19 İyun 2014 13:42
1 129
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ Azadlıq Təşkilatı İraq İslam Şam Dövləti (İŞİD) deyilən terrorçu qruplaşmanın İraqda dinc əhaliyə, o cümlədən türkmənlərə, şiələrə qarşı soyqrım, kütləvi qətliam törətməsini qətiyyətlə pisləyir. Biz hesab edirik ki, bu vəhşiliklərin islamla, hansısa xoş niyyətlə heç bir əlaqəsi yoxdur”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirlər Qarabağ Azadlıq Təşkilatının (QAT) yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda qeyd olunur ki, bu gün İraqda baş verənlər bəzi Qərb dövlətlərinin İslam dünyasını zəiflətmək, parçalamaq, öz istək və maraqlarını həyata keçirmək üçün ortaya atdığı eybəcər oyundan başqa bir şey deyil: “Bin Laden və digər terrorçu qruplaşmalardan da zaman-zaman bu cür istifadə olunub. İŞİD terrorçu qruplaşmasının hərəkətlərini bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirir və onu bütün dünya, o cümlədən Azərbaycan üçün təhlükə hesab edirik. Bəzi məlumatlarda bu hərəkatda azərbaycanlıların da iştirak etdiyi bildirilir. Biz soydaşlarımızı bu qardaş qırğınında iştirak etməməyə, məkrli güclərin əlində alətə çevrilməməyə, əksinə bu bəlaya qarşı mübarizəyə qoşulmağa çağırırıq. Biz beynəlxalq təşkilatların bu məsələyə münasibətdə biganə qalmasını, qətiyyətli addımlar atmamasını pisləyirik. Biz hesab edirik ki, beynəlxalq təşkilatlar birinci növbədə BMT, İslam Əməkdaşlıq Təşkilatı təcili şəkildə qəti qərarlar qəbul etməli, kütləvi qətliamların qarşısının alınması üçün güc tətbiq etməli, həmin ərazilərə birgə hərbi qüvvələr yeritməlidir. Azərbaycan həm dövlət, həm də cəmiyyət səviyyəsində proseslərə fəal müdaxilə etməli, hərtərəfli yardım göstərməlidir”.

Səxavət


Müəllif: