12 Sentyabr 2017 15:26
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürəkaçan proqnoz vermək çox çətindir. “Çelsi”nin bizim “Qarabağ” dan qat-qat güclü olduğunu nəzərə alsaq, ehtimal edirəm ki, “Qarabağ” ilk olaraq oyunu müdafiədə quracaq, amma əks hücumlar üçün imkanlar da axtaracaq.

Bu sözləri Teleqraf.com-a sabiq dövlət müşaviri, politoloq Rasim Musabəyov bu gün Londonda baş tutacaq “Qarabağ” – “Çelsi” oyunu haqda danışarkən deyib.

Onun sözlərinə görə, “Qarabağ” müdafiədə oynayıb əks-hücum imkanlarından istifadə edə bilsə, bəlkə bir top vura bilər.

Bununla belə Musabəyov deyib ki, Çempionlar Liqası kimi turnirdə “Qarabağ”ın “Çelsi” kimi komanda ilə Londonda oyuna çıxması mübahisəsiz Azərbaycan futbolunun uğurudur: “Qarabağ”ın Londonda “Çelsi” ilə oyununu dünya televiziyaları canlı yayımlayacaq. Bunun özü böyük uğurdur. Amma orada uduzsaq da, çalışmalıyıq ki, biabırçı hesab olmasın. Açığını deyim ki, “Çelsi”ni udmaq imkanlarımız inandırıcı deyil. Amma futbolda hər şey olur.Məsələn, “Lüksenburq” Parisdə Fransa milli komandası ilə heç-heçə oynayıb. Hər halda bizim qələbə qazanmaq ehtimalımız azdır. Lakin nəzərə alın ki, biz bu səviyyəyə gəlib çatmışıqsa, uşaqlar bacardıqları bütün imkanlarını ortaya qoyacaq”.

Sonda Musabəyov deyib ki, uzun illərdir ki, futbol oyunlarına azarkeşlik edir: “Mən heç vaxt oyunlarla bağlı proqnozlar verməmişəm. Hazırda azərkeşlik etdiyim iki komanda var. “Barselona” və “Qarabağ”.


Müəllif: Cavad