25 Noyabr 2017 14:45
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Atlas” Araşdırmalar Mərkəzinin əvvəlki yazılarında proqnozlaşdırdıdığı kimi Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri nəticə vermədi.

Teleqraf.com xəbər verir ki, bunu mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib:

“Sergey Lavrov Bakıda və İrəvanda münaqişənin həllini sürətləndirəcək heç nə demədi. Tam əksinə, söylədikləri münaqişənin həllinin uzanmasına xidmət edirdi.

Birincisi, Sergey Lavrov işğal altındakı torpaqların boşaldılmasıyla bağlı BMT qətnamələri barədə Bakıda bunu dedi ki, bu istiqamətdə səyləri davam etdirmək lazımdır. Halbuki BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamə yekdilliklə qəbul olunub və icrası məcburi xarakter daşıyır.

İkincisi, Sergey Lavrov İrəvanda dedi ki, münaqişənin həllini bəndlərə bölmək doğru deyil, problemin həllinə kompleks yanaşmaq lazımdır. Bu elə rəsmi İrəvanın mövqeyi ilə üst-üstə düşür. Onlar da münaqişənin həllinin paket həllini dəstəkləyirlər. Yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması Dağlıq Qarabağda keçiriləcək referendumla əlaqələndirilir. Azərbaycan bu varianta razı deyil”.

Politoloqun sözlərinə görə, rəsmi Bakı münaqişənin həllində mərhələlilik prinsipini dəstəkləyir:

“Lavrov isə bu barədə bir kəlmə də demədi. Rusiyanın xarici işlər naziri Bakıdakı görüşləri sırasında bircə dəfə də “Azərbaycanın ərazi bütövlüyü” ifadəsini işlətmədi.

Rusiya siyasətçiləri eyni problemə fərqli prizmalardan yanaşırlar. Rusiya xarici işlər naziri Cənubi Qafqaz ölkələrinə səfər etdiyi günlərdə Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Serbiyada səfərdə idi. Matviyenko Serbiyanın prezidenti Aleksandr Vuçiçlə görüşündə dedi ki, Rusiya Kosovo məsələsində birmənalı olaraq Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Bununla Rusiya separatizm məsələsində Serbiya ilə Azərbaycan arasında fərq qoyduğunu göstərdi”.

Elxan Şahinoğlu bildirib ki, Sergey Lavrov Moskvaya qayıtdıqdan sonra erməni mətbuatında guya Moskvanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonun əvəzinə 2 və ya 3 rayonun boşaldılmasını istəməsi ilə bağlı məlumatlar dərc olunub: “Bunun da adını qoyublar “Putin planı”. Əslində nə “Lavrov planı”, nə də “Putin planı” mövcuddur. Sadəcə, Rusiya rəsmilərinin münaqişənin həlliylə bağlı parça-parça şəklində müəyyən təklifləri var. Bu təkliflər isə Azərbaycanın maraqlarına cavab vermir”.

Politoloq Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ikinci dəfə “Dağlıq Qarabağ münaqişəsinin həlli Vladimir Putindən asılıdır” fikini səsləndirməsinə də diqqət çəkib: “Ərdoğan bununla hamıya iki mesaj göndərir. Birinci mesajın əhəmiyyəti odur ki, Putin istəsə münaqişəni həll edə bilər, sadəcə indiki mərhələdə Kremlı sahibinin bu münaqişəni həll etməyə marağı yoxdur.

İkinci mesajın əhəmiyyəti isə odur ki, münaqişə və onun həlli Rusiyanın tam nəzarəti altındadır, ATƏT və Minsk Qrupu, o cümlədən Türkiyə təkbaşına heç nə edə bilməz”.

Şahinoğlu hazırki vəziyyətin Azərbaycanı qane etmədiyini bildirib: “Bu o deməkdir ki, cəbhə bölgəsində gərginlik azalmayacaq. Tam əksinə, Azərbaycan ordusunun snayperləri və kəşfiyyat qrupları işğal altındakı torpaqlarda yerləşən postları neytrallaşdırmaqda davam edəcəklər. Böyük dövlətlər bölgədə müharibə imkanlarının qarşısını almağa çalışsalar da, Azərbaycan ordusunun işğalçı ordunun itkisinin artmasına mane olmurlar, mane ola da bilməzlər. Hazırki mərhələdə əsas məqsəd işğalçı dövlətin resurslarını zəiflətməkdir. Bu elə belə də davam edəcək”.


Müəllif: Samir