19 İyun 2017 14:10
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkədən çıxarılmasının qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin "Qoşa Təpə" gömrük postunda İrana gedən Azərbaycan vətəndaşı Cəfərov Vidadi Feyzulla oğlunun idarə etdiyi "Toyoto Prado" markalı, 85-CE-076 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə "Heimann Cargo Vision" rentgen qurğusunda baxış keçirilib.

Baxış zamanı avtomobilin motorxanasında - akkumulyator olan hissədə fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Avtomobilə əsaslı baxış keçirilib və Cəfərov Vidadi Feyzulla oğlundan onun idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilən hər hansı bir predmetin olub-olmaması soruşulub.

O isə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən heç bir predmetin olmadığını bildirib.

Minik avtomobilinin yoxlanması zamanı avtomobilin işlək akkumulyatorunun altından gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü (yumru, külçə, kiçik ölçülü qırıntılar formasında) sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib.

Müvafiq ekspert rəyinə əsasən, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 58,28 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisindən olan külçələrdir.


Müəllif: Şəfiqə