22 Avqust 2014 11:29

Fəzail Ağamalı: “İstəyimiz odur ki, o, Ermənistana qarşı daha sərt mövqe nümayiş etdirsin”

“Mən, əlbəttə Əhməd Davudoğlu Türkiyənin parlaq siyasətçilərindən biri kimi dəyərləndirirəm. O, kifayət qədər oturuşmuş siyasətçidir. Əhməd Davudoğlu son illərdə Türkiyə xarici siyasətinə rəhbərlik edən şəxslər içərisində mən deyərdim ki, ən dinamik və ən praqmatik diplomat kimi özünü təsdiq edib. Eyni zamanda məncə onun Türkiyə cəmiyyətində də yetərincə nüfuzu var. AKP daxilində də ona böyük hörmət hiss olunmaqdadır. Avqustun 19-da, axşam prezident Abdullah Gül vida mərasimində etdiyi çıxışında da o, baş nazirliyə namizəd kimi birbaşa Əhməd Davudoğlunun üzərində dayandı, onun üstün keyfiyyətlərinin xarakterizə etdi və bu da əlbəttə, Əhməd bəyə verilən yüksək qiymətin ifadəsi idi”.

Bunu Teleqraf.com-a açıqlamasında Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Qeyd edək ki, avqustun 21-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Mərkəzi Yürütmə Kurulunun qapalı toplantısında xarici işlər naziri, Konya millət vəkili Əhməd Davudoğlu partiyanın yeni sədrliyinə və Türkiyənin baş nazirliyinə namizəd kimi müəyyənləşib.

F.Ağamalı qeyd edib ki, Ə.Davudoğludan öncə xarici işlər naziri olan Əli Babacan İrəvanla münasibətlərin qurulmasında “futbol diplomatiyası”ndan istifadə edərək bu münasibətlərin istiləşməsində müəyyən hədləri keçib:

“Əli Babacan bu proses zamanı çox böyük canfəşanlıq etdi və nə Türkiyənin ümumi strateji maraqlarını, nə də Azərbaycan torpaqlarının bir hissəsinin işğal altında olmasını göz önünə gətirmədi. Bu ənənəni Davudoğlu da müəyyən dərəcədə davam etdirdi. Lakin o bu işi daha təmkinli, daha emosiyadan kənar formada gördü. Ermənistanla Türkiyə arasında Sürix protokollarınn imzalanmasında, əlbəttə Davudoğlunun xüsusi xidmətləri oldu. Bu, əlbəttə, bizim üçün ağrılı bir tarixdir. Mən arzulayıram ki, Davudoğlu Türkiyənin baş naziri olarkən öz potensialını, yüksək intellektini və siyasi təcrübəsini Azərbaycanla Türkiyə arasındakı dövlətlərarası münasibətlərin yüksək inkişafına sərf etsin, bu işə öz töhfələrini versin. Birmənalı olaraq Ermənistana türk cəmiyyətinin iradəsinin tələb etdiyi şəkildə yanaşsın və işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsində Türkiyənin baş naziri kimi özündən əvvəlki baş nazirin, türk dövlətinin və cəmiyyətinin istəyinin, arzularının və iradəsinin əksinə getməsin, Ermənistana qarşı daha sərt mövqe nümayiş etdirsin. Əgər belə olarsa, düşünürəm ki, o, indiyədək görkəmli bir diplomat kimi Türkiyənin tarixinə düşdüyü kimi, bundan da sonra bütövlükdə türk dünyasının möhkəmlənməsinə, güclənməsinə böyük töhfələr verən bir türkçü, dövlətçi kimi tarixə düşəcək. Əhməd Davudoğlunun bunu etməyə tam haqqı çatır. Çünki mənim bildiyim qədər o türk oğlu türkdür”.

Səxavət


Müəllif:
Загрузка...