5 Aprel 2016 00:33
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembrikin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Elmar Məmmədyarov ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyevin Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-da keçirdiyi görüşlər haqqında danışaraq, səfərin Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib. Nazir dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edib. Elmar Məmmədyarov Azərbaycanın ABŞ-in yerli ştatları ilə də əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, bu baxımdan Nevada ştatı ilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembrik ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, başçılıq etdiyi Nevada Ştat Assambleyasının da Azərbaycanla iqtisadi-ticari sahədə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirərək, bu baxımdan Assambleya üzvlərindən və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Müəllif: