11 İyul 2016 20:53
305

AVRO-2016-da reklam kampaniyası SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi 30%-a qədər yüksəlib.

Teleqraf.com-un Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində SOCAR-ın təşkilatçılığı ilə keçirilən qəbulda bildirilib.

SOCAR prezidenti Rövnəq Abdullayev, FİFA prezidenti Ciani İnfantino, digər rəsmi şəxslərlə yanaşı, futbol əfsanələri Ruud Qullit və Kristian Vierinin də iştirak və çıxış etdikləri qəbulda SOCAR Avro-2016 ilə tərəfdaşlığının yekunlarını təqdim edib.

Bildirilib ki, SOCAR son illərdə xam neftin qiymətinin aşağı düşdüyü şəraitdə belə, həyata keçirdiyi çoxşaxəli investisiya və marketinq strateqiyası nəticəsində gəlirliliyini təmin edib. Azərbaycana və Avropa ölkələrinə qoyulan sərmayələri şaquli inteqrasiya prinsipinə əsasən şaxələndirməklə şirkət öz biznesinin inkişafı və ölkənin rifahı üçün möhkəm zəmin yaradıb.

Son illərdə SOCAR xarici ölkələrdə mənfəət gətirən törəmə şirkətlər qurub, bunun da nəticəsində nəhəng transmilli şirkətlər sırasında yer tutmağa nail olub. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Avropa bazarında həyata keçirdiyi əməliyyatların davamlı olmasında maraqlıdır. AVRO-2016 kimi möhtəşəm kütləvi tədbir vasitəsilə SOCAR brendinin tanıdılması məhz bu məqsədə xidmət edib. Reklam kampaniyası nəticəsində SOCAR məhsullarının beynəlxalq bazarlarda satış həcmi, ilkin hesablamalara görə, 30%-a qədər yüksəlib.

Televiziya kanalları və canlı izləmələrdə milyardlarla müştərinin diqqəti dəfələrlə SOCAR brendinə cəlb olunmuşdur ki, bu da gələcəkdə şirkətə məxsus məhsulların bazarlara çıxarılması üçün möhkəm zəmin yaradıb. Parisdə SOCAR-ın azarkeşlər zonasına bir milyondan çox ziyarətçi daxil olub. Yalnız sosial şəbəkələrdə SOCAR-ın paylaşımlarını müxtəlif ölkələrdən olan 90 milyona yaxın istifadəçi izləyib. Marketinq sahəsində əldə edilmiş bu nailiyyətlərin yalnız SOCAR-ın Avro-2016 kimi möhtəşəm bir tədbirlə tərəfdaşlığı sayəsində mümkün olduğu vurğulanıb. Çempionatın sonunda SOCAR-ın Portuqaliya yığmasının gənc futbolçusu Renato Sançezə təqdim etdiyi “Yarışın Gənc Oyunçusu Mükafatı” ən çox diqqət cəlb edən məqamlardan biri olub.

SOCAR xarici bazarlarda biznesini inkişaf etdirmək, brendini tanıtmaq və bununla Azərbaycan xalqının mənfəətini davamlı şəkildə, təmin etməklə yanaşı, Avro-2016-nın futbol sevincini azərbaycanlı azarkeşlərə yaxınlaşdırmaq üçün də bir sıra xüsusi layihələr həyata keçirib. Bakı Olimpiya Stadionunda qurulan “Azarkeşlər zonasında” ilk dəfə olaraq, hamı üçün tam açıq formatda 5 minə yaxın futbolsevərə yarımfinal və final oyunlarında futbol bayramının sevincini birlikdə yaşamaq üçün imkan yaradılıb.

Ən gənc azarkeşlərimiz SOCAR tərəfinidən çempionatın final oyununu Parisin "Stad de Frans" stadionunda izləməyə dəvət olunublar. Əsasən öz liqalarının bombardirləri olan, Sumqayıt, Siyəzən, Gəncə, Mingeçəvir və Ağsu şəhərlərinin yetirmələri həyatlarında ilk dəfə Avropanın mərkəzində, Parisdə Avropa çempionatının final matçının həyəcanını canlı yaşayıblar. 9-13 yaşlı Bəhlul, Ümid, Sadiq, Əfqan, Jalə və Selcana bu unudulmaz anları bəxş edən SOCAR-ın prezidenti R.Abdullayev stadionda onların qarşısına çıxmış və uşaqları şəxsən salamlayıb. Avro-2016 fürsətindən istifadə edərək, SOCAR bu layihə ilə ölkəmizin bütün uşaq futbolçuları üçün stimul yaratmaq və Azərbaycan futbolunun inkişafına yeni bir təkan vermək məqsədini qarşısına qoyub. Avropadan Azərbaycana iqtisadi mənfəət gətirən SOCAR ölkəmizin gələcəyi olan uşaqların təhsil, idman və sosial inkişaf layihələrini də özünün ən vacib sərmayəsi və sosial məsuliyyətinin ən mühüm aspekti kimi görür.


Müəllif: