1 May 2014 12:35
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ağdaş Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısına məlumat verilib ki, binanın inşasına 2012-ci ilin avqustunda başlanılıb və bu ilin aprelində başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır. Binanın interyeri zövqlə tərtib olunmuşdur. Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisində fəaliyyətini əks etdirən fotoguşələr yaradılmışdır. Fotoguşələrdə Ümummilli Liderin və Prezident İlham Əliyevin Ağdaş rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştiraklarını əks etdirən şəkillər vardır.

Azərbaycan Prezidenti otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Burada, həmçinin müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki şərait yaradılmışdır.

Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına kömək edəcəkdir. İnzibati binada sakinlərlə və yerli icra nümayəndələri ilə videokonfrans zalı vardır. Bütün bunlar icra hakimiyyətinin əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədi ilə yaradılmışdır.

Konfrans zalı da ən son texnologiyalar əsasında qurulmuşdur. Müasir standartlara cavab verən texnologiyalar əsasında qurulmuş 100 yerlik akt zalında rayon və respublika əhəmiyyətli tədbirlər keçiriləcəkdir. Yeni binada, həmçinin operativ idarəetmə mərkəzi də yaradılmışdır. Sakinlər binaya gəlmədən kənd və qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları narahat edən problemlərlə əlaqədar rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bəzi icra nümayəndəlikləri şəbəkəyə qoşulmuşdur.

Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri görülmüş, müasir işıqlandırma sistemi qurulmuşdur.
Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Səxavət


Müəllif: