23 Yanvar 2018 09:06
4 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrin əməliyyatı ciddi strateji əhəmiyyətə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Zifəroğlu bildirib.

O qeyd edib ki, hazırda yaşananlar Türkiyənin bölgədəki mövqeyini olduqca gücləndirəcək:

“Afrinin nəzarətə götürülməsi Türkiyənin təhlükəsizliyi baxımından olduqca önəmlidir və PKK, YPG və PYD terror təşkilatlarına ciddi sarsıdıcı zərbə olacaq. Afrin Türkiyənin terrorla mücadiləsində son dərəcə ciddi nöqtədir. Xüsusən, son dönəmlərdə PKK/PYD qruplaşmaları bu ərazidən sızaraq, Türkiyənin sərhəd məntəqələrini təhdid etməkdədirlər. Afrin faktiki olaraq PKK-nın Suriya qolu PYD üçün bir lojistik və hərəkat mərkəzi rolunu oynamaqda idi.

Digər tərəfdən, bu bölgə Türkiyənin Fərat qalxanı əməliyyatı ilə təmizlədiyi bölgəni də təhdid edir. Bildiyiniz kimi, Fərat qalxanı yalnız Türkiyə sərhədinə İŞİD təhlükəsini aradan qaldırmadı, kürd qruplaşmalarının nəzarətində olan iki bölgə – Afrin və Kobani arasında tampon bölgə yaratdı. Bununla da Türkiyə kürd qruplaşmalarının Türkiyənin Suriya ilə sərhəd boyu uzanan bir dəhlizinin qurulmasının qarşısını aldı. Bu baxımdan Afrindən hazırda xüsusilə Azezə yönəlik hücumları və Əl-Baba doğru bu bölgədən mütəmadi edilən təzyiqləri vurğulaya bilərik. Üçüncü vacib məqam Suriyada qarşı duran güclərin balansı ilə bağlıdır. Afrinin yerləşdiyi nöqtə Fərat qalxanı ilə Türkiyənin nəzarət etdiyi bölgə və İdlib arasında birləşmə nöqtəsidir. Şübhəsiz ki, əgər bu ərazi Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə keçsə, burada bir bütövlük təmin olunacaq. Bu isə Suriya ilə bağlı müzakirələrdə Türkiyənin mövqelərini gücləndirəcək”.

V.Zifəroğlu qeyd edib ki, həmin ərazilərdə Rusiya hərbi bazasının, eləcə də İranın dəstəklədiyi silahlı şiə qruplaşmalarının da olması məsələnin həssaslığından xəbər versə də, gözlənildiyi kimi, hər iki ölkə rəsmi Ankaranın mövqeyini anlayışla qarşıladı:

“Hətta, Rusiyanın öz hərbçilərini əməliyyatların getdiyi ərazilərdən uzaqlaşdırdığı ilə bağlı xəbərlər yayıldı. Burada diqqət çəkən ən önəmli məqam Moskvanın bu addımı separatçıların liderlərinin onlara yardım üçün müraciət etmələri fonunda atması oldu. Rusiya indiki məqamda Türkiyə ilə tərəfdaşlıqdan imtina etmək niyyətində deyil və xarici faktorların təsiri ilə formalaşmış Ankara-Moskva-Tehran üçbucağının daha dayanıqlı, möhkəm olmasında maraqlıdır. Hətta Rusiya XİN-in başlanan əməliyyata görə ABŞ-ı qınaması və bununla da Türkiyəni haqlı hesab etməsini də olduqca önəmli diplomatik addım hesab etmək olar. Baş verənlərə birbaşa qınayıcı münasibət bəsləyən yeganə tərəf ABŞ oldu. Birmənalı şəkildə vurğulamalıyıq ki, Amerika da sözügedən qruplaşmalara görə Türkiyə ilə üz-üzə gəlmək niyyətində deyil”.

Şərhçi Afrin əməliyyatının olduqca önəmli nəticələrinin olacağını vurğulayıb:

“İlk növbədə İŞİD-dən sonra bölgədəki boşluğu ABŞ-ın dəstəyi ilə doldurmağa çalışan kürd qruplaşmalarına öldürücü zərbələr vurulacaq. İkinci məqam Türkiyənin mövqelərini gücləndirməklə bölgənin gələcəyi ilə bağlı daha böyük söz sahibi olmaq imkanı əldə edəcəyi ilə bağlıdır. Buna həm ərəblərlə ciddi münaqişə vəziyyətində olan, ABŞ və İsrailin təzyiqlərini daha artıq dərəcədə üzərində hiss edən və getdikcə manevr imkanları daralan Tehran, həm də Qərblə bir çox cinahlarda qarşı-qarşıya duran Moskva məcburdur. Zatən Suriyada sülh danışıqları ilə bağlı keçən il keçirilən son Astana görüşündə hər iki ölkə Ankara ilə razılığa gəlmişdilər. Məhz bu razılıq xəbərlərindən sonra ABŞ-ın kürd qruplaşmalarına silah yardımı daha intensiv xarakter aldı.

Amma keçirilən bu əməliyyatların fonunda diqqət ediləsi ən vacib durum vaxtında dayanmağı bacarmaqdır. Suriya bir bataqlıqdır və ən təhlükəlisi Suriyanın ikinci Əfqanıstana çevrilməsi fonunda Türkiyənin Pakistanın taleyini bölüşməsidir”.


Müəllif: Səxavət