5 İyul 2016 15:07

Yaxın və Orta Şərq regionu son vaxtlar bir-birinin ardınca güclü terror aktlarına şahidlik edir. Əslində, bu bölgədə teraktlara əvvəllər də tez-tez rast gəlinirdi. Sadəcə, son vaxtlar miqyası və coğrafiyası daha da genişlənib. Türkiyə də terror aktlarının geniş yayıldığı bir bölgəyə çevrilib.

Son günlər İstanbulda terror aktı törədilib, daha sonra Bağdadda silsilə partlayışlar baş verib. Bütün terror aktlarına görə məsuliyyəti İraq İslam Şam Dövləti (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.
Bəs, bu terror aktlarının baş verməsi tezliklə bölgədə İŞİD-ə qarşı ciddi hərbi əməliyyatların başlamasına səbəb ola bilərmi?

Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran siyasi ekspert Rasim Ağayev bunu söyləmək üçün xüsusi məlumata malik olmağın tələb edildiyini vurğulayıb. Onun sözlərinə görə, son vaxtlar terrorçuların fəallaşdıqları görünür: “Nəyə görə fəallaşırlar? Ona görə ki, beynəlxalq cəmiyyətin onların qarşısında çəkindiyini görürlər. Görürlər ki, terrorçuluqla mübarizədə vahid cəbhə yaranmayıb. İndi deyirlər ki, bu teraktları İŞİD törədib. Əslində isə, yaxşı bilirik ki, terrorçunun nə milliyəti, nə də siyasi təşkilatı var. Bu, idarə olunan ümumi bəladır. Görürük ki, Yaxın Şərqdə bu bəlanın qarşısı alınmaq istənilmir. Hamı bilir ki, bu terror aktlarını İŞİD törətmir. Bunu edən kürdlərdir. Sadəcə, oyundur. Terrorçuya bombanı harada partlatmağın fərqi yoxdur. Onun pulunu verirlər, o da gedib hansısa yerdə partlayış törədir”.

R.Ağayev hesab edir ki, terrorçuluqla mübarizə aparmaq üçün beynəlxalq ictimaiyyət tərəfindən sərt konvensiyaların qəbul olunması gərəkdir: “Ümumi razılıq olmalıdır ki, terror aktları harada baş verirsə, onun qarşısı ümumi qüvvələrin iştirakı ilə alınsın. Bu yoxdur. İndi təbii olaraq ermənilər də, kürdlər də, Səudiyyə Ərəbistanı və başqa dövlətlər də sevinirlər ki, Türkiyədə belə bir vəziyyət yaranıb. Bunları da idarə edən kimdir?! Əlbəttə, Amerika”.

Müsahibimiz həmçinin qeyd edib ki, terrorizm böyük dövlətlərin, güclü ölkələrin maraqlarının olduğu yerlərdə baş qaldırır: “Amerika, yaxud Rusiya, yaxud bu iki dövlət bir yerdə hara ayağını basırsa, bunların maraqları toqquşur və nəticədə terror aktları baş verir. Ümumiyyətlə, biz nədənsə unuduruq ki, bütün güclü, sağçı islamçı terror qüvvələri – “Əl-Qaidə”, İŞİD Amerikanın xeyir-duası ilə yaranan təşkilatlardır. Bu qüvvələr ona görə yaradılıb ki, bu regionda müstəqilliyə yönəlmiş qüvvələrin qarşısını alsınlar. İndiki məqamda bu bölgədə terror aktlarının geniş yayılması bir səbəblə bağlıdır. Hazırda qloballaşma prosesi adlanan hərəkat faktiki olaraq Amerikanın dünyanı nəzarət altında saxlaması üçün bir vasitədir. Bu o deməkdir ki, qlobal regionları öz nəzarəti altına keçirsin. Bu da təbii ki, Rusiyanın maraqları ilə qarşılaşır.

Fikir verin, Cənubi-Şərqi Asiya regionu ilə ABŞ-ın işi yoxdur. Çünki orda Yaponiya var. Digər tərəfdən Rusiya ilə, bu regionlarla qurtarmamış ora getmək istəmir. Çünki söhbət, bütün qırğın Rusiyanın böyük sərvətlərindən gedir. Faktiki olaraq Amerikanın siyasəti nəticəsində, Avropa İttifaqı da parçalanmağa başladı. Bu da Amerikanın Avropa İttifaqındakı agenti Böyük Britaniyanın əli ilə, onun xeyir-duası ilə başladı. Amerika istəmir ki, hansısa böyük qüvvələr yaransın. Onlar hesab edirlər ki, parçalansalar yaxşıdır. Avropa İttifaqı parçalansın, o zaman təkbətək bütün ölkələrlə söhbət apara bilər. Eyni zamanda Rusiya gücdən düşsün. Digər tərəfdən Türkiyə çıxıb ortaya. Türkiyə ümumiyyətlə, son illərdə böyük səhvə yol verdi. Əsas səhv o deyil ki, İsraillə dava etdi, Rusiya ilə aranı pozdu. Söhbət ondan gedir ki, Türkiyənin siyasi liderləri rəsmi Ankaranın Yaxın Şərqdə maraqları olduğunu deməyə başladılar.

Bunlar da hamını oyatdı. Avropa onsuz da Türkiyəyə şübhə ilə yanaşırdı. Yüz illərlə Avropa ilə Türkiyə arasında münaqişələr olub. İndi münasibətlər düzələndən sonra Türkiyə deyir ki, bizim marağımız var, Suriyada öz söhbətimizi deməliyik. Nəticədə kürd hərəkatı yenidən Türkiyənin üzərinə qaldırıldı. Kürd hərəkatını saxlayan, qidalandıran da Avropa, Amerika və müəyyən dərəcədə Rusiyadır. Yəni, Türkiyəni yerində oturtmaq, onu parçalamaq kimi fikirlər hələ də var”.

Səxavət HƏMİD


Müəllif:
Загрузка...