözləri doldu, atasının Azərbaycan sevgisini anlatdı, çıxışını isə Rəsulzadənin fikri ilə tamamladı. İsmayıl Saryalın evində Azərbaycan guşəsi olub, oğluna Azərbaycanın himnini əzbərlədirmiş. Nilgün xanım danışdı ki, bizim ailədə əl öpmək adəti yox idi, ancaq həmişə evimizə gələn bir qadının əlini öpdürərdilər. Ona görə ki, qadının kimliyi yaddaşıma həkk olunsun. Həmin qadın Nəsib bəy Yusifbəylinin xanımı, İsmayıl bəy Qaspıralının qızı Şəfiqə xanım idi. Yaxın zamanlarda Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımla, Əhməd Cəfəroğlunun qızı Nazan xanımla görüşdüm. Hər ikisi atalarının Azərbaycan sevgisindən fərəhlə danışdılar. Təsadüfi deyil ki, bu insanlarda Azərbaycan sevgisi olmasaydı, Əli bəyin qızı atasının arxivini elə bu yaxınlarda İstiqlal muzeyinə verməzdi. Amma bir məsələ də var ki, 4-cü nəsildən sonra artıq tədricən Azərbaycana bağlılıq unudulur, yəqin ki, bunu da təbii qarşılamaq lazımdır.

- Xanımlardan söz düşmüşkən, deyəsən, Cümhuriyyət qurucularının bəziləri ailəsini qoyub getməli oldu. Sonra ailələri sürgünə göndərildi, məhrumiyyət çəkdilər. Mühacirlərin çoxu isə xaricdə ikinci dəfə ailə qurdu, övladları oldu. Burda qalan qadınlar Cümhuriyyətin izlərini bir başqa cür yaşatdılar... Maraqlıdır, bəlkə elə bu özü ayrıca bir kitabın mövzusudur?

- Mühacirlərin bəziləri ailələri ilə birlikdə qaça bilmişdi, bəziləri təkbaşına. Məsələn, Almas İldırım bu yola xanımı və körpə uşağı ilə çıxmışdı. Atası Zivər xanıma icazə vermirmiş ki, sən getmə, Almas getsin, o da razı olmur. Və ya bizim ilk mühacirlərimizdən Əhməd bəy Ağaoğlu İstanbuldan xanımı Sitarəyə yazır ki, uşaqları yanıma göndər, amma sən gəlməyə bilərsən, səni Vətənindən ayırmağa haqqım yoxdur, xanımı Sitarə isə ona belə cavab yazır ki, sən haradasansa, mən də oradayam. Və ya bəziləri sonradan ailələrini də yanlarına gətirə bilir. Nağı bəy Şeyxzamanlı kimi. Amma elə mühacirlər olur ki, yalnız özü gedib. Rəsulzadə ailəsini apara bilməmişdi, amma ailəsinə gizli yolla pul göndərə bilirdi. Həmçinin ikinci dəfə məhz ilk xanımının ölüm xəbərini eşidəndən sonra ailə həyatı qurub. Vanda xanım çox fədakar qadın idi, Rəsulzadənin ən çətin günlərində yanında olmuşdu. Ölüm döşəyində də, məzarı başında da o qadın vardı. Atatürkdən anasını xahiş edən Əziz Alpoud artıq Almaniyada ikən almaniyalı xanımla evlənmişdi. Artıq yeni ailəsi vardı, görünür, anasının həsrətinə dözə bilmirmiş.

- Bütün bunları bilmək və yaza bilməmək...

- Şübhəsiz ki, mühacirlər arasındakı münasibətlərdə də bəzi anlaşılmazlıqlar olub. Biz onları qabartmağı doğru hesab etmirik. Çünki hər şeydən öncə onlar da insan idilər, mühacirətin məşəqqəti vardı, anlayışla qarşılamaq lazımdır.

- Əlbəttə, haqlısınız. Dilqəm bəy, bu kitabda çatdırılan məlumatlar Azərbaycan oxucusuna əvvəldən bəlliydimi? Ya hamısı sizin vasitənizlə əlimizə çatan yeni məlumatlardır?

- Məktublar və fotolar tədqiqatçılar üçün yeni sayıla bilər. Yəni yayımladığım bu materiallarını elə yerlərdən toplamışıq ki, doxsan doqquz faizi ilk dəfədir üzə çıxır və onları hətta ən zəngin kitabxana arxivlərində görmək mümkünsüzdür. Tanınmış gürcü tarixçisi Giorgi Mamulia kitabımdakı iki fotoya görə mənə təşəkkür göndərib. Həmin fotolar onun da tədqiqatları üçün gərəkli imiş. Bu yaxınlarda "Azerbaijan İnternational" jurnalının baş redaktoru xanım Betti Bleyer kitabımda yayımlanan bir fotonun jurnallarında çap olunması üçün icazə istədi. Onlar üçün də bu yeni fakt idi.

- Gəlin etiraf edək ki, hətta bizdə, yeni nəsil Cümhuriyyətlə bağlı çox az şey bilir. Məhz bu baxımdan kitabınız qiymətli məlumat kitabıdır. Az qala masaüstü kitab olacaq qədər.

- Azərbaycanda mühacirət tarixinə ilk maraq SSRİ dağılan kimi başladı. Sərhədlər açılmışdı, mühacirlərin çoxunun övladları sağ idi, onlarla görüşmək olurdu. O dövrdə Mövsüm Əliyev, Xanlar Bayramov, Vilayət Quliyev bu sahədə ilk yazıları, kitabları yazdılar. İndi yenidən maraq başlayıb. Bu yolda hər bir axtarış qiymətlidir.

- Diqqətimi bir məsələ də çəkdi. Qurucuların, yəni sonrakı mühacirlərin demək olar hamısının yolu rus üsullu məktəblərdən keçib. Sonralarda bir müddət rus demokratlarıyla, inqilabi təşkilat üzvləriylə eyni fikirləri bölüşüblər. Çoxları Stalinlə, Beriyayla və başqalarıyla əlaqəliydi. Lakin bir yerdən sonra yollar nəinki ayrıldı, hətta qarşıdurma yarandı.

- 1900-cü illərin əvvəlində Çar Rusiyasında ab-hava sosial-demokratların tərəfindəydi. İlk qurulan təşkilatlarımız da bu yönümdəydi. Rəsulzadə ilə Stalinin münasibətləri də bu dövrə dayanırdı. Lakin zamanla siyasilər milli çizgiyə doğru yönəldilər, türkçülük, millətçilik kimi düşüncələr daha da önə çıxdı. Bakı o zaman beynəlmiləl bir şəhər idi. Bir neçə dövlətin marağı toqquşurdu. Hər xalqın, hər siyasi görüşün də özünün dəstəkçiləri var idi. Zamanla bunlar nifaqa da çevrilirdi, birləşməyə də. Beriya Nağı bəy Şeyxzamanlının təşkilatında işləyib. Bununla bağlı Nağı bəy xatirələrində yazır. Rəsulzadə Stalinlə münasibətləri barədə xatirələrini yazıb.

- Stalin cümhuriyyətçiləri çəkib mərkəzə aparırdı, onlara yaxşı iş təklif edirdi. Maraqlıdır, bunun arxasında duran məqsəd nə idi? Hərçənd, hamıyla eyni cür rəftar edilmirdi, xatirələrdə görünür ki, bəzi qurucular fərqli rəftarla qarşılaşırdılar. Stalin sırf öz keçmiş dostlarını xilas etməyəmi çalışırdı?

- Rəsulzadənin Azərbaycanda həddindən artıq böyük nüfuzu vardı. Stalin iki səbəbdən Rəsulzadəni öldürmədi. Birinci o idi ki, o çalışırdı ki, Rəsulzadəni öz tərəfinə çəksin, onun nüfuzundan istifadə edib bolşeviklərin ölkədə güclənməsinə səbəb olsun. Hətta Rəsulzadəyə nazir postu təklif edilməsi barədə iddialar var. Stalinin Rəsulzadəyə bir can borcu olması hamıya bəllidir. Düzdür, Stalin və mənəviyyət kəlmələri bir araya sığmır, amma beləydi. Rəsulzadə isə başa düşürdü ki, bolşeviklər güclənib ölkədə hakimiyyəti tamamilə ələ alan kimi onu aradan götürəcəklər. Qaçıb Finlandiyaya getdi.

- Cümhuriyyətçilərdən heç kim bolşeviklərin nə zülmünə, nə də vədinə boyun əymədi. Ancaq Çəmənzəminli inciklik üzündən qayıtdı, onun da taleyi bəllidir

- Yusif Vəzir o zaman ağır maddi sıxıntı və psixoloji sarsıntı içində idi. Qardaşı ağır sürən xəstəlikdən sonra ölmüşdü, özü fəhləlik edərək zülm çəkirdi. Rəsulzadə ilə arasında yaranan anlaşmazlıqdan sonra Azərbaycana dönməyə qərar vermişdi. Lakin 1937-ci ildə bolşeviklərə yardım edən şəxslər belə öldürüldüyü üçün, Müsavat hökumətinin Türkiyə səfirinin repressiyaya uğrayacağı da gözlənilən idi

- Maraqlıdır, görəsən sovet dönəmində qurucuların Azərbaycanla gizli əlaqələri, burda əlləri-qolları vardımı?

- Əlbəttə, vardı. Rəsulzadənin İstanbulda çıxardığı qəzet Lənkərana qədər gedib çıxırdı. Geniş şəbəkə qurulmuşdu. Hətta Rəsulzadə "Əsrimizin Səyavuşu" əsərinin əlyazmasını Lahıcdan İstanbula gətizdirə bilmişdi. 1960-cı illərdə mühacirlərin övladları ilə əlaqələr Sovet Azərbaycanının məşhur sənətçiləri üzərindən qurulurdu. Məsələn, maestro Niyazi bu sahədə çox aktiv idi. Sonrakı illərdə Rəşid Behbudov, Zeynəb Xanlarova da bu sahədə müəyyən işlər görüblər. Almas İldırımın ailə üzvlərinin bir-birini tanımasına Zeynəb Xanlarovanın ansamblı yardımçı olub. Niyazi Türkiyəyə gedəndə mühacirlərdən İsmayıl Saryalın evinə gedirmiş. Və ya Sovet dönəmində bizim YUNESKOda diplomatımız olan Ramiz Abutalıbov Parisə göndərilən nümayəndə heyətimizin sonuncu sağ qalan üzvü Məmməd Məhərrəmovla görüşmüşdü. Məhərrəmov Ramiz bəyi Topçubaşovun məzarına aparmışdı.

- Bunlar hər iki tərəf üçün çox təhlükəli olmalıydı.

- Əlbəttə! Bununla bağlı maraqlı bir faktı deyim.Məmməd Məhərrəmov Ramiz bəylə ilk görüşə tapança ilə gəlmişdi. Çünki bir tərəfdən görüşmək istəyirdi ki, Azərbaycandan adam gəlib, məlumat alsın vətəndən, digər tərəfdən də qorxurmuş ki, Sovet agenti olar, onu öldürmək istəyər. Əvvəlcə ehtiyatlanıblar, sonra dostluq qurulub. Əlbəttə, KQB bu görüşlərdən xəbərdar ola bilərdi, amma 1950-ci illərdən sonra Azərbaycan mühacirətinin hər hansı bir gücü qalmamışdı.

- Yaşlanmışdılar...

- Bəli, həm də II Dünya müharibəsində qalib çıxan SSRİ-nin qarşısında artıq kimsə tab gətirə bilməzdi.

- Maraqlıdır ki, iyirminci illərdə Bağırovla burun-buruna gəlib mübarizəsini davam etdirən bir Əbdülvahab Yurdsevərimiz də vardı.

- Əbdulvahab bəyin Türkiyədə 4 kitabçası çap olunub. Amma onun "Azərbaycan İstiqlal savaşından səhnələr" adlı "Azərbaycan" jurnalında çap olunmuş silsilə xatirələrində çox qiymətli materiallar var. Təəssüf ki, o xatirələr kitab kimi hələ də çap edilməyib. Mühacirət mətbuatında Bağırov birmənalı olaraq cəllad kimi verilir.

- Azərbaycanda çoxları hələ də elə bilir ki, qurucular mühacirətə yollandıqları Türkiyədə tamamilə rahat və sərbəst yaşaya, yerləşə, fəaliyyət göstərə bilirdilər. Halbuki belə deyildi, gənc Türkiyə Cümhuriyyəti bolşeviklərlə razılaşmadaydı, mühacirlər qadağalarla üzləşirdilər, Məhəmməd Əmin Rəsulzadə özü Avropaya köçməli olmuşdu və ancaq ölümünə bir neçə il qalmış qayıda bildi.

- Tarixə hisslərlə yanaşmaq lazım deyil. Türkiyə yunanlarla, ingilislərlə savaş apararaq qalib gəlmiş bir dövlət idi. Qandinin bir sözü var: "Atatürk ingilisləri məğlub edənə qədər, Tanrını da ingilis zənn edirdim". Türkiyə belə bir savaşdan çıxmışdı. O zaman Türkiyənin yeganə müttəfiqi vardı: Sovetlər. Ona görə də Türkiyə ilə SSRİ-nin münasibətləri yüksələn xətlə inkişaf edirdi. Bir müddətdən sonra SSRİ artıq Türkiyədən onun əleyhinə fəaliyyət göstərən şəxslərin ölkədən çıxarılması, mətbuat fəaliyyətlərinə qadağa qoyulmasını istəyir. Türkiyə də məcbur olub bununla razılaşır. Bu, təkcə Azərbaycanla bağlı deyil. Digər türk millətlərinin də mühacirlərinə aid idi. Lakin Rəsulzadəyə Türkiyənin Rumıniya səfiri olmuş Həmdullah Sübhi bəy yardım edirdi. İkinci Dünya müharibəsindən sonra Rəsulzadənin Türkiyəyə qayıtmasına da dostlarının sayəsində izn verilir.

- Bakıda Ənvər Paşayla bağlı maraqlı nüans var: Ənvər Paşa "Rusları qovun" - deyə əmr etsəydi, Bakı bunu edəcəkdi.

- Bəli, təbii ki, Ənvər Paşa o əmri vermədi. Verə də bilməzdi, zamanın şərti buna yol vermirdi...

- Türkiyədə Atatürkün dəfnində mühacirlərin nümayəndəsinin iştirakına qadağa qoyulmasıyla bağlı faktlar var, hərçənd böyük isrardan sonra razılıq alınmışdı..

- Mühacirət mətbuatına baxdığımızda Atatürkə böyük sevgini görürük. Atatürkün ölüm və doğum günlərində onunla bağlı mütləq yazılar verilirdi. Rəsulzadənin özü Atatürkün ilk məzarını ziyarət edib, bununla bağlı fotolar var. Yəni Rəsulzadə Atatürkdən incik olsaydı, sonralar onun məzarını ziyarət etməz, haqqında yazılar yazmazdı. Rəsulzadə ilə Atatürk görüşübmü, bu barədə məlumat yoxdur. Amma Atatürkün anıt məzarda saxlanılan kitabxanasının kataloquna baxdığımızda orada Rəsulzadənin üç kitabının olduğunu şəxsən özüm görmüşəm.

- Yəni, üzdə nümayiş olunan siyasi xətt özü əslində mühacirlərin alt qatda gizlincə qorunmasına xidmət edirdi, eləmi?

- Bəli, Türkiyə hökuməti mühacirlərə dəstək olub, onlara vətəndaşlıq verib, iş, maaş verib. Bunları necə danmaq olar?

- Elə bu müsahibəyə hazırlaşdığım günlərdə masamın üstündə Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" kitabı vardı, vaxt olduqca vərəqləyir, oxuyurdum. Kitabınızda Hilal Münşinin bu adamla bağlı maraqlı fikirləri yer alıb.

- Yazıçı Nəriman Əbdülrəhmanlının "Qurban" adlı çox maraqlı romanı var. Orada Məhəmməd Əsəd bəyin əsl kimliyi çox gözəl açıqlanır, eləcə də, Hilal Münşi ilə bağlı məsələlər. Aydındır ki, Əsəd bəy Şərqi əsrarəngiz göstərməklə Avropa oxucularını əldə edə bilirdi. Həmin vaxtlar Şərq avropalılar üçün öz ecazkarlığını qoruyurdu. Əsəd bəy də Şərqdə yetişmiş adam kimi bunları başa düşürdü, öz fitri istedadı ilə romanlarını qələmə alırdı, bilərəkdən xeyli yalan da yazırdı. Təki əsərləri maraq doğursun. Ona görə də Almaniyada təhsil almış Cümhuriyyətin yüz tələbəsindən Hilal Münşi onun Azərbaycan haqqında yazdığı yalanları ifşa etmək üçün bəyanat imzalayır, məqalə yazır. Bizə görə həqiqət Hilal Münşinin tərəfində olsa da, bu gün dünya Məhəmməd Əsəd bəyi oxuyur.

- Görəsən tarixin səhnəsində itib-batan, səssizliyə qarışan, naməlum cümhuriiyyətçi mühacirlər vardımı? Belə adamlar haqda məlumatlar axtarmısınızmı? Adı olsun, amma harda itdiyi, harda yoxa çıxması bilinməsin.

- Vardır hər halda. Məsələn, mən İstanbulda Kartal məzarlığında bir məzara rast gəldim. Üzərində yazılmışdı: "Azərbaycan hərb məktəbi məzunu gəncəli Cabbar Gəncər". Və ya Zincirlikuyu məzarlığında "Qarabağlı İsmail bəy", "Azərbaycanın qəhrəman pilotu Həsən Zeynallı" yazılmış başdaşları görmüşəm. Ankarada Əsri məzarlığında nuxalı filankəslər yazılan məzarlar da var. Və ya İstanbulda Feriköy məzarlığında başdaşında "Azərbaycanlı Qurbangil ailəsi" yazılan məzarlar var. İstanbulda Feriköy məzarlığında 20-dən çox azərbaycanlı mühacirin məzarı var. Əhməd Ağaoğlu, Sadıq Aran, Nağı Şeyxzamanlı, Xosrov Sultanzadə, Şəfi bəy Rüstəmbəyli, Kərim Odər, Miryaqub Mirmehdiyev, Əbdüləli Əmircan və digər mühacirlərin məzarları bir-birinə yaxın şəkildədir.Mənim bu insanların çoxu haqqında yetərli məlumatım yoxdur. Kim olublar bilmirəm. Amma təbii ki, axtarıb arayacağıq, ayrıca kitabda toplayacağıq

- Cümhuriyyət dövrünə dair ən maraqlı məlumatlardan biri də qurulmasından heç bir il keçməmiş yüz gəncin Avropaya təhsil üçün göndərilməsiydi. Maraqlıdır ki, bu ənənəni sonra Atatürk də davam etdirtdi və Türkiyənin ən aydın adamları məhz o tələbələrin içindən çıxdı.

- Bu ideal addım idi. Çünki milli kadr yox idi. Düzdür, xaricdə, Kiyev, Peterburq təhsil alanlarımız vardı. Amma onlar ya öz hesablarına, ya hansısa xeyriyyəçinin hesabına gedib oxuyurdular və dövlət qarşısında öhdəlikləri yox idi, həm də imperiya üsul-idarəçiliyində azərbaycanlılar yaxşı vəzifələrdə ola bilmirdilər. Cümhuriyyət isə yüz adam seçdikdən sonra, onları öhdəliklə xaricə, əsas da Almaniyaya göndərdi ki, qayıdanda dövlət üçün çalışsınlar. Buna zəruri ehtiyac vardı.

- Oxuyursan və düşünürsən, Cümhuriyyətin qurucuları sanki özlərini yoxdan var edən, yoxdan bir yumruqda birləşən, yoxdan demokratik dövlət quran güclü şəxsiyyətlər idilər. Lakin bütün qüvvələrini, güclərinin, ürəklərinin sevgisini dövlətçiliyin qurulmasına, millətin təşəkkülünə sərf etmişdilər. Tarix bir də bu qədər işıqlı insanı bir yerdə, eyni zamanda var edəcəkmi?

- 1918-ci il Azərbaycanın taleyini əbədiyyən həll etdi. Əgər həmin vaxt Azərbaycanda müstəqillik elan edilməsəydi, bu gün tarix səhnəsində heç vaxt dövlətimiz olmayacaqdı. Sadəcə, bir əyalət kimi ya Rusiyanın, ya da İranın tərkibində qalacaqdıq. Amma bu proses göydəndüşmə də olmadı. Öncə Axundzadədən başlayan maarifçilik hərəkatı oldu, ardınca Zərdabi ilə mətbuat yarandı, Üzeyir bəylə birlikdə milli kimlik məsələləri formalaşdı, ilk opera yazıldı. Cəlil Məhəmmədquluzadə, Ömər Faiq, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Topçubaşov kimi ziyalılar mətbuatda, dumada və s. yerlərdə ciddi fəaliyyət göstərdilər. Rus inqilabları da bu prosesi tətiklədi, nəhayət, çar rejimi yıxılan kimi xalqlar artıq yetişmiş şəkildə öz müstəqilliklərini elan etdilər. Cümhuriyyəti quranların hamısı sanki Tanrı tərəfindən seçilmiş elçilər idilər, hərəsinin bir missiyası vardı, layiqincə yerinə yetirdilər...

- Eyni şeyləri düşünürdüm... 37 bizim çox şeyimizi əlimizdən aldı, kökümüzdən xeyli qopduq.

- Təəssüf... Yeri gəlmişkən, repressiyanın 80 illiyidir, yəqin ki, bununla bağlı da layihələr həyata keçiriləcək..

- Dilqəm bəy, kitabınız necə qarşılandı Azərbaycanda? Razısınızmı?

- Kitabımın satışından və göstərilən diqqətdən razıyam. Mağazalar çox sifariş edildiyini və satıldığını deyirlər.


Müəllif: Hədiyyə Şəfaqət