24 İyun 2014 16:15
596

Siyavuş Novruzov: “Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”

“Əslində, biz Ermənistanla danışıqlar aparmamalıyıq. Çünki ermənilər heç bir məsələni həll etmir. Danışıqları Ermənistanı himayə edən dövlətlərlə aparmalıyıq. Ermənistan müstəqil dövlət deyil və öz himayədarlarının sözündən kənara çıxa bilməz”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, NATO PA-nın Bakıda keçirilən tədbirində erməni deputatların səsləndirdikləri fikirlərin hamısı əsassızdır. Onun sözlərinə görə, bütün dünya Ermənistanda nə qədər acınacaqlı vəziyyətin olduğunu bilir: “Dərin sosial-iqtisadi böhran nəticəsində hər il təxminən 70 min insan işğalçı ölkəni tərk edir. Eyni zamanda, Qarabağ erməniləri ilə Ermənistan vətəndaşları arasında ciddi qarşıdurmalar var. Bu amil onların ordusunda da özünü göstərir. Ermənistanda əhalinin sayı o qədər azdır ki, sərhədlərin mühafizəsində mülki, yerli əhalidən istifadə olunur. Ermənistan ordusunun büdcəsi cəmi 250 milyon dollardı. Bu da bizim ordunun büdcəsindən 15 dəfə aşağıdır. Başqa dövlət qarışmasa, Azərbaycan ordusu 3 gün müddətinə Yerevana qədər gedib çıxa bilər. Ermənistanın bizim ordunun qarşısında dura biləcək heç bir potensialı yoxdur”.

Səxavət


Müəllif: