20 Mart 2015 18:44
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vüqar Bayramov: “Avropa TANAP-ı tam olaraq dəstəkləyir”

Araz Aslanlı: “Siyasi iradə daha qətiyyətli şəkildə ortaya qoyuldu”

Martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Trans-Anadolu qaz boru kəməri - TANAP-ın təməlinin qoyulması münasibətilə təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mərasimdə iştirak ediblər.

Azərbaycanın və Türkiyənin birgə səylərinin məhsulu olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələ 2018-ci ildə başa çatacaq. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

Təməlqoyma mərasiminə və bütövlükdə TANAP layihəsinin önəminə münasibət bildirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, TANAP layihəsinin reallaşdırılmasında Azərbaycan və Türkiyənin ortaya qoyduğu qətiyyətli addımların xüsusi rolu var. Onun sözlərinə görə, TANAP-ın çəkilməsi Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir: “Çünki bu proses başladığından indiyə qədərki mərhələdə Qərb dövlətlərinin böyük iddiaları, Rusiya və İranın manevr təşəbbüsləri olub. Layihənin hansı ölkələrdən keçməsi ilə bağlı Azərbaycan və Türkiyənin ortaya qoyduğu mövqe xüsusi əhəmiyyət kəsb edir. Bunu Bakı-Tbilisi-Ceyhan boru xəttində də xatırlamaq lazımdır. Çünki əsas qərar veriləndə Rusiya və İran buna mane olmaq istəsə də, bu barədə Azərbaycan Qərbdən tam dəstək almasa da, Amerika Birləşmiş Ştatları dəstək verib. Amma buna baxmayaraq, Azərbaycan öz iradəsini nümayiş etdirərək, Türkiyə isə maliyyə ilə bağlı riskləri üzərinə götürərək bu layihəni reallaşdırdılar. Daha sonra ”NABUCCO" ilə bağlı qərar ortaya çıxdı. İllərlə danışıldı, həm qərar qəbul edilmə mexanizminin Avropa Birliyində mürəkkəb olması, həm də müəyyən maliyyə riskləri imkan vermədi ki, həmin layihə reallaşdırılsın. Ona görə də Azərbaycan və Türkiyə daha qətiyyətli mövqe nümayiş etdirərək TANAP-la bağlı qərar qəbul etdi. Bundan başqa, hər iki ölkənin maliyyə ilə bağlı imkanı buna şərait yaratdı, həm də siyasi iradə daha qətiyyətli şəkildə ortaya qoyuldu. Azərbaycanın “NABUCCO”nun reallaşdırılması ilə bağlı iddiaları yenə davam edir. Prezidentin Bolqarıstana səfəri zamanı bu layihə xüsusilə qeyd olundu. Hesab edirəm ki, TANAP layihəsini reallaşdırmağa başlamaqla Azərbaycan göstərdi ki, 90-cı illərdəki enerji strategiyasını davam etdirir".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, Avropa Birliyi TANAP-ı tam olaraq dəstəkləyir və TANAP-a birmənalı şəkildə öz enerji təhlükəsizliyinin formalaşması və təmin olunmasında əsas layihələrdən biri kimi baxır. Onun sözlərinə görə TANAP-ı yalnız region üçün deyil, eyni zamanda, Avropa Birliyi üçün əhəmiyyətli bir layihə kimi qiymətləndirmək lazımdır: “Cənub Qaz Dəhlizi"nin, eləcə də TANAP-ın reallaşması məhz Azərbaycan və ölkə Prezidentinin siyasi iradəsilə bağlıdır. Avropa Birliyi alternativ mavi qaz kəmərlərinin reallaşmasında və inşasında maraqlıdır".

V.Bayramov qeyd edib ki, Avropa Birliyi üçün enerji təhlükəsizliyi vacib elementlərdən biridir və praktik olaraq Avropa Birliyində təhlükəsizlik deyəndə enerji təhlükəsizliyi anlamına gəlir: “Bu baxımdan Avropa Birliyi alternativ mavi qaz kəmərlərinin reallaşmasında və inşasında maraqlıdır. Bir müddət öncə Bakıda keçirilən ”Cənub Qaz Dəhlizi"nin nazirlər konfransında və eyni zamanda, TANAP-ın təməlqoyma mərasimində Avropa Birliyinin təmsil olunması, Avropa Komissiyasının vitse-prezidentinin iştirakı və çıxışı, hər iki tədbirin, eləcə də təməlqoyma mərasiminin Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Avropa TANAP-ı tam olaraq dəstəkləyir və TANAP-a birmənalı şəkildə öz enerji təhlükəsizliyinin formalaşması və təmin olunmasında əsas layihələrdən biri kimi baxır. Təbii ki, layihə Azərbaycandan başlayır və bildiyiniz kimi “Cənub Qaz Dəhlizi”nin və eləcə də TANAP-ın reallaşması ilə bağlı Azərbaycan və eləcə də ölkə Prezidentinin siyasi iradəsi var. Bu gün neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycanın praktik olaraq heç bir regional layihənin maliyyələşdirməsini dayandırmaması da məhz ölkə Prezidentinin siyasi iradəsilə bağlıdır. Çünki Prezident birmənalı şəkildə Azərbaycanın imza atdığı və eyni zamanda, maliyyələşdirməsi və inşası ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirəcəyini bəyan edib və bu baxımdan TANAP layihəsi Azərbaycandan başlamaqla digər qonşu ölkələrin də cəlb olunduğu, o cümlədən Gürcüstan və Türkiyənin də cəlb olunduğu bir layihədir".

Səxavət HƏMİD


Müəllif: