29 Aprel 2014 13:48

AXCP-dən "Gündəlik Teleqraf"a qadağa

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) "Gündəlik Teleqraf" MMC-yə daxil olan media qurumlarına qarşı birtərəfli qaydada moratorium tətbiq edib. Partiya funksionerlərinə MMC-yə daxil olan "Gündəlik Teleqraf" qəzeti, Teleqraf.com, Publika.az və Axar.az saytlarına açıqlama verməmək tapşırılıb.

Əməkdaşlarımız AXCP funksionerlərinə zəng etdikdə "üzrlü hesab edin, biz sizə açıqlama, müsahibə verə bilmərik" cavabını alırlar. Bildirilir ki, bununla bağlı rəsmi qərar olmasa da, partiya rəhbərliyinə daxil olan şəxslər öz aralarında bu barədə razılığa gəliblər. Səbəb kimi fikirlərin təhrif edilməsi, başlıqların verilən açıqlamalara uyğun olmaması (?) göstərilir.

Teleqraf.com saytı olaraq bildiririk ki, Azərbaycandakı siyasi partiyalar arasında ayrı-seçkilik salmır, siyasətçilərlə münasibətləri jurnalistikanın Qərb standartları üzərində qururuq. Fikirləri təhrif etməmək, təhqir və böhtanlara yol verməmək, balansı qorumaq və operativlik gündəlik fəaliyyətimizin əsasını təşkil edir. AXCP və onun funksionerlərinə qarşı heç bir xüsusi münasibətimizin (antipatiya və ya simpatiya) olmadığını bəyan edərək, bildiririk ki, Azərbaycanda siyasi partiyaların fəaliyyətində sönüklüyün müşahidə edildiyi bir dövrdə AXCP rəhbərliyinin bizə qarşı "informasiya blokadası" tətbiq etməsi başadüşülən deyil. Bu, eyni zamanda özünü demokratik qüvvələrin flaqmanı, söz və mətbuat azadlığının müdafiəçisi sayan partiya üçün utancverici addımdır.

Şübhəsiz ki, jurnalist fəaliyyətimizin məhdudlaşdırılması məqsədilə tətbiq edilən, informasiya azadlığının çərçivəsini daraldan bu qadağanın ən böyük ziyanı elə AXCP-nin özünə dəyəcək.

Onu da qeyd edək ki, Əli Kərimlinin bu addımı "İnformasiya əldə etmək haqqında" Qanuna ziddir və biz gərəkirsə, məhkəmə vasitəsilə AXCP-dən informasiya alacağıq.

Ayxan


Müəllif: