26 Yanvar 2018 21:00
9 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Portret” layihəsində şair Mübariz Məsimoğlu mərhum dostu Kələntər Kələntərli haqqında danışır.

– Mübariz müəllim, Kələntər Kələntərli ilə münasibətləriniz nə zaman və necə başladı?

– Kələntər müəllimlə mənim dostluğum 80-ci illərin ortalarından başladı. Onu ilişdirmişdilər, türmədən qurtarıb gəldiyi vaxtlardan dostluğumuz yarandı. Yeyib-içməyə meyilli olan bir insan idi. Ləzgi ola-ola Azərbaycan dilini Azərbaycan yazıçılarının çoxundan yaxşı bilirdi və ədəbiyyatımıza bu dildə yazıb-yaradanlardan daha çox bələd idi. Ümumiyyətlə, ümumtürk ədəbiyyatına, rus dili vasitəsilə dünya ədəbiyyatına həddən artıq bələd olan bir adam idi. 1959-cu ildən üzü bəri Azərbaycanda ədəbi dərnəyə rəhbərlik etmişdi. O dərnəkdə yetişən adamların hətta bir neçəsi xalq şairi, xalq yazıçısı oldu. Amma təəssüflər olsun ki, Kələntər müəllimi xalq yazıçısı, xalq şairi adına yüksəlməyə qoymadılar.

– Başqa kimlərlə dost idi?

– Kələntər müəllim Azərbaycan ədəbiyyatının sarı siminə toxuna bilmiş adamlarla çox yaxın dost idi. Məsələn, Əli Kərimlə, Tofiq Bayramla, Vaqif Nəsiblə, Adil Rəsulla yaxın olublar. Kələntər müəllim həmin dövrdə Azərbaycan dilində memuar ədəbiyyatının əsasını qoymuşdu. Səməd Vurğundan başlayaraq Azərbaycanda yaşayıb-yaratmış şair və yazıçılar haqqında təxminən, 40-a yaxın kitab ortaya qoymuşdu. Bunların da ən gözəli Səməd Vurğun və Əli Kərim haqqında yazdığı kitablardır. Burada o, Azərbaycan ədəbiyyatının dərdini, mənəviyyatını, əxlaqını özündə daşıyan məsələləri əks etdirməyi bacarmışdı. İstedadın faciəsi, istedadın yox olması, əridilməsi, sıradan çıxarılması məsələsinə bir neçə müstəvidən yanaşmışdı, həm dövlət baxımından istedad qayğısızlığın ortaya qoyulması, həm məişət baxımından, ailə, dost-tanış baxımından, işsizlik baxımından və s. Bu məsələri Kələntər müəllim çox gözəl çözüb.

– Kələntər müəllimin bir fikrini Şərif Ağayar yazısında qeyd eləmişdi və bu da Əli Kərimin ailəsi tərəfindən etirazla qarşılanmışdı. Guya Əli Kərim ömrünün son günlərində arağın içərisinə kül qatıb içirmiş...

– Kələntər müəllimin belə bir şey yazıb-yazmamasından mənim xəbərim yoxdur, amma o, Əli Kərim haqqında həmişə böyük sevgi ilə danışırdı. Əli Kərimin həyat yoldaşı Elza tərəfindən vaxtında başa düşülməməsini bir az qabartmışdı. Bu da bütün Azərbaycan xanımlarına, eləcə də Elza xanıma aid xüsusiyyətlərdən biridir, istəyirlər ki, əri daşısın, gətirsin, qazansın. Təəssüf ki, Azərbaycan xanımları ərinin gələcəyə hesablanmış, mənəviyyata hesablanmış məsələləri vaxtında dəyərləndirə bilmirlər. Əli Kərimin də faciəsi bunda idi. Əli Kərim həmin dövrdə işsiz idi. İşsizliyinin də səbəbi bu idi ki, həddindən artıq istedadlı idi. Onun yerinə ən istedadsız adamları gətirmişdilər. Cəlal Məmmədov jurnala gəlmişdi. Əli Kərimi poeziya şöbəsindən çıxartmışdılar, Cabir Novruzu onun yerinə qoymuşdular. Bu məsələlər çox ağrılıdır. Kələntər müəllim isə bunları çox təsirli bir qələmlə yazıb.

Bu yaxınlarda Əli Kərimin oğlu Paşa Əlioğlunun müsahibəsini oxudum. Əfsuslar olsun ki, Paşa o müsahibədə atasının dostu kimi çox adamların adını çəkmişdi. Amma o adamların çoxu Əli Kərimlə dost olmayıblar, əksinə, Əlinin ayağından çəkiblər. Əli Kərimlə ən yaxın dost olan adam Kələntər Kələntərli olub. Bir-birini onlardan yaxşı başa düşən ikinci bir adam olmayıb. Və Əli Kərim haqqında ən gözəl şeiri də Kələntər Kələntərli yazıb.

– O şeiri siz əzbər bilirsiniz, deyə bilərsinizmi?

– Əlbəttə, deyərəm...

İlk şeirindən şair kimi çıxdın üzə,

Hər misranda fikir təzə, duyğu təzə,

“İki sevgin” oxunmayan bir məclisə,

Əlimdə gül, gülüm gəlməz, Əli Kərim!

Sözdən ötrü az girmədin şər altına,

Heç nə girməz, şeirin girər zər altına,

Əgər məni sən səsləsən yer altına,

Yox deməyə dilim gəlməz, Əli Kərim!

Ürəyimin yarasına basılıb duz,

Bilə bilməz sənə qıyan ölüm quduz,

İllərimin ən ağırı altımış doqquz,

Ondan ağır ilim gəlməz, Əli Kərim!

Səbirliyəm səbrin gələr səbrim üstə,

Gəbirliyəm gəbrin gələr gəbrim üstə,

Qəbrini də qəbir bilib qəbrin üstə,

Gül qoymağa əlim gəlməz, Əli Kərim!

Gileyini daşıyıram gileyimdə,

Diləyini yaşadıram diləyimdə,

Neçə canlı xatirə var ürəyimdə,

Heç birinə ölüm gəlməz, Əli Kərim!

– Kələntər Kələntərli etnik baxımdan ləzgi olmağının da çətinliklərini çəkibmi?

– O, ilk dövrlərdə bir az ləzgiliyə uyub. Təbliğatlar aparıb, başqa-başqa şeylər eləyib, ləzgiliyə xidmət eləyib. Sonrakı dövrlərdə Kələntər müəllim tamamilə qayıdaraq azərbaycançılıq istiqamətindən çıxış eləməyə başladı. Və burada iki bədbəxtçilik əmələ gəlib. Ləzgilər Kələntər müəllimin azərbaycançılığa xidmət etməsini bağışlamayıb, azərbaycanlılar isə onun ilk gənclik dövründə ləzgiliyə xidmət etməsini bağışlamayıblar. Cənnətlə cəhənnəmin arasında qalmış müqəddəs bir varlıq kimi Kələntər müəllimə nə o tərəf sahib durmaq istədi, nə də bu tərəf. Əslində isə Kələntər müəllim həm ləzgiçilikdən, həm də azərbaycançılıqdan çox yuxarıda dayanan bir insan idi. O, xüsusən, ömrünün son dövrlərində hər şeyə bəşəri müstəvidən yanaşırdı, hər şeyi ədəbiyyat və gözəllik prizmasından dəyərləndirməyə çalışırdı. Amma yenə deyirəm, əfsuslar olsun ki, ondan həm ləzgilər yanıqlıdır, həm də azərbaycanlılar. Çünki Kələntər müəllim nə ləzgilərin adamı idi, nə də azərbaycanlıların, o, Allahın adamı idi, haqqın adamı idi. Ona görə də yalandan türkçülük eləyənlərlə yalandan ləzgiçilik eləyənlərin arasında Kələntər müəllim münasibət yaxşı deyil.

– Onun elə bir səviyyədə yaradıcılığı varmı ki, deyəsiniz, dəyərini almamış bu dünyadan köçdü...

– Əlbəttə, çox böyük yaradıcılığı var. Bayaq adicə bir fakt dedim ki, o, Səməd Vurğun, Nəbi Xəzri, Əli Kərim, İsmayıl Şıxlı, Mehdi Hüseyn və başqalar haqqında memuar ədəbiyyatı yaradıb və ortaya qoyub.

– Deyirsiniz ki, Azərbaycanda memuar ədəbiyyatını Kələntər müəllim yaradıb. Axı ondan əvvəl də memuarlar yazanlar olub. Məsələn, Mirzə Cəlilin də memuarlarını oxumuşuq.

– Olub. Amma bizim 50-ci illərdən düz 2000-ci illərə qədər bütün ədəbi tariximiz Kələntər müəllimin memuarlarında var. Özü də tərəfkeşsiz memuarlardır. Bu memuarlar təkcə həmin şəxslərin həyatını öyrənmək baxımından yox, ədəbiyyatımızı öyrənmək baxımından iki akademiyanın görə biləcəyi işi görüb.

Bundan başqa Kələntər müəllimin 90-cı illərdə Qarabağla bağlı yazdığı gözəl şeirlər var. Heç bir Azərbaycan şairinin Qarabağ mövzusunda Kələntər müəllim qədər poetik yazmayıb. Yanğı olmasaydı, bunları yaza bilməzdi.

– Bildiyimizə görə, ömrünün sonu maddi çətinliklər içərisində keçib...

– Onun maddi problemləri həmişə olub, amma ədəbiyyatı, sözü başa düşən adamlar Kələntər müəllimi maddi cəhətdən təmin edirdilər. Yaxın adamlar vardı ki, ona həmişə kömək edirdi. Məsələn, Əşrәf Balammetov vardı, Etibar Sturvi vardı və s. Kələntər müəllimə ən böyük hörməti AzTV-nin keçmiş sədri Nizami Xudiyev edirdi. O, Kələntər müəllimin maddi sıxıntılarının qarşısını alırdı.

– Səhv eləmirəmsə, Kələntər müəllim dünyasını dəyişəndən sonra həyat yoldaşı Yazıçılar Birliyinə gəlib-gedir, ərinin əsərlərinin çapına görə...

– Yox, o qadın Kələntər müəllimin həyat yoldaşı deyil. Onun həyat yoldaşı vəfat eləyəndən sonra bir yerdə ömür-gün sürdüyü bir Nailə xanım var, yəqin, onu deyirsiniz. Düzü, mənim o xanımdan da xoşum gəlmirdi. Bəlkə də Kələntər müəllimi çərlədib öldürən adamlardan biri də o qadın idi. O da Kələntər müəllimi başa düşmürdü, ərinə ancaq maddi cəhətdən göz dikən xanımlardan biri idi. Ümumiyyətlə, Kələntər müəllim hardansa aldığı pullarla minlərlə qadına əl tuturdu, qızı kimi, balası kimi, gəlini kimi... Kələntər müəllim sonuncu qəpiyini yolda, küçədə duran qadınlara, qızlara, əlsiz-ayaqsızlara paylayan bir adam idi. Çox səxavətli kişi idi.

– Kələntər müəllimin belə bir sanballı yaradıcılığı vardısa, sizin dediyiniz kimi, ədəbi-ictimai fikirdə yeri olan bir şəxsiyyət idisə, bəs nə üçün istər dövlət yanında, istərsə də cəmiyyətdə özünü təsdiq eləyə, tanıda bilmədi?

– Kələntər müəllimi ədəbiyyatla məşğul olan klassik şair və yazıçıların hamısı tanıyır. O, dövlət tərəfindən də dəyərləndirilib, “Tərəqqi” medalına qədər təltif edilib. Uzun müddət Azərbaycan radiosunda ləzgi verilişlərinin aparıcısı olub, baş redaktor işləyib. İki xalqı təmsil eləyən bir adam kimi o, ləzgilərlə azərbaycanlılar arasında balansı çox gözəl quruyub-saxlaya bilirdi. Kələntər müəllim hər iki xalqın gələcəyə gedən üfiqlərini birləşdirə bilən bir adam idi. Bu cür adamların olması Qafqazda sülhün, əminamanlığın inkişafına dayaq verən məsələlərdən biridir.

– Övladları var?

– Birinci nikahından bir övladı olub. Ancaq Kələntər müəllim həbs olunandan sonra bacanağı onun övladını götürüb saxladı. Özü vermişdi. Bacanağının uşağı olmurdu. Sonradan onun həyat yoldaşı faciəli şəkildə dünyasını dəyişdi. Bundan sonra Kələntər müəllim evlənmədi.

– Nə üçün həbs olunmuşdu?

– Kələntər müəllim iki dəfə həbs həyatı yaşamışdı. Birinci dəfə 1962-ci ildə gəncliyində Ləzgi Respublikasının yaranması ilə bağlı mübarizə aparan adamlardan biri olub. Ona görə həbs elədilər. İkinci dəfə isə 1982-ci ildə guya kimdənsə işə düzəltmək adı ilə pul alıb yerinə yetirməməsi bəhanəsi ilə həbs elədilər. Məsələ yenə də ləzgiçiliklə bağlı idi. Türkçü olan adamların yaddaşında qalmışdı ki, guya o, yenə də ləzgilərə xidmət eləyir.

Kələntər müəllimin Azərbaycan ədəbiyyatında yer tutmasında iki adam böyük rol oynayıb, onlardan biri Səməd Vurğun, o biri isə Osman Sarıvəlli olub. Səməd Vurğun hələ 1952-ci ildə Qubada tələbə gənclərin sədri olanda Kələntər müəllimi kəşf eləmişdi. Demişdi ki, sən Azərbaycan dilini yaxşı bilsən, yaxşı şair olacaqsan. 1963-cü ildə “Öz qitəmi axtarıram” kitabına isə Osman Sarıvəlli ön söz yazıb. Osman Sarıvəlliyə də Kələntər müəllimi Səməd Vurğun tapşırmışdı. O da Kələntər müəllimi Mehdi Hüseynə tapşırmışdı. O, Mehdi Hüseynin dövründə uzun müddət Natəvan klubunun sədri olmuşdu. Mehdi Hüseyndən sonra isə onun karyerası sönməyə başladı. Bu insanlar yaşasaydılar, Kələntər müəllimin həyatı daha işıqlı olacaqdı.

– Belə çıxır ki, onun başına gələn hadisələrin çoxu da elə ləzgi təbliğatına görədir...

– Əslində, Kələntər müəllim ləzgi olduğunu gizlətməyən bir adam idi. Ləzgi olması ilə həmişə fəxr edirdi, amma eyni zamanda azərbaycanlı olması ilə də qürur duyurdu. 1994-cü ildə isə bu iki istiqamətə bir balans vermişdi ki, bəli, mən Azərbaycan Respublikasının vətəndaşıyam, yaradıcılığımla da, işim və əməlimlə də bu dövlətə, bu millətə xidmət eləməliyəm. Bu, dövlət tərəfindən də sübut olunmuş haldır. Çünki dövlət televiziyasından, radiosundan Dərbəddə təbliğat işlərini yerinə yetirmək üçün Kələntər müəllimi göndərmişdilər. Azərbaycan dövlətçiliyinə xidmət edən, bu amalda olan bir insan idi, axıra qədər də bu missiyanı yerinə yetirdi.

Azərbaycan radiosunun “Bulaq” verilişində işləmiş Tahir Talıblı bir dəfə demişdi ki, Kələntər müəllim yeganə adam idi ki, onun yazısında səhv axtarırdım, düşünürdüm ki, bu adam ləzgi ola-ola necə ola bilər ki, Azərbaycan dilində bu qədər gözəl yaza bilir. Tahir Talıblı deyir ki, axıra qədər Kələntər müəllimdə bir dənə də səhv tapa bilmədim. O, Azərbaycanın folklorundan, dastanlarından, mifik təfəkküründən irəli gələn şeirlərin, yazıların müəllifidir.

– Bundan sonra onun kitablarının çap problemi varmı?

– Kələntər müəllimin səkkiz cildlik kitabının çap məsələsi ortaya qoyulub. Bunu da bayaq adını çəkdiyim Etibar Sturvi çap eləyib. Sağlığında iki cildliyi çıxıb, altısı qalıb.

– Deyəsən, 80 yaşında dünyasını dəyişdi. Son günlərini kimlə keçirirdi?

– Elə bizimlə keçirirdi. Mən, Etibar Sturvi, Əşrəf Balammetov idi. Dünyada baş verməyən bir hadisənin də şahidi oldu. Onun öldüyü gün biz çatana kimi Kələntər müəllim gözlərini özü öz əlləri ilə qapamışdı. Yanında bir xanım olub, ona deyib ki, kənarda dur, mən canımı tapşırıram, əlləri ilə öz gözlərini qapayıb və gedib.

Çox qəribə bir insan idi. Onun bacıları acından ölmüşdü deyə, ömür boyu çörək yemirdi. Ölənə kimi də çörək yemədi. Ancaq tvarok-filan kimi şeylərlə dolanan adam idi. Mart ayının 20-də onun anadan olduğu gündür. Anadan olmasının 85 illiyi tamam olur. Əşrəf Balmmətov, Etibar Sturvi, mən və başqa dostlar gedib ona baş çəkəcəyik...


Müəllif: Kəramət Böyükçöl