13 Yanvar 08:59
253

Hələ 1990-cı illərin əvvəllərində – İtaliyanın ATƏM-dəki (sonradan ATƏT adlandırıldı. - S.Həmid) nümayəndəsi faktiki olaraq Dağlıq Qarabağ münaqişənin həllinə vasitəçilik edirdi.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib.

O qeyd edib ki, ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli bölgəyə dəfələrlə səfər etmişdi:

“İtaliya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə çox ciddi məşğul olub və Minsk Qrupunun yaradılmasına böyük təşəbbüs göstərib. Bu işdə italiyalıların böyük rolu var”.

F.Sadıqov əlavə edib ki, ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın Xarici İşlər naziri Ancelino Alfanonun verdiyi bəyanat bizim maraqlarımıza tam cavab verir:

“Əgər İtaliya həqiqətən bu məsələ ilə məşğul olacaqsa və bunun bizə müsbət nəticələri olacaqsa, əlbəttə, biz bunu yalnız salamlaya bilərik. Bu, bizim maraqlarımıza tam mənada cavab verən bir mövqedir. Amma eyni zamanda biz ötən 25 il ərzində belə bəyanatları çox eşitmişik. Müxtəlif aparıcı ölkələrin nümayəndələri, diplomatlar bu cür fikirləri çox səsləndiriblər. Düşünürəm ki, ATƏT-in fəaliyyətdə olan sədrinin görəcəyi işlər bu bəyanatla üst-üstə düşəcək. Amma eyni zamanda mən inanmıram ki, məsələnin həlli təkcə ATƏT sədrindən asılı olsun. Çünki ATƏT sədri bir il müddətində fəaliyyətdə olur. Bir ildən sonra bu vəzifə başqa ölkəyə həvalə olunur, həmin ölkənin xarici işlər naziri eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri olur”.

Bununla belə F.Sadıqov qeyd edib ki, hər halda onların təşəbbüsündən, diplomatik addımlarından, enerjisindən, Ermənistana təzyiqindən çox şey asılıdır:

“Əgər belə bir bəyanat verilirsə və bu bizim maraqlarımıza cavab verirsə, tam beynəlxalq hüquq normalarına uyğundursa, demək, bəyanatlarla yanaşı müəyyən hərəkətlər də etməlidirlər. Bu addımlar əlbəttə, Azərbaycanda çox müsbət qəbul olunmalıdır”.

Qeyd edək ki, yanvarın 11-də Vyanada ATƏT Daimi Şurasının iclasında ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayıb. O bildirib ki, ölkəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün 2018-ci ildə ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir.

“Diqqətimiz bütün həll olunmamış münaqişələrə yönələcək”, - deyən A.Alfano qeyd edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.

ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, İtaliyanın ATƏT-dəki sədrliyinin daha bir prioriteti Minsk razılaşmaları çərçivəsində Ukraynadakı böhranı həll etməkdir.

A.Alfanonun çıxışına Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi də münasibətini açıqlayıb. Nümayəndəlik qeyd edib ki, Azərbaycan İtaliyanın bu çətin dövrdə ATƏT-ə sədrlik etmək məsuliyyətini üzərinə götürmək iradəsini yüksək qiymətləndirir. Qeyd olunur ki, Azərbaycan İtaliya sədrliyinin açıq, şəffaf və inklüziv yanaşmasını tam dəstəkləyir.


Müəllif: Səxavət Həmid