7 May 2014 13:56
1 108

Bu gün müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə rəsmi səfərdə olan Xorvatiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daraqo Lovriçi qəbul edib.

Müdafiə Nazrliyindən Teleqraf.com-a verilən məlumata görə, general D.Lovriçin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, sonra Şəhidlər Xiyabanını ziyarət edərək əklil və gül dəstələri qoyublar.
General D.Lovriçin sonra Müdafiə Nazirliyində qarşılanma mərasimi keçirilib. Qonaq fəxri qarovul dəstəsinin önündən keçib və hər iki ölkənin dövlət himni səsləndirilib. Rəsmi protokola uyğun olaraq qonaq "Şərəf Kitabı"nı imzalayıb.

Sonra Azərbaycan və Xorvatiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

General-polkovnik N.Sadıkov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün tarixi, səbəbləri, müharibə nəticəsində ərazilərimizin işğal olunması faktını, doğma ocaqlarından didərgin salınmış bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızın mövcudluğu problemini qonaqların diqqətinə çatdırıb və zəbt olunan ərazilərin mütləq azad ediləcəyinə əminliyini vurğulayıb.

İki ölkə arasında hərbi, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik məsələləri, o cümlədən Qaraheybət Təlim Mərkəzində mayın 5-dən başlamış Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə keçirilən səhra təlimi də müzakirə edilib.

Görüşdə Xorvatiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Neda Nilişiç də iştirak edib.

Qeyd edək ki, Xorvatiya Silahlı Qüvvələri Baş Qərargah rəisi general D.Lovriçin ölkəmizə səfəri davam edir.

BƏXTİYAR


Müəllif: