18 İyul 2014 16:25

Bakı Apelyasiya Məhkəməsində NİDA vətəndaş hərəkatının üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesində dava düşüb.

Teleqraf.com-un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zaur Qurbanlı fasilə vaxtı anası ilə görüşmək istəyərkən məhkəmə nəzarətçiləri ona mane olub. Nəzarətçilərin hərəkətindən narazı qalan təqsirləndirilən şəxslər dəmir barmaqlıqlar arasından öz etirazlarını bildirib, səs-küy salıblar. NİDA üzvlərinin salondakı qohumları da onlara dəstək olub.

Hakim onları sakitləşdirməyə çalışsa da buna nail ola bilməyib. Məhkəmə salonunu tərk edən hakimlər prosesi təxirə salmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar.

İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il, Rəşadət Axundov 8 il, İlkin Rüstəmzadə 8 il, Bəxtiyar Quliyev 7 il, Məmməd Əzizov 7 il 6 ay, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, indiyə qədər “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevə müraciət ediblər.

Hacı Zeynalov


Müəllif: