17 Mart 2018 16:04
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Si Cinpinə Çin Xalq Respublikasının sədri seçilməsi münasibəti ilə təbrik məktubu göndərib.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:

"Çin Xalq Respublikasının Sədri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz tarixi ənənələrə malik Azərbaycan-Çin əlaqələrinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu mənada dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi xüsusi məmnunluq doğurur.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Daim artan siyasi təmaslarımız iqtisadi, humanitar sahələrdə fəal və səmərəli əməkdaşlığımız ilə müşayiət olunur. Bizi həm də regionumuz üçün böyük əhəmiyyət daşıyan perspektivli infrastruktur layihələrinin gerçəkləşdirilməsində tərəfdaşlıq münasibətləri birləşdirir.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, ikitərəfli qaydada, eləcə də beynəlxalq və regional formatda qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Müəllif: Teleqraf.com