15 Fevral 2018 17:49
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub Qaz Dəhlizi"ndə işlər əvvəlcədən proqnozlaşdırıldığı kimi gedir.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi strateji əhəmiyyətə malikdir və bu layihə Avropanın enerji təhlükəsizliyini təmin edəcək layihələrdən biri olacaq:

"Avropanın bu sahədə starategiyası həyata keçirilməyə başlayandan bəri Cənubi Avropa ölkələrinin bu layihələrə qoşulması üçün işlər aparılır. Biz çox məmnunuq ki, Bolqarıstan və Ruminiya interkollektorlar vasitəsilə bu layihəyə qoşulmağa qərar veriblər. Bu layihəyə maliyyə dəstəyinə gəldikdə Avropa maliyyə strukturları bu istiqamətdə işlər aparır".

Vitse-prezident qeyd edib ki, TANAP layihəsinə ötən il Avropa Yenidənqurma Bankı tərəfindən 500 milyon, Trans-Adrik layihəsinə isə 1.5 milyard avro kredit ayrılıb: "Bu isə bir daha Avropa İttifaqının bu layihələrə marağını göstərir".

Maroş Şefçoviç "Cənub Qaz Dəhlizi"nə Türkmənistan da qoşula biləcəyini deyib.

Onun sözlərinə görə, Türkmənistan hökumətinin rəhbərliyi ilə müntəzəm görüşlər, müzakirələr aparılır: "Biz Türkmənistan qaz ehtiyatlarının "Cənub Qaz Dəhlizi" layihəsi vasitəsilə Avropaya çatdırılmasını da müzakirə edirik. Bu gün türkmən qazının Avropaya çatırılmasına marağı müşahidə edirik. Bu istiqamətdə Azərbaycan tərəfinin göstərdiyi səyləri alqışlayırıq".

Vitse-prezident qeyd edib ki, Türkmənistan Məşvərət Şurasının bugünkü görüşündə təmsil olunub.

O, İranın da bu layihəyə qoşulması ehtimalından söz açıb: "Bunun üçün müvafiq infrastukturun olması lazımdır".


Müəllif: İlhamə Əbülfət