7 May 2014 09:56
1 449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Firudin Cəlilov: “Azərbaycanda Kommunist Partiyası fəaliyyət göstərirsə, bu çox şey deyir”

Bu gün sabiq təhsil naziri, istiqlalçı deputat Firudin Cəlilovun doğum günüdür. Doğum günündə F.Cəlilov milli məsələlərdən danışıb, xüsusilə Krım Tatar Məclisinin lideri Mustafa Cəmiloğlunun Krıma buraxılmamasına münasibətini bildirib. Sabiq təhsil naziri Cəmiloğlunun tatar xalqının sevimli övladı, milli lideri olduğunu qeyd edib:

“Təbii ki, Mustafa Cəmiloğlunu Krıma buraxmayacaqlar. Çünki onun özü və sözü bir orduya bərabərdir. Mustafa bəy dövlət başçıları ilə görüşüb müzakirə apara, fikrini deyə bilir. Yəni Mustafa Cəmiloğlu sıradan bir adam deyil və SSRİ həbsxanalarında vaxtını bada verməyən şəxsiyyətdir. Çalışacaqlar ki, onu Krıma buraxmasınlar. Krım məsələsində Ukrayna dövləti böyük səhv etdi. Vaxtilə biz Qarabağda demoqrafiya məsələsində səhv etdiyimiz kimi ukraynalılar da bunu təkrar etdi. Kiyev tatarların Krıma qayıtmasına müəyyən hədd qoydu, maneçilik törətdi. İndi də Ukrayna dizinə döyür, çünki görürlər ki, Krımda dövlətçiliyi istəyən, Ukraynanın bütövlüyünə çalışanlar elə tatarlardır. Amma onların səhvi ucbatından tatarların sayı azdır. Çünki vaxtında Ukrayna hökumətləri burunlarından o tərəfi görməyib. İndi də analoji səhvi Gürcüstan edir. Belə ki, Cavaxetiya bölgəsinə axıska türklərini buraxmırlar. Amma sabah ermənilər Cavaxetiyanı Ermənistana birləşdirmək istəyəndə gürcülər dizlərinə döyəcəklər ki, vaxtında axıska türklərini vətənlərinə buraxardıq”.

Sabiq nazir SSRİ-nin dağılma səbəbindən və hazırda bu prosesin yenidən təkrarlanması məsələsindən də danışıb:

“Qorbaçov hakimiyyətə gələndən sonra islahatlara gedərək sovet hakimiyyətini saxlamağa çalışdı. Amma edə bilmədi. Çünki iqtisadiyyat çökmüşdü, tarixin gedişatı başqa mərhələyə daxil olmuşdu, imperiya dağılmağa doğru hərəkətdə idi. Bunun qarşısını almaq üçün Almatıda, Tiflisdə, Bakıda və Vilnüsdə qırğınlar törətdilər. Məqsəd isə imperiyanı qoruyub saxlamaq idi. İndi Rusiya təxminən buna oxşar duruma düşüb. Rusiyanın daxili, eləcə də iqtisadi problemləri var. Həmçinin mənəvi və demoqrafik problemlər mövcuddur. Daxili partlayışı kənara çıxarmaq məqsədilə belə ssenarilər oynanılır və həm də yeni ərazilər əldə olunur. İndi SSRİ-nin yenidən yaradılması haqda fikirlərə də rast gəlinir. Məncə, bu ciddi söhbət deyil. Düzdür, indi Avrasiya İttifaqı, Gömrük Birliyi kimi ideyalar səsləndirilir və bunu qurmağa çalışırlar. Amma bu baş tutan məsələ deyil”.

Son zamanlar siyasi qüvvələr arasında rusmeyllilərin olması haqda məsələni dəyərləndirən sabiq nazir deyib ki, müxalifətin içində olmadığından konkret bir söz deyə bilməz:

“Amma bildiyim qədər Azərbaycanda sol partiyalar, ələlxüsus kommunist partiyası fəaliyyət göstərir. Əgər Azərbaycanda Kommunist Partiyası fəaliyyət göstərirsə, bu, hər şey deməkdir. Yadınıza salın, bir zamanlar Azadlıq meydanında bu partiyanın üzvlük vəsiqələrini yandırır və deyirdilər ki, qoxusu da pisdir, adamın başını ağrıdır. Əgər bu gün həmin partiyanı bərpa edən qüvvələr varsa, bu ciddi faktdır”.

Sonda Firudin Cəlilov bir daha bəyan edib ki, 9 May Qələbə Gününün Azərbaycanda dövlət səviyyəsində qeyd olunmasının əleyhinədir: “Hesab edirəm ki, qeyd olunmamalıdır. Əvvəla, bu, bizim müharibə olmayıb. Burada söhbət Rusiya-Almaniya arasında hegemonluq uğrunda başlanan müharibədən gedir. Bu müharibədə milyonlarla insan qırıldı. Çox təəssüflər olsun ki, bizi də bu müharibədə iştiraka sövq etdilər. Xalqımız içində elə bir ailə yoxdur ki, bu müharibədə şəhid verməsin. Bizə aid olmayan bir müharibədə iştirak etmişiksə, onun qələbəsini qeyd etməyin heç bir mənası yoxdur”.

Cavidan


Müəllif: