12 May 2016 11:24
271

Fransa yerli icmalarının işğal olunmuş Şuşa şəhəri ilə əlaqələrinin qurulması qanuna ziddir.

Bu barədə Azərbaycanın Dostları Assosiasiyasının sədri, fransalı deputat Jan-Fransua Manselin öz ölkəsində yerli icmaların beynəlxalq fəaliyyəti ilə bağlı Fransa daxili işlər nazirinə ünvanladığı sorğuda bildirilir.

Qeyd olunur ki, 15 dekabr 2015-ci ildə Jan-Fransua Mansel Fransa daxili işlər nazirinə yerli icmaların beynəlxalq münasibətlər zamanı əməl etməli olduqları qaydalar və qanuni şərtlərlə bağlı sorğu ünvanlamışdı. O, həmin dövrdə 3 yerli icmanın Azərbaycan ərazisi olan və Ermənistanın işğal etdiyi, nə Fransa, nə də ki, BMT tərəfindən tanınan "Dağlıq Qarabağ höküməti" ilə tərəfdaşlıq münasibətləri qurduğunu bildirərək, bunun Fransa qanunlarına zidd olduğunu xatırlatmışdı.

Manselin sorğusuna cavab olaraq, daxili işlər naziri bildirib ki, bütün yerli idarəçilik qurumlarına göndərilmiş daxili məktubda xatırladılır ki, yerli icmaların mərkəzdən idarə olunmayan hər bir müstəqil fəaliyyəti zamanı Fransanın beynəlxalq öhdəlikləri nəzərə alınmalıdır, qanunla nəzərdə tutulmamış şərtlər çərçivəsində hansısa bir xarici dövlətlə və yaxud Fransa dövlətinin tanımadığı hansısa bir qurumla saziş bağlanmamalıdır. Yerli icmalar öz xarici əməkdaşlıqları ilə bağlı məlumatları Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi yanında yaradılmış Mərkəzdən idarə olunmayan Əməkdaşlıq üzrə Dövlət Komissiyasına göndərməlidirlər. Bu daxili məktub eyni zamanda hər bir prefektdən bu informasiyaları öz departamentinin yerli icmalarına çatdırmağı tələb edir.

Amma mövcud qanunu bir daha yerli idarəçilik qurumlarına xatırladan məktubu nəzərə almayan Burq-le-Valans (Drom) icması Dağlıq Qarabağın Şuşa şəhəri ilə əlaqələr qurduğunu bəyan edib.

Daxili işlər nazirinə müraciət edən Jan Fransua Mansel bu dəfəki sorğusunda bildirir ki, bu gün Dağlıq Qarabağda durumun getdikcə gərginləşdiyi və Fransanın Minsk Qrupunun həmsədri kimi qərəzsiz şəkildə ədalətli və möhkəm sülhə nail olunması üçün təşəbbüşlər göstərməli olduğu bir zamanda bu fakt xüsusilə təəssüf doğurur və ciddi şəkildə pislənməlidir. Jan Fransua Mansel öz sorğusunda, daxili işlər nazirinin bu qanuna əməl olunmasını təmin etmək üçün hansı tədbirləri görəcəyi haqda açıqlama verməsini tələb edib. ("Trend")


Müəllif: