6 İyun 2017 12:22
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə təsir göstərməkdədir. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmazsa, neftin qiymətində daha kəskin enişlər istisna edilmir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsinin neft bazarına mümkün təsirləri barədə danışarkən bildirib.

Ekspertin sözlərinə görə, bir sıra gözləntilərin əksinə olaraq neftin qiymətində azalmalar müşahidə edilir: “Artıq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır. Qiymətin aşağı düşməsi OPEK üzv olan ölkələr arasındakı diplomatik gərginlik ilə bağlıdır.

Bu gərginliyə görə OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir. Praktik olaraq, “Qətər məsələsi” OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl etməsinin monitorinq imkanlarını xeyli məhdudlaşdırır.

Eyni zamanda gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur”.

Ekspertin fikrincə, Səudiyyə Ərəbistanın Qətəri blokadası heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb:
“Dünya bazarında neft təklifi dəyişməyib, bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var.

Körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırmaqla yanaşı hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini çətinləşdirib. Bu isə nəticədə qiymətlərin azalmasını stimuallaşdırır”.


Müəllif: Nərgiz